Firəngiz Rüstəmova daha çox rast gəlinən QADIN XƏSTƏLİKLƏRİNDƏN DANIŞDI+FOTOLAR

0

Millixəbər.az saytının sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi mama-ginekoloq Firəngiz Rüstəmova.

Qadın sağlamlığı dedikdə nə nəzərdə tutulur?

– Qadın sağlamlığı çox geniş bir anlamdır. Belə ki, qadın sağlamlığı deyildikdə yalnız qadın cinsiyyət sferasındakı xəstəliklər deyil, ümumi bədənin-qan xəstəlikləri, böyrək və sidikçıxarıcı yolların, sistem xəstəlikləri, endokrin xəstəlikləri və s. dolayı yolla qadın cisiyyət sferasında da normadan kənar hallar və tsikl pozuntuları, hamiləlik, fəsadlı hamiləlik, hətta sonsuzluq problemlərinə səbəb ola bilər. Amma təcrübə və müşahidələr göstərir ki, xanımlar ginekoloqa requlyar olaraq müraciət etmirlər və ya hansı problemlər yarandıqda müraciət etmələrini bilmirlər.

Bəs Qadın sağlamlığına xəstəliklərdən əlavə hansısa bir kənar təsirin olması da mümkündürmü?

-Əlbəttə. Məsələn: stress, yuxusuzluq, zərərli adətlər, depressiyalar, ağır fiziki iş və digər səbəblər menstrual tsikl pozuntularına gətirib çıxara bilər.

Bayaq dediniz ki, bəlkə də qadınlar bilmirlər nə zaman ginekoloqa müraciət edə bilər. Aydınlaşdıra bilərsizmi hamiləlik və kəskin xəstəliklər olmadan da həkimə müraciət etməyin hansı səbəbləri ola bilər?

– Məsələn- ağrılı və gur menstruasiyalar, süd vəzlərində tsikliki ağrılar, kontakt qanaxmalar, yetkinlik yaşında olan və özünü praktik sağlam olaraq hiss edən, ərdə olmasına baxmayaraq, lakin bir il müddətində hamilə qalmamağın özü belə həkimə müraciət etməyə səbəbdir.
Qadın nə qədər vaxtdan bir ginekoloqa müraciət etməlidir?

-Əgər heç bir şikayəti yoxdursa ildə bir dəfə və yaşından asılı olmayaraq. Əgər artıq hər hansı problem vardırsa o zaman ildə iki dəfə.

Hansı xəstəliklər ildə ən azı iki dəfə müayinə olunmalıdır?

– Uşaqlığın mioması, genital endometrioz, uşaqlıq boynunun eroziyası və ya ektopiyası kimi xəstəliklər aşkar olunan qadınlar requlyar olaraq ginekoloq müayinəsində olmalıdır.

Uşaqlığın miomasından söz açmışkən doktor bu cür problemi olan xanımlar mütləq əməliyyat olnmalıdırmı, onlar hamilə qala bilirlərmi?

Əgər qadında uşaqlığın mioması varsa bu o demək deyil ki, həkimin seçimi mütləq cərrahi əməliyyat olunmalıdır. Ölçüsü 3-4 sm böyük olmayan, miomanın sayına və yerləşməsinə görə hamiləliyin baş verməsinə, gedişatına və doğuşa maneçiliyi olmaya bilər. Əməliyyat isə ölçüsü 4 sm-dən artıq, submukoz və dopplerometriya zamanı qan damarları ilə zəngin olan, qanaxmalarla müşayiət olunan və il ərzində nəzərə çarpacaq dərəcədə inkişaf edən miomatoz düyünlər zamanı məsləhət görülür.

Ən sıx rast gəlinən qadın xəstəlikləri hansılardır?

–Daha çox rast gəlinən qadın xəstəliklərindən iltihabi xəstəlikləri, uşaqlıq qanaxmalarını, süd vəzi xəstəliklərini göstərmək olar. Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri kliniki ginekologiyada daha aktual problemlərdən olub reproduktiv funksiyanın və əmək qabiliyyətinin pozulmasına səbəb ola bilir.
Belə ki, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri 25-70% hallarda sonsuzluğa və digər qadınlarla müqayisədə 5 dəfə artıq boru hamiləliyinə səbəb olur. Belə iltihabi xəstəliklərdə xlamidiya, qonorreya, kiçik çanaq orqanlarının vərəmi kimi xəstəliklərini göstərmək olar. Süni abortlar həm süd vəzi problemlərinin, həm də kiçik çanaqda digər xəstəliklərin yaranmasında rol oynayır. Ona görə də ginekoloqunuzla məsləhətləşərək hər hansı uyğun bir kontraseptiv vasitə seçmək daha məqsədəuyğundur.

Ultrasəs müayinəsinin qadın xəstəlikləri zamanı düzgün diaqnozun qoyulmasında hər hansı bir yardımı varmı?

Əlbəttə. USM həm ziyansızdır, əlçatandır, həm də diaqnozun dəqiqləşdirilməsində həkimə və pasiyentə yardım edən müayinə üsullarından biridir.
Məsələn: süd vəzinin bəd xassəli xəstəliklərinin daha erkən aşkarlanmasında USM və onun dopplerometriya, elastoqrafiya funksiyaları vasitəsilə diaqnozun dəqiqləşdirilməsi mümkündür (burada lazımi qan müayinələri də nəzərə alınmalıdır). Bu isə xəstəliyin gedişatının düzgün kontrolu, müalicəsinin və sağalmasının isə 94%-ə qədər yüksəlməsi deməkdir. Xanımlara onu da demək istəyərdim ki, 35 yaşdan yuxarı olanlar onkoloji xəstəliklərin pofilaktikası məqsədilə süd vəzlərinin müayinəsi tövsiyyə edilir.
Ən çox yayılan qadın xəstəliklərindən olan uşaqlıq boynu xərçənginin diqqətdə saxlanılması məqsədilə 30 yaşdan yuxarı xanımlar hər 3 ildən bir sitoloji skrininq edilməlidir.
Kolposkopiya, sitoloji və molekulyar-bioloji tədqiqatlar göstərir ki, uşaqlıq boynunun xərçəngönü xəstəliklərindən olan ektopiyanın (u/b eroziyası) yaranmasında ən başlıca səbəb insan papillomavirusudur.

Bəzi xəstəliklər vardır ki, müəyyən bir xəstəlik fonunda qadınlarda bir çox nəzərə çarpan şikayətlər olur və əsas xəstəlik kölgədə qalır. O xəstəliklrdən biri də HİPOTİREOZDUR. Məsələn qalxanvari vəzin funksiyasının azalması qadının reproduktiv sisteminə təsir edir:amenoreya, oliqoopsomenoreya, hiperprolaktinemiya, qalaktoreya, bədən çəkisinin artması kimi dəyişikliklər yaradır. Bu isə öz növbəsində sonsuzluğa gətirib çıxarır. Əgər qadınlar hipotiteozun aşağıda göstərilən kliniki əlamətlərin bir neçəsini özlərində hiss edirlərsə mütləq həkimə müraciət etməlidirlər.
Hipotireozun kliniki şəkli:

– Yuxululuq.
– Tormozlanma .
– Yaddaşın pisləşməsi.
– Paresteziyalar (əldə, ayaqda, dildə və s. uyuşma, qarışqa gəzmək hissi kimi şikayətlər).
– Depressiv vəziyyət.
– Əzələ ağrıları.
– Təngnəfəslik.
– Fiziki gərginliyin pis təsir etməsi.
– Kardialgiyalar.
– Saçların tez sınması, saçların və qaşların tökülməsi.
– Dərinin solğun və sarıya çalması.
– Üzün ödemli olması.
– Bəzən ətrafların ödemli olması .
– Üz cizgizlərinin kobudlaşması.
– Dodaqların və dilin böyüməsi.
– Xorultu.
– İştahanın azalması.
– Meteorizm.
– Qəbizlik.
– Ürəkbulanma.
– Qanaxmaya meyillik.
– Sonsuzluq.
– Libidonun enməsi.
-Menstrual tsiklin oliqoopsomenoreya və ya amenoreya tipli pozulması.
– Artralgiya.
– Bədən çəkisinin artması.
– Üşümək.
Fiziki əlamətləri isə aşağıdakılardır:
-Dəridə quruluq.
-Bradifreniya (düşüncənin zəifləməsi).
-Sinir əzələ reflekslərinin zəifləməsi.
-Polineyropatiya.
-Deliriy (ağılsızlıq).
-Taxikardiya ilə müşayiət edilən panik atak.
-Bradikardiya.
-Kardiomeqaliya.
-Hidroperikard.
-Ürək çatmamazlığı.
-Hipotoniya.
-Hepatomeqaliya.
-Qalaktoreya.
-Hiperprolaktinemik hipoqonadizm.
-Yumurtalıqların ikincili polikistozu.
-Piylənmə.
– Hipotermiya.
Qalxanabənzər vəzi xəstəlikləri qadınların reproduktiv yaş dövründə ən çox yayılmış endokrin patologiyadır. Sonsuzluqdan əziyyət çəkən qadınların 2-34%-də qalxanabənzər vəzin funksiyasının azalması diaqnozu təsdiq olunmuşdur.
İşlədiyim illər ərzində gördüyüm reallıqlardan biri odur ki, vaxtında həkimə müracət edən pasiyentlər daha tez sağalmış və istər reproduktiv, istərsə də iş qabiliyyətini saxlaya bilmişlər. Ona görə də tövsiyə edərdim ki, özünüzə qarşı diqqətli olun və vaxtında qadın həkiminizə müraciət edin.
Sağlam qadın sağlam nəsil, sağlam ailə və gözəllik deməkdir!

Ailəhəkimi klinikasının mama-ginekoloqu Firəngiz Rüstəmova.


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

12 + 5 =