Abituriyentləri repetitor yanına getməyə məcbur edən SƏBƏBLƏR -ARAŞDIRMA

0

Xəbər verildiyi kimi ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Bununla da 2018/2019-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanları sona çatıb. Ümumi qəbul imtahanları zamanı apardığımız sorğunun nəticələrindən məlum olub ki, ali məktəbə qəbul olmaq üçün sənəd verən abituriyentlərin 90 faizindən çoxu repetitor yanında hazırlaşıb. Bəs görəsən ali məktəbə daxil olmaq üçün repetitor yanına getmək mütləqdirmi. Abituriyentləri repetitor yanına getməyə məcbur edən səbəblər nədən ibarətdir?

“Müəllimlərin diaqnostik qiymətləndirməsi statistik rəqəmlərə təsirini göstərə bilmir”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən təhsil eksperti Etibar Əliyev bildirib ki, müəllimlərin bilikləri ilə bağlı Təhsil Nazirliyi tərəfindən son 5 ildə diqanostik qiymətləndirilmə aparılsa da, görünür bu istiqamətdə aparılan işlər statistik rəqəmlərə təsirini göstərə bilməyir.

Onun sözlərinə görə, bu, hamını düşündürməli, gələcəkdə müəllimlərin biliklərinin qiymətləndirilməsi, müəllim seçiminin imtahan vasitəsilə həyata keçirilməsi, yeni nəsil dərsliklərin yazılması ilə bağlı işlər həyata keçirilməlidir ki, yuxarıda sadalanan rəqəmlərin səviyyəsi aşağı düşsün: “Məktəblərdə davamiyyət yüksəldilməli, fənnini bilməyən müəllimlər kənarlaşdırılmalıdır. Müəllim hazırlayan ali təhsil məktəblərində təhsilin keyfiyyəti ciddi nəzarətə götürülməli, monitorinq aparılmalıdır”.

“Hər bir müəllim öz fənninin yüksək səviyyədə tədrisini məktəbdə həyata keçirməlidir”

Məktəb şagirdlərinin repetitorlara müraciət etməsinin əsas səbəbini məktəblərdə görən E.Əliyev söyləyib ki, məktəb müəllimi konkret olaraq öz fənninin yüksək səviyyədə tədrisini məktəbdə həyata keçirməlidir: “Birincisi repetitor təhsili uşaqları məktəbdən yayındırır, ikincisi əlavə böyük xərcdir ki, bu da valideynlərin büdcəsinə ziyandır, üçüncüsu isə müəllimlər məktəb tədrisinə könülsüz yanaşırlar. Bir çox ölkələrdə bunun qarşısı məktəbdə əlavə dərslərin çox az ödənişlə həyata keçirilməsi ilə alınır. Elə ölkələr var ki, şagirdlər gününün 8-10 saatını məktəbdə keçirirlər ki, proqramları mənimsənilsin. Repetitorlar proqramın mənimsənilməsində heç bir rol oynamırlar. Sadəcə uşaqları test tapşırıqlarına uyğunlaşırıb, ötən illərdəki nəticələrlə müqyisələr əsasında hazırlıq keçirlər.

“Əgər məktəb proqramı yüksək səviyyədə şagirdə mənimsədə bilsə, o zaman repetitora ehtiyac qalmaz”

Ekspet qeyd edib ki, rəsmi statistikaya əsasən məzunlar məktəb proqramını 48-70%-ni mənimsəmirlər: “Proqramın mənimsənilməsini məhz məktəb həyata keçirməlidir: “Qəbul imtahanlarında aşağı nəticənin göstərilməsi elə bununla bağlıdır. Əgər məktəb proqramı yüksək səviyyədə şagirdə mənimsədə bilsə, o zaman imtahanlarda yüksək nəticə əldə etmək mümkündür. Bu da orta məktəb müəllimlərinin vəzifə borcuna daxildir. Bu gün müəllimlərdən keyfiyyətli dərs tələb olunmalıdır. Burada məktəb idarəçiliyi də təkmilləşməlidir. Əgər məktəblərdə bütün hallarda davamiyyətin 100 faiz həyata keçirilməsi ilə bağlı qarşıya məqsəd qoyulsa, o zaman məktəblilər çox az hallarda repititora müraciət edə bilərlər”.

E. Əliyev əlavə edib ki, əgər məktəbin şagirdə verdiyi təhsil sənədi kamal attestatıdırsa, o zaman mütləq şəkildə hər bir şagird yazmağı, oxumağı, hesablamağı, öz fikirlərini bildirməyi bacarmalıdır: “Məktəb cəmiyyətə belə məzunlar verməlidir. Bu baxımdan məktəb idarəetməsində, məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında, dərsliklərin yenidən yazılması istiqamətində ciddi işlər görülməlidir”.

“Məktəblər şagirdləri elə hazırlamalıdır ki, onların əlavə kurslara ehtiyacı olmasın”

Təhsil-eksperti Əjdər Ağayev isə deyib ki, diaqnostik qiymətləndirmə müəllimlərin inkişafına müsbət təsir göstərsə də, onların peşəkarlığına təsir etmir: “Çünki, peşəkarlıq sistemli yanaşma tələb edir. Peşəkarlığın sosioloji, psixoloji, metodiki, pedaqoji, iqtisadi, mənəvi tərəfləri var. Amma diaqnostik imtahanda əsas məqsəd qiymətləndirmədən keçən müəllimlərin maaşının artırılmasıdır. Müəllimlərin maaşının artması onların sosial vəziyyəti yaxşılaşır, eyni zamanda da ona olan etibara inama görə öz işini səmərəli qurmağa çalışır.

Ekspertin sözlərinə görə, məktəblər şagirdləri proqramlar, pedaqoji tələblər üzrə elə hazırlamalıdır ki, onların əlavə kurslara ehtiyacı olmasın: “Əgər şagird məktəbdən kənarda kömək axtarırsa, demək həmin məktəbin səviyyəsi aşağıdır. Biz ilk növbədə belə ümumtəhsil məktəblərin təlim-tədris səviyyəsini qaldırılmalıyıq. Təhsillə bağlı kurslar şagirdlərin dərsə olan davamiyyətinə də mənfi təsir göstərir. Bu gün 9-10-11-ci siniflərdə təhsil alan şagirdlər əlavə hazırlıq kurslarına getdikləri üçün dərsdən yayınırlar. Müəyyən məktəblər var ki, orada yuxarı siniflərdə 30 uşaq təhsil alır, amma cəmi 5 nəfəri dərsə davamiyyətlidir. Şagirdlərin əlavə kurslara getməsi, bizdə bir növ dəb halını alıb. Əgər biri kursa gedirsə, o birinin də valideyni uşağını kursa meylləndirir. Belə hallar məktəbin səviyyəsini daha da endirir. Çox təəssüf ki, bizdə fəaliyyət göstərən bəzi məktəblərin direktorları belə hallardan qazanc əldə edirlər. Belə ki, onlar həmin şagirdlərdən pul almaqla, dərsdən yayınma hallarına göz yumurlar. Bütün bunlar təhsilin, təlimin keyfiyyətinə, uşaqların vətəndaş kimi formalaşmasına ziyan vurur. Yalnız məktəbi bitirən abituriyentlər müstəqil şəkildə repetitor, eləcə də müxtəlif kurslara gedə bilər. Lakin məktəbliləri məktəb özü hazırlamalıdır”.

“Dövlət məktəblərində təmənnasız məşğələlər keçirilməlidir”

Ə.Ağayev əlavə edib ki, Azərbaycan təhsilinin zəngin təcrübəsi var: “Məktəblərin tələblərindən biri odur ki, təhsil səviyyəsi zəif olan uşaqlar dərsdən sonra saxlanmalı, onlara dövlət məktəblərində təmənnasız məşğələlər keçirilməlidir. Amma bu gün ən yaxşı məktəblərdə saat 13:30-a qədər dərs, saat 16:00-dan 20:00-dək pullu məşğələlər keçirilir. Bu uşaqların həddindən artıq yüklənməsinə və nəticə etibarı ilə zəifləməsinə gətirib çıxarır. Dövlət məktəbindən repetitor binası kimi istifadə etmək olmaz ”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three − two =