Ailələrdə cehiz davası niyə yaşanır? – Sosioloq izah edir

0

Zaman-zaman mediada, sosial şəbəkələrdə ailə zorakılığı zəminində gəlinin həyat yoldaşı və ya qayınatası tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılır. Bəzi hallarda problemin kökündə “cehiz davası” dayandığının şahidi oluruq. Maddi vəziyyətinin aşağı olması ucbatından ər evində döyülən, təhqirlərə məruz qalan xanımların da sayı az deyil.

Daşkəsən rayonunda 19 yaşlı gəlinin ər evində döyülməsi ilə bağlı informasiya da yayılıb. Daşkəsən Rayon İcra Hakimiyyəti insidentin cehiz üstdə olmadığını, ailə münaqişəsi zəminində baş verdiyini bildirsə də, ilkin informasiya mövzunu yenidən müzakirə predmetinə çevirib.

Görəsən, bu problemlərin kökündə nə dayanır?

Millixəbər.az bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, yeni qurulan ailələrdə maddi vəziyyətlə əlaqədar yaşanan problemlər cəmiyyətdə mənəvi dəyərlərin sıxışdırılmasından qaynaqlanır:

“Min illərdir bütün dini kitablar, müdriklər, alimlər elmi araşdırmalarda birmənalı olaraq təlqin edirlər ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlərin öndə olmadığı cəmiyyətdə hər cür gərginlik yaranır, eybəcər hallar üzə çıxır. İstər hər hansı bir ailədə, istərsə də hansısa ölkədə mənəvi dəyərlər sıxışdırılanda xoşagəlməz hallar yaşanır.

Biz çalışmalıyıq ki, cəmiyyətimizdə elə proseslər getsin ki, insanlar bir-birilə mənəvi dəyərlər əsasında münasibət qursunlar. İnsanların belə bir xarakteri var ki, onlar hər zaman nəyəsə görə fərqlənməyə çalışırlar. Hətta beşikdəki körpə də müəyyən hərəkətlərlə özünü təsdiqləməyə çalışır. Bu, insan xislətidir. Problem burasındadır ki, insanlar öz üstünlüyünü mənəvi dəyərlərlə yox, güc, pul və müxtəlif əlaqələrini ortaya qoyaraq göstərməyə çalışır.

Bütün ömrünü sosiologiyaya həsr etmiş biri olaraq dəfələrlə bu mövzuda danışsam da, heç kim eşitmək istəmir. Sabah hansısa xanəndə, müğənni və ya deputat bu mövzuda açıqlama versə, bu məlumatı dərhal tirajlayacaqlar. İnkişaf etmiş ölkələrdə mütəxəssisin sözünə diqqət yetirirlər. Hansısa məşhurun sözünü ekspertin sözündən üstün tutmurlar”.

Ekspertin sözlərinə görə, vaxtında gedişata müdaxilə olunmasa, gələcəkdə belə problemlərin qarşısını almaq mümkün olmayacaq:

“Bəzi hallarda gənclər maddi durumu nəzərə alaraq evlənirlər. Ailə qurulan zaman mənəvi dəyərlər əsas götürülməsə, sevgi olmasa, qurulacaq ailə kiminsə qızını kiminsə oğluna almaq istəyindən doğsa, hansısa qız sırf kiminləsə maddiyyata görə evlənsə, dəyərləri, sonra yaranacaq problemləri nəzərə almasa, təbii ki, döyülmə halları olacaq. Biz hadisələrə fikir vermədikcə daha da qorxunc şəkil alacaq”.

Sosioloq ailə institunun mənəvi dəyərlərdən uzaqlaşaraq biznes formasına çevrilməsini kəskin qınayıb:

“Bəzi hallarda sırf gəlir götürmək üçün toy məclisləri qurulur. Hərdən olur ki, bir qızı sevmədiyi şəxslə evləndirmək istəyirlər, qız isə son anda qaçıb gedir. Oğlan evi də toy hazırlıqları tamamlandığı, qonaqlara dəvətnamələr göndərildiyi üçün toyu ləğv etmir, hökmən bir gün içində kimisə tapıb toy edirlər ki, pul batmasın. Düzdür, bu, çox az hallarda baş verir, amma belə problemləri gözardı etmək olmaz.

Deməli, belə toyda önəmli olan qurulacaq ailə yox, maddiyyatdır. Buna qətiyyən yol vermək olmaz. Bizdə isə bir çox hallarda kimin atasının mülkü var, qıza hansı qiymətə cehizlik veriləcək, toya nə qədər pul xərclənəcək, stolun biri neçəyədir və s. bunlar müzakirə olunur. Təcili şəkildə bu sahədə humanitar siyasət elmi əsaslarla dəyişdirilməlidir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five + 13 =