“15-17 YAŞLI QIZLAR QUCAĞINDA KÖRPƏSİ İLƏ KÜÇƏLƏRDƏ QALIR”

0
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq. Söhbət fiziki məişət zorakılığından gedir.
Bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi qruplarının iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib.
S. Qəhrəmanovanın sözlərinə görə, cinsi ayrı-seçkiliklə bağlı məsuliyyətə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulsa da, bununla bağlı mexanizm yoxdur:
“İnsan alverinə qarşı mübarizə ilə əlaqədar iki dəfə Milli Proqram qəbul olunub, ancaq hələ də bu istiqamətdə işlər görülməlidir. Azərbaycanda il ərzində qeydə alınan məişət zorakılığı insan alveri hallarından 8-9 dəfə çoxdur. Məişət zorakılığı haqqında Milli Fəaliyyət Proqramının hazırlanmasına və qəbul edilməsinə ehtiyac var. Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlarla bağlı da çatışmazlıq var. Yeddi QHT tərəfindən belə sığınacaqlar yaradılsa da, yetərli deyil. Bu sahədə maddi problemlər var”.
Dövlət Komitəsi sədrinin müavini bildirib ki, qız uşaqlarının erkən yaşda ərə verilməsi təhsildən yayınma, reproduktiv sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur:
“Bu istiqamətdə görülən işlər öz səmərəsini verir. İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir. Bu qədər uşaq dünyaya göz açırsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq hansı sayda günahkarlar məsuliyyətə cəlb edilir? Bu sahədə hüquq-mühafizə orqanları ilə bərabər digər icra strukturları da qanunvericiliyi pozan insanların məsuliyyətə cəlb olunmasında aktıv iştirak etməlidir. Yerli orqanlar da bu sahədə problemlərə həssaslıqlarını artırmalıdırlar”.
Məişət zorakılığının kifayət qədər aktual mövzu olduğunu deyən Qadın Kondensus Mərkəzinin sədri,
Millixəbər.az xəbər verir ki, “Gündəlik teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı isə “Şərq”ə açıqlamasında deyib ki, 15-17 yaşlı qızların 3 minə yaxın uşaq dünyaya gətirməsi kifayət qədər narahatedici məqamdır.
Azərbaycanda qadınlar üçün nigah yaşının 18 yaş olduğunu vurğulayan Aynur xanımın sözlərinə görə, 15-17 yaşlı qızların uşaq dünyaya gətirməsi artıq onların nigahsız ailə qurması problemini üzə çıxarır. Bu isə artıq gənc anaların hüquqsuz olması deməkdir. Belə ailələrdə hər hansı bir problem yaşanan kimi bütün qapıları həmin qadınların üzünə bağlamaq daha asan olur. Nəticədə də qucağında körpəsi ilə 15-17 yaşlı qızlar küçələrdə qalır.
Erkən nikah probleminin, az və çox, bütün bölgələr üçün xarakterik olduğunu qeyd edən A. Camalqızı deyib ki, 15 yaşlı qızların ailə qurması qanunvericiliyə zidd olduğu üçün müvafiq icra və hüquq mühafizə orqanları bu istiqamətdəki fəaliyyətlərini genişləndirməli və inzibati yollarla erkən nigahların qarşısını almalıdırlar.
Amma ailələrə bu cür müdaxilələr mentalitetimizə zidd olduğu üçün aidiyyatı qurumlar 15-16 yaşlı qızların evləndirilməsinə göz yumurlar. Hansı ki, bu sahədəki qanunları sərtləşdirmək lazımdır.
Profilaktik tədbirlər və maarifləndirmə yolu ilə də problemin qarşısını almaq olur. Ən əsası isə uşağını təhsildən yayındıran valideynlər cərimələnməlidir. Hər bir valideynə qız övladlarına təhsil verməyin önəmi aşılanmalıdır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 4 =