Aida Kahveci : “Ölkəmin insanlarını daha çox sevdim, xalqımın nəcib ənənələrinə  bir daha vuruldum…”+ FOTOLAR 

0

Dünyada hələ də öz hökmranlığını davam etdirən Covid 19  pandemiyasının insanlara qənim kəsildiyi bir dövrdəyik. Dünya gündəmini zəbt edən Covid 19 KİV-nin birbaşa diqqətindədir və ən müxtəlif  sferanın nümayəndələrinin mövcud durumla bağlı fikirlərini ictimaiyyətə çatdırır. Pandemiya ilə mübarizə dönəmində  “Vətəndaş  cəmiyyəti institutlarının  yeri  və  rolu” mövzusunda Millxəbər.az saytı müsahibələrini davam etdirir.  Bu qəbildən Azərbaycanda Qadın Sahibkarların İnkişafı Asossasiyasının (AQSİA) üzvü, “Mədəni irsin qorunması inkişafı və təbliği” İctimai Birliyinin  rəhbəri, KAHVEÇİ+ şirkətinin direktoru, KİSSAN parketin dizayneri Aida KAHVECİ  ilə  sosial, iqtisadi, ictimai əhəmiyyətli müsahibəni oxucularımıza təqdim edirik.

– Bildiyimiz kimi, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi bir çox sektorun fəaliyyətinə təsir etdi. Bir sahibkar olaraq vəziyyəti necə dəyərləndirirsiniz? Çalışdığınız sahədəki müşahidələriniz nədən ibarətdir? 

– Öncə qeyd etmək istərdim ki, şirkətimizin əlli ilə yaxın bir keçmişi var. Və yarandığı dövrdən bu günə kimi həmişə yardımlaşma  aksiyalarında iştirak edib. Bu fəaliyyətin 25 ili  Azərbaycanda gerçəkləşib.  Amma şitkət olaraq biz bunu reklam etməyə ehtiyac görməmişik. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma bu gün fərqli bir mühitdə, tarixin fərqli bir mərhələsində yaşayırıq. Sosial mühit qaçılmazdır. İstəsək də, istəməsək də sosiallaşma həyatımızın bir parçasıdır: sosial şəbəkələr, sosial media və s. Yardım aksiyalarının sosial şəbəkələrdə və mediada yayımlanması əslində cəmiyyətin hər bir üzvünə  mesajdır, insanlara bir örnəkdir. Nə xoş bizə ki, belə çətin günlərdə insanlara yardım edib az da olsa, onlara sevinc bəxş edə bildik. Biz xalq olaraq humanistik, güclüyük. Gücümüz isə bir olmağımızdadır. Bu pandemiya bəlasından  üzüağ çıxacağımıza inanıram. Karantin rejimində  dövlət-vətəndaş cəmiyyəti vəhdəti, insanlarımızın bir-birinə olan dəstəyi mənə belə deməyə əsas verir. Yeri gəlmişkən, pandemiya ilə mübarizə dönəmində vətəndaş cəmiyyətinin, QHT sektorunun nümayəndələrinin fəallığı, onlarn dövlətə və dövlətçiliyə verdiyi dəstək təqdirə layiqdir. 

 O ki qaldı,  xüsusi karantin rejiminin istehsala, sahibkarlara təsirinə, əlbəttə, bu bizim istehsala da təsirsiz ötüşmədi.  Doğru, biz istehsalçı sektor olduğumuz üçün fəaliyyətimizə icazə verilmişdi. Amma tətbiq olunmuş müəyyən qadağalar, məlum vəziyyət insanlara alış-veriş etməyə o qədər də imkan vermirdi.  Bu günlərdə  parket  satışında yüksək dinamika heç hiss olunmadı. Əlbəttə, bunun obyektiv səbəbləri var və biz hamımız bu səbəbləri gözəl bilirik, vəziyyəti anlayırıq. Qeyd etdiyim kimi, biz inşaat malları istehsalçısıyıq, inşaat məhsullarını alıcılar özləri seçməlidir. Burda onlayn və sifarişlə satış mümkün deyil.  Daha konkret biz bu məhsulların satışını internet üzərindən edə bilmirik. Bu baxımdan, bizim sahədə çətinliklər daha çox müşahidə olundu. 

Amma mövcud durum göstərdi ki, heç bir ticarət, biznes üsulu da sığortalanmayıb. Bu baxımdan gələcəkdə internet üzərindən satış etmək barədə düşünürsünüzmü?

– Əslində biz bu barədə hələ pandemiyadan öncə də düşünürdük. Müəyyən səbəblərə görə gecikdik. Təbii ki, artıq internet üzərindən satış sistemini yaratmaq qarşıdakı planlarımızdan ən vacibidir. Bunu zaman diktə edir. Zamanla ayaqlaşmadan isə inkişafdan  söhbət gedə bilməz. Əlbəttə ki, Kahveci+ şirkətinin məqsədi inkişafdır. Deyərdim ki,  həm də inkişafa iddialıdır.  

Pandemiya dövründə hamılıqla dövlətin aztəminatlı ailələrə göstərdiyi yardımların şahidi olduq. Bir çox sahibkarlar və təşkilatlar da bu aksiyaya nəinki qoşuldular, hətta birlik, vətənpərvərlik, sözün əsl mənasında insanpərvərlik nümayiş etdirdilər.  Üzvü olduğunuz  AQSİA da bu hərəkatda çox fəal müşahidə olundu. Həmçinin sizin də AQSİA çərçivəsində gerçəkləşən yardım aksiyasında fəal iştirakınızı müşahidə etdik. Sizcə bu cür aksiyalar insanlar, gənclər, yeniyetmələr üçün nə deməkdir?

– Biz belə aksiyaları yalnız dəstəkləyə, ona təkan verə bilərik. İnsanlığa yaraşan da budur. Bilirik ki, xalqımız tarixən humanist, xeyirxah, insanpərvər xüsusiyyətləri ilə digər xalqlardan hər zaman fərqlənib. Yaşadığımız bu pandemiya imtahanında  insanların bir-birinə dəstək olması bir daha sübut etdi ki, tarixin yaddaşından süzülüb gələn xeyriyyəçilik fəlsəfəsini bu günə qədər qoruya bilmişik. Yeri gəlmişkən, bu humanist dəyərin dövlət müstəvisinə transfer olunması çox sevindiricidir.  Prezidentimizin bu ağır günlərdə xalqımıza göstərdiyi diqqət və qayğısını qürurla qeyd etmək lazımdır. Etiraf edək ki, məhz prezidentimizin uzaqgörən siyasəti nəticəsində pamdemiyanın ölkədə geniş yayılmasının  qarşısı zamanında alındı. Biz ölkə, xalq olaraq bu bəladan minimum zərərlə çıxırıq, desək yanılmaram. Və əhalinin ehtiyaclı hissəsinə, aztəminatlı ailələrə geniş miqyasda edilən yardım kompaniyalarını müşahidə etdik. Nəinki müşahidə etdik, bilavasitə könüllü iştirakçısı olduq. AQSİA-nın ətrafında birləşən xanım sahibkarlar olaraq   cənab Prezidentə bacardığımız dəstəyi verməyə çalışdıq. Nə dərəcədə nail olduq, bu başqa bir mövzudur. Amma hər zaman xalqının yanında olan Prezidentimizlə həmrəylik nümayiş etdimək belə məsuliyyətli dönəmdə hər bir vətəndaşın borcudur. Biz dövlət başçısının atdığı bütün addımları hər zaman özümüzə örnək bilirik. Bu baxımdan, biz də canla-başla yardım aksiyalarına qoşulduq. Aprel ayının əvvəlindən başlayan yardım aksiyası çərçivəsində Assosiasiya tərəfindən yüzlərlə, minlərlə aztəminatlı ailələrə ərzaq paketləri,  maddi vəsait göndərildi. Bir çox hallarda həmin ailələrə sadəcə bir dəfə deyil, təkrar ərzaq məhsulları ayrıldı.  Ümumiyyətlə, Azərbaycanda Qadın Sahibkarların İnkişafı Asossasiyasının sədri Səkinə Babayevanın təşkilatçılığı ilə  gerçəkləşən aksiyada  Assosiasiyamıza üzv olan hər bir sahibkar xanım fəallıq göstərdi. Bu mərhələdə mən AQSİA-nın üzvü olan bir çox sahibkar xanımı həm  insan, həm ana, həm də əsl Azərbaycan qadını olaraq kəşf etdim və bununla qürur duydum.  Bir daha ölkəmin gözəl insanlarını daha yaxından tanıdım və insanlarımızı tanıdıqca daha çox sevdim, xalqımın nəcib ənənələrinə bir daha vuruldum…  

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four − 4 =