10 manat ver, poliklinikada xəstə uşağa “sağlamdır” sənədi al – JURNALİSTİN GÖRDÜKLƏRİ

0

Baş pediatr: “Deyilənlərin heç bir əsası yoxdur”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Məktəblərdə şagirdlərə tibbi xidmət pulsuzdur”

 

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması nəzərdə tutulur.

 

Dövlət Proqramının 2.2.4-cü bəndində göstərilib ki,uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması həyata keçirilməlidir.

 

Və təəssüf ki, qəbul edilən bu proqram da bir çox sənədlər kimi kağız üzərində çox cəlbedici görünür. Bu səbəbdəndir ki, orta məktəblərin bir çoxunda şagirdlərə verilən icbari dispanserizasiya vərəqi poliklinika həkimləri tərəfindən formal olaraq “sağlamdır” şəklində doldurulur.

 

Həkimlər poliklinikalara müraciət edən valideynlərə “5-10 manat” kimi baxırlar.

 

Bir neçə gün əvvəl 39 dərəcə hərarətlə evdə qoyub getdiyim uşaq barədə həkimə məlumat verməyimə baxmayaraq, “10 manat ver yazım verim” deməsi isə yalnız həkimliyin deyil, insanlığın dəfn olunmasına bərabər oldu. Valideyn olaraq, “sənin uşağının ağrıyan, şikayət edən yeri varmı?” deyə soruşan da olmadı.

 

Əksinə “2 uşaq üçün 20 manatdır, sən 15 manat ver, vərəqi yazım verim” deyə həkimlə 2 uşaq üçün “sağlamdır” arayışı üçün sonda 10 manata “razılaşdıq”.

 

İnanıram ki, yazını oxuyub “10 manat nə puldur?” deyənlər də olacaq. Amma söhbət indiki dövrdə böyük məbləğ sayılmayan 10 manatdan yox, həkimlərin uşaqların sağlamlığı ilə alver etməsindən gedir. Konkret ünvan soruşanlara isə ünvan olaraq bütün poliklinikaları göstərə bilərəm!

 

 

Amma nədənsə respublikanın baş pediatrı Nəsib Quliyev Modern.az-a deyilənlərin sanki başqa bir ölkədə baş verdiyini eşidirmiş kimi məsələyə öz prizmasından aydınlıq gətirib:

 

“Poliklinikadakı həkimlər 5-10 manatı hansı əsasla istəyə bilərlər ki? İcbari dispanserizasiya ilə bağlı vərəqə yazıldıqdan sonra poliklinikada qalmalıdır. Vərəqənin məktəbə təqdim olunması məsələsi artıq bir neçə ildir ki, dayandırılıb. İndi yoxlamalar Səhiyyə Nazirliyinin nəzarətilə məktəblərin özündə aparılır.

 

Uşaqlar əsgərlik yaşına- 9-11-ci sinifə çatanda poliklinikada müayinə edirlər. Aşağı siniflərin şagirdləri isə nazirlik tərəfindən məktəblərə briqada şəklində göndərilmiş həkimlər tərəfindən yoxlanılır. Valideynin poliklinikalara gəlməsi-getməsi söhbəti yoxdur. Mən özüm də məktəblərdə olmuşam. Poliklinikalardan məktəblərə təhkim olunmuş həkimlər briqada şəklində sinif-sinif uşaqları müayinə edir”.

 

Baş pediatra buna riayət edilmədiyini xatırlatdıqda, deyilənlərlə qəti şəildə razılaşmayıb:

 

“Uşaqların icbari dispanserizasiyası poliklinikalarda yox, orta məktəblərdə aparılır. Deyilənlərin heç bir əsası yoxdur”.

 

 

Məktəblərdə uşaqların icbari dispanserizasiyasının hansı şəkildə keçirilməsilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Modern.az-ın sorğusuna cavab olaraq aşağıdakıları bildiriblər:

 

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və digər bu kimi halların azaldılmasından ibarətdir”.

 

Rəsmi məlumata görə, “Təhsil haqqında” Qanuna əsasən, məktəblərdə şagirdlərə tibbi xidmət pulsuz göstərilir:

 

“Ümumi təhsil müəssisələrində tibb xidməti  Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir.

 

Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq tibb otağı ayrılıb. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir.

 

Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalarla sıx əlaqəli işləyir”.

 

Rəsmi məlumata nəzər yetirdikdə, orada orta məktəblərdəki tibb müəssisələrində icbari dispanzerizasiyanın həyata keçirilməsi üçün briqadalarla təchiz edilməsinin əks olunmadığı aydın görünür:

 

 “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib, pedaqoji kollektivə şagirdlərin səhhəti ilə bağlı məsələlərdə daha diqqətli olmaları tövsiyə edilib. Şagirdlər hər gün məktəbə daxil olarkən ümumi baxış keçirilir.

 

Vaxtaşırı olaraq, məktəblərdə tibbi-gigiyenik maarifləndirici görüşlər təşkil olunur, şagirdlər və valideynlərin məlumatlandırılması işləri yerinə yetirilir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × 2 =