Əli Əhmədov: “Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir.”

0

“İnsanı valideynləri ilə yanaşı, həyata hazırlayan ikinci şəxs müəllimdir. Onun dövlətə, vətənə xidmətində valideynlərlə yanaşı müəllim və məktəblərin rolu böyükdür”. Millixəbər.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Müəllimlərin XV Qurultayında çıxış edərkən deyib.

O bildirib ki, müəllimlər insanın, dövlətin, cəmiyyətin inkişafında böyük vəzifə yerinə yetirirlər: “Azərbaycan müəllimləri bu işin öhdəsindən layiqincə gəlirlər. Azərbaycanda məktəbin inkişafı müəllimlərin daha yaxşı təhsil verməsi üçün lazımi işlər görülməkdədir. Dövlətin siyasəti və Prezidentin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymətin verilməsi başlıca xətti təşkil edir”.

Təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atıldığını deyən Baş nazirin müavini söyləyib ki, müəllimlərin sosial həyat səviyyəsinin, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır: “İnanıram ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşması istiqamətində atılan ən cəsarətli addımdır. Əsası qoyulan bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq. Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir. Gələcəkdə təhsil sahəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsinin aparılması, təhsilin inkişafının yeni mərhələsində müasir çağırışlara daha yaxşı cavab verməsi üçün əhəmiyyətlidir”.

Ə.Əhmədov deyib ki, zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur: “Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabət qabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabət mübarizəsində təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran ölkələr qalib çıxacaq. Təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabət qabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir. Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir. Yüksək təhsilli biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən 3 dəfə çox əmək haqqı alırlar. Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində, onların təhsilli olması böyük əhəmiyyət kəsb edir”.

Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibliyini qeyd edən Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda təhsilli insanların öz bacarığını nümayiş etdirməsi 60 faiz civarındadır: “İnkişaf etmiş ölkələrdə isə bu 80 faizdən yuxarıdır. Məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir. Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsini vacib hesab edirəm. Bu, həm Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, həm də təhsilə qoyulan vəsaitinin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyiin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik”.

Ə.Əhmədov hesab edir ki, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır: “Təəssüflə bildirirəm ki, bu sahədə neqativ halları tam aradan qaldıra bilməmişik. Hələ də təhsil sahəsində neqativ hallar var. Azərbaycan cəmiyyəti bunu görür, Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Qarşımızda vəzifələr çoxdur. Daha ciddi addımların atılmasına ehtiyac var”.(Sia.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × two =