Artur Rasizadə: Dayandırılsın! (FOTO)

0

dayayyaBakı və Abşeronun təhlükəsi ərazilərinin xəritəsi təsdiqləndi

Bakı və Abşeron yarımadasının torpaq sürüşməsi təhlükəsi olan ərazilərinin xəritəsi təsdiqlənib.

Millixəbər.az xəbər verir ki, Ans press-in məlumatına görə, Nazirlər Kabineti xəritədə göstərilən ərazilərdə tikinti işləri və tikintiyə icazələrin verilməsinin dayandırılması barədə artıq tapşırıq verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 6 bəndlik Qərarı təqdim edirik:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, hazırlanan və mövcud ərazi planlaşdırılması sənədlərində bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən edilməsini aidiyyəti üzrə təmin etsinlər.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.









Mənbə
Azərbaycan qəzeti

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 + seven =