Bakıdakı yarmarkada 100 tondan çox bal satılıb – REPORTAJ

0

ba...Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü: “Balın qiymətini alıcı və satıcı özü müəyyənləşdirir”
Bakıda təşkil olunan bal yarmarkası bir neçə gündən sonra başa çatacaq.

Modern.az saytının əməkdaşı yarmarkadakı son vəziyyətlə  maraqlanıb. Bizim yarmarkaya gedişimiz isə təsadüfən Kənd Təsərrüfatı Nazirliyinin reydi ilə üst-üstə düşüb.

Satıcılar yarmarkada saxta bal olmadığını iddia edirlər

Yarmarkaya Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağimişli kəndindən bal gətirən Şəmsəddin Məmmədovun sözlərinə görə, alver əladır:

Demək olar ki, məhsulumun hamısını satmışam. Alıcıların burada təbii bal satılmaması ilə bağlı iddialarına cavab olaraq deyə bilərəm ki, ballar laboratoriyalardan keçib. Təbii ballardır. Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi yarmarkanı yüksək səviyyədə təşkil edib. Nazirliyin nümayəndələri bizimlə daimi maraqlanır, işin gedişinə nəzarət edirlər”.  

Qax rayonundan olan Mahmud Qurbanov alverin iş günlərində zəif olduğunu deyir: “Həftənin sonlarında alverimiz yaxşı gedir. Ayın sonu yaxınlaşır, insanlar maaşlarını, pensiyalarını adətən bu vaxtlar alırlar. Məncə, qarşıdakı günlərdə alver daha yaxşı olacaq. Alıcılar bəzən balın təbii olmamasından şikayətlənir. Lakin biz burada saxta bal satılmasına icazə vermirik. Nazirlik də bu məsələni diqqətdə saxlayır. Bu il ötən illərə nisbətən daha çox satıcı var. Sadəcə, məkan geniş olduğu üçün bu hiss olunmur”.

Balın qiyməti aşağı düşüb

Gədəbəy rayonunun Miskinli kənd sakini isə satışın zəif olduğundan gileylənir: “13 ildir bal yarmarkasında iştirak edirəm. Bu il çox az adam gəlir. 200 kiloqram məhsulun yarısını satmışam. İnşallah, ayın sonuna qədər qalan balı da satacağıma ümid edirəm”.

Onun sözlərinə görə, yarmarkada 15 manata satılan balın qiyməti rayonda 30 manatdır.

Lerik rayonundan gələn Gülgəz nənə “hansı bölgəndənsiniz” sualına əynindəki güllü donunu göstərib deyir: “Bəyəm, hiss olunmur haradanam?”. Nənənin sözlərinə görə, 6 ildir yarmarkada bal satır, hələ bu günə qədər ona “pis mal satırsan” deyən olmayıb.

Bizim arılar dünyada birinci yer tutur

Yarmarkada hansı piştaxtaya yaxınlaşırsan, hər kəs öz malını tərifləyir.

Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini məhsulunu satdığını bildirir:

“Özüm arıçıyam. Bizim kəndin arıları çiçəklərin dibinə gedə bilmək baxımından birinci yerdədir. Alıcı gəlir, amma sayca azdır. Bəziləri iddia edir ki, saxta bal satırıq. Saxta bal olsaydı, nazirliyin yoxlamasından necə keçə bilərdi?”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev elə oradaca, satıcıların yanında bəzi suallarımızı cavablandırıb. Onun sözlərinə görə, yarmarkaya gətirilən balın təmiz olması təsdiqlənib: “Məhsulun keyfiyyətini təsdiqləyən sənədlər var. 8 arıçılıq məhsulu standartlara  cavab vermədiyi üçün yarmarkadan kənarlaşdırılıb.  Saxta balın satıldığını iddia edənlər bu işə kölgə salmaq istəyənlərdir”.

Nazirliyin sözçüsü keçirilən reydlər və yarmarkanın gedişi ilə də bağlı ətraflı məlumat verib: “Yarmarka 20 gündür davam edir. Bu günə qədər 100 tondan artıq bal məhsulu satılıb. Yarmarkada 450-ə yaxın arıçı iştirak edir. Bu il yarmarkanın təşkilində bir çox yeniliklər oldu. Əvvəllər arıçılar bir-birinə qısqanclıq edir, deyirdilər ki, qonşusunun yeri bundan daha yaxşıdır. Lakin bu il yerləşmə seçimi püşk atma ilə keçirildi.  Bizim məqsədimiz Bakıdakı aztəminatlı ailələrin də bu yarmarkadan bəhrələnə bilməsidir. Qiymətləri isə öz ixtiyarlarına verdik. Artıq biz müəyyən etmirik. Satıcılar və alıcılar  qarşılıqlı anlaşırlar”.

Murtuzəli Hacıyev yarmarkaya kənardan məhsul daxil olmaması üçün anbarda nazirliyin mühafizə xidmətinin olduğunu da qeyd edir. Onun sözlərinə görə, gələn il yarmarka ilə bağlı müxtəlif yeniliklər olacaq. Hazırda nazirlikdə bununla bağlı metodik tövsiyələr hazırlanır.

O, əhalini yarmarkadan yararlanmağa səsləyib: “Son günlər olduğundan qiymətlər aşağı düşüb. 25-30 manata satılan bal indi 15 manatdır. Şəhər əhalisi bundan yararlansa, yaxşı olar”.

Apardığımız araşdırma zamanı o da məlum oldu ki, yarmarkada ən çox Qax, Naxçıvan, Astara, Gədəbəy, İsmayıllı rayonlarından gətirilən bal satılır.


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 − 3 =