Azərbaycan Avropa çempionatında daha beş medal qazandı

0

Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Millixəbər.az Oxu.az-a xəbər verir ki, bu gün daha iki qızıl və üç bürünc medal qazanmışıq.

Belə ki, 57 kq-da mübarizə aparan Giorgi Edişeraşvili finalda Rusiyanın qumuq idmançısı Zaur Uquyevlə qarşılaşıb. İdmançımız görüşdə 0:3 hesabı ilə uduzsa da, sonda 4:3 hesabı ilə qalib gələrək üçüncü dəfə Avropa çempionu olub. Qeyd edək ki, Edişeraşvili 2013-cü ildə Tbilisidə Gürcüstan adından Avropa çempionu olubsa, daha sonra yerli federasiya ilə problemi olduğu üçün Azərbaycana üz tutub. Nəticədə Giorgi ötən il Serbiyanın Novi Sad şəhərində Azərbaycan adından da qitə çempionu olub.

Olimpiya mükafatçımız, üçqat dünya çempionumuz Hacı Əliyev isə ikinci dəfə Avropa çempionu olub. Maraqlıdır ki, 65 kq-da yarışan Hacı da qızıl medal qazanmaq üçün finalda Rusiyanı təmsil edən qumuq idmançısını məğlub etməyə çalışıb. O da İlyas Bəybulatovla görüşdə 2:7 hesabı ilə uduzsa da, sonda 8:7 qalib gəlib.

Bürünc medal uğrunda görüşə çıxan idmançılarımız da döşəkdən zəfərlə ayrılıb. Murtazəli Müslümov (70 kq) Belarusu təmsil edən dağıstanlı Əzəmət Nurikovu 9:2, Cəbrayıl Həsənov (79 kq) türkiyəli Muhammet Nuri Kotanoğlunu 10:4 və Nurməhəmməd Hacıyev Makedoniya adından çıxış edən Dağıstan güləşçisi Məhəmmədhacı Nurovu 4:0 məğlub edib.

Qeyd edək ki, sabah Avropa çempionatında son gündür. Sabah qitə birinciliyində daha iki qızıl və iki bürünc medal qazana bilərik. Bunlar finalda mübarizə aparacaq Aleksandr Qostiyevlə Şərif Şərifov və bürünc medal üçün güləşəcək Mircəlal Həsənzadədir. Ən ağır kilodakı idmançımız Camaləddin Məhəmmədov isə təsəlliverici görüşə qatılacaq. 125 kq-dakı legionerimiz Belarusu təmsil edən avar idmançısı İbrahim Səidova qalib gəlsə, bürünc medal uğrunda görüşə qatılacaq.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 + three =