101 illik tarixə malik Azərbaycan ORDUSU+FOTOLAR

0

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Millixəbər.az xəbər verir ki, təməli 1918-ci ildə qurulmuş Azərbaycan ordusu artıq 101 illik tarixə malikdir.

28 may 1918-ci il tarixində yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər gördü. Həmin işlərdən biri də ordu quruculuğu sahəsində görülən əsaslı tədbir — “Əlahiddə Azərbaycan Korpusu”nun yaradılması idi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” (rus. “Дикая дивизия”) adlanan, keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi — 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı.

Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək bacarıq göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti taborlarında xidmət edirdilər.

Məqsəd aydın idi: azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siya- sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən az müddətsonra – 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.

C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.

Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.

Ordu quruculuğuna yalnız 1993-cü ildə – Ulu Öndərimiz Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Tarixi varislik ənənəsinə əldə rəhbər tutan Ulu Öndərimiz Azərbaycan Respublikasının Prezidenti kimi imzaladığı 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.

Ordu quruculuğuna xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.

Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Ulu Öndərimizin layiqli davamçısı olan cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.

2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Ötən il isə Ordumuzun və eyni zamanda, Bakının bolşevik-daşnak terrorçularının azad olunmasının 100 illiyinə həsr olunan paradlar keçirildi.

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi.

2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin saysız-hesabsız hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu.

Azərbaycan Ordusunun daha bir uğurundan danışmaq yerinə düşər. Ötən il Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir. Bir sözlə, 101 illik tarixi olan Azərbaycan Ordusu tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək. Ordumuz buna qadirdir.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen + 12 =