Azərbaycanın bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir

0

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.

 

Azərbaycan Respubilkası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”. Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov ya­zır­dı: “Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb… Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir”.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur.  Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçmişdir.

Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib.[7] Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilərtürkmənlər) ulduzun 8 guşəsində əks edilib.[9] Digər fərziyyələr də var.

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağının təsviri:

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

“Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası” haqqında sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunur. 22 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdi. Bu qanuna əsasən kodları – Pantone Blue 313 C, Pantone Red 185 C və Pantone Green 3405 C rəng çalarları yeniləri ilə əvəz edilmişdir:

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı

1918-ci il mayın 28-də tarixdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:

Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.

Bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.

 

ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu. Əfqani “Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti” və “İslam birliyi” kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.

1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:

Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.

ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi “türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini” (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng “Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur”.

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu…Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.

Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş “Bir yaş” adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:

Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı tarixi şəkillərdə

Azərbaycan Demokratik Respublikası Parlamentinin birinci iclası. İlk dəfə Azərbaycanın üçrəngli bayrağı bu parlamentdə ucaldı. 7 dekabr 1918-ci il.

Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı. 1919-cu il. Arxa planda ADR-in üçrəngli bayrağı.

 

1980-cı illərin sonlarında AXC bayrağı milli hərəkatın kütləvi tədbirlərində istifadə olunurdu. Bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Prezident İlham Əliyevin dövlət bayrağımıza yüksək məhəbbətin təzahürü olaraq, 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalaması və Dövlət Bayrağı Meydanının açılışında “Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir” deməsi iftixarla xatırlanıb.

2009-cu il noyabrın 9-da – Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlan­mış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət ger­bi­mi­zin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.

   Himnin müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Him­nimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsas­na­mə təsdiq olunub. Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.

Dilqəm Qasım oğlu Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × one =