Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında sıx siyası, iqtisadi, humanitar, mədəni əlaqələr hər il genişlənir. Mərkəzi Asiya dövləti olan Tacikistanla da Azərbaycan arasında illərdir dostluq, qardaşlıq əlaqələri mövcuddur və bu əlaqələr getdikcə möhkəmləndirilir. Son illər Prezident İlham Əliyevin Tacikistana, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana mütəmadi səfərləri və bu görüşlər zamanı imzalanan sənədlər münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun 23 may tarixində geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlməsi və iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması əlaqələri daha da genişləndirdi. Sənədlərin imzalanma mərasimindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Çıxışında cənab İlham Əliyev Azərbaycan və Tacikistan dövlətləri və xalqları arasında mövcud dostluq və qardaşlıq əlaqələri, eləcə də həyata keçirilən və gələcəkdə hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək layihələrin reallaşdırılacağı barədə məlumat verdi. Tacikistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində 14 sənəd imzalandı. Azərbaycanla Tacikistan arasında hər zaman dostluq və qardaşlıq əlaqələri yüksək səviyyədə olub, hər iki dövlət bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyib və eyni mövqedən çıxış ediblər. Dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə mövcud dostluq və qardaşlıq əlaqələrini rəsmiləşdirdi və münasibətlərimizi zirvəyə qaldırdı. Azərbaycanda Tacikistan mədəniyyət günlərinin keçirilməsi xalqımızın bir birinin mədəniyyətlərini yaxından tanınmasına böyük töhfə verəcək. İki dövlət arasında nəqliyyat-loqistika əlaqələrinin qurulması barədə də razılığa gəlindi. Artıq Azərbaycanda nəhəng, müasir və şaxələndirilmiş nəqliyyat-loqistika layihələri icra olunub. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutunun üzərində yerləşir və Azərbaycandan keçməklə Şimaldan Cənuba, Şərqdən Qərbə və əks istiqamətlərdə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu marşrut xətti iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı ən qısa marşrutdur.

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu da mövcuddur. yap.az