May ayının 28-də xalqımızın dövlətçilik tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-ci ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti bütün Müsəlman Şərqində ilk demokratik, türk dünyasında isə ilk hüquqi dövlət idi. Məhz belə bir dövlətin qurulması xalqımızın milli şüur səviyyəsinin, siyasi, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.


Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Bu qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradıldı, dövlət atributları təsis olundu və dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi.Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsi, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması və demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyəti həm yaranması, həm də 23 ayda gördüyü işlərlə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi. Məhz buna görə də 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə də heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətin işdir.
Azərbaycan dövləti və xalqının milli müstəqilliyimizin parlaq salnaməsi olan Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına ən müqəddəs nemət kimi dərin və möhtəşəm məhəbbəti sonsuzdur, tükənməzdir. Xalq Cünhuriyyətinə dərin və sonsuz sevgisinin nəticəsidir ki, Cümhuriyyətin yarandığı şərəfli tarix – 28 May Respublika Günü kimi ölkəmizdə təntənə ilə geniş ümumxalq tədbiri, milli bayram kimi qeyd olunur. Prezident İlham Əliyevin milli dövlətçilik tariximizin qürur və şərəf səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur.


Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı fonunda müstəqilliyimizin də möhkəm olduğu daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın bölgənin lider dövləti statusunu qazanması, tam müstəqil siyasət yürütməsi, ərazisində heç bir dövlətin hərbi kontingentinin olmaması, böyük dövlətlərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə və kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi məsələlərdir. İlham Əliyevin qətiyyətli siyasəti sayəsində yeni neft-qaz layihələrinin uğurla reallaşması, yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə və xalqımızın daha güclü rifahına aparır.

Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
.