Baş onkoloq Azad Kərimli: “Xərçəng xəstələrinin sayı təkcə ölkəmizdə artmır”

0

Xərçəng – hər zaman məyusedici bir diaqnozdur. Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, erkən mərhələlərdə aşkar edilən xərçəngin tam müalicəsi mümkündür.

Millixəbər.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Media.Az-a Azərbaycandakı xərçəng xəstəliyi barədə danışıb.

Onun sözlərinə görə, qadınlar arasında ən çox rast gəlinən süd vəzisi və uşaqlıq boynu xərçəngidir, kişilərdə isə ağciyər və prostat xərçəngi üstünlük təşkil edir:

“Bu baxımdan qeyd etmək istərdim ki, süd vəzisi xərçənginə vaxtında diaqnoz qoymaq üçün 40 yaşdan yuxarı qadınlar hər il mamoqrafiyadan keçirməlidirlər. 45-50 yaşdan yuxarı kişilər isə hər il rentgen müayinəsindən keçməli, uroloqa müraciət etməli və qan testləri verməlidirlər”.

Həkim bildirib ki, ölkəmizdə xərçəngin diaqnozu və müalicəsi üçün müasir avadanlıqlarımız var:

“Həm beynəlxalq təcrübə, həm də müasir texnologiyalar aktiv şəkildə istifadə olunur. Dünyanın elmi-tədqiqat mərkəzləri ilə ayaqlaşa bilirik”.

A.Kərimli deyib ki, vətəndaşlardan tələb olunan yeganə şey vaxtında tibb müəssisəsinə müraciət etməkdir:

“Ən kiçik şübhə olarsa belə, müayinədən keçmək və hər şeyin qaydasında olduğundan əmin olmaq sağalmaz diaqnoz barədə məlumat almaqdan daha yaxşıdır”.

O, Azərbaycandakı onkoloji xəstələrin sayı barədə də danışıb. Həkim qeyd edib ki, 2020-ci il üçün statistika hələ də işlənir:

“Hazırda 2019-cu və daha əvvəlki illər üçün rəsmi statistika mövcuddur. Beləliklə, 2018-ci ildə 49 154, 2019-cu ildə 52 718 onkoloji xəstəmiz olub”.

Baş onkoloq xəstə sayının ildən-ilə artması məsələsinə də toxunub. O deyib ki, statistika təkcə bizim ölkəmizdə deyil, bütün dünyada artmaqdadır:

“Bu, təbii bir prosesdir və birbaşa demoqrafik göstəricilərin artımından asılıdır. Məntiqli düşünək – əgər əhali artırsa, onda yalnız xərçəng xəstələrinin deyil, başqa xəstələrin də sayı çoxalır”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × five =