
İsmayılov Səid Cəmil oğlu - 10 iyun 1962-ci ildə Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Təhsilini Şahtaxtı kənd orta məktəbində almışdır (1969-1970). 1981-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətdə kiçik çavuş rütbəsi almış və bölük komandiri vəzifəsində xidmət etmişdir. 1983-cü ildə isə kiçik çavuş rütbəsində ehtiyyata buraxılmışdır. Müstəqil əmək fəaliyyətinə 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində polis nəfəri kimi başlamış, 1986-cı ildən Şərur rayon Polis Bölməsinə Bölük komandiri vəzifəsinə təyin edilmişdir. Səid İsmayılov Şərur rayon Polis Bölməsində işlədiyi müddət ərzində dəfələrlə mükafatlandırılmış, Sədərək rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Vətən Müharibə Veteranı”dır.
Tarixdə müharibələr məqsəd və məzmununa görə iki yerə ayrılır: ədalətsiz və ədalətli müharibələr. Başqasının torpağında, sərvətində, dövlətində gözü olanlar həmişə təcavüzkar niyyətlərini həyata keçirmək üçün ədalətsiz müharibələrə başlayıblar. Naxçıvan da müstəqilliyinin ilk illərində mənfur qonşusu tərəfindən müharibəyə cəlb olundu. Bu müharibədə Naxçıvan ədalətli tərəf olduğundan onun oğul və qızları vətəni düşmən işğalından qorumaq üçün silaha sarıldılar. Doğrudur, Ermənilərin Sədərəyə, ümumən, Naxçıvana, Azərbaycana torpaq iddiaları 90-cı illərdən başlamır. Bu hadisə əsirlər boyu sovet dövründə də dəfələrlə təkrarlanıb.
1947-ci il 23 dekabr tarixli SSRİ Nazirlər Sovetinin qərarında göstərilir ki, "könüllülük prinsipləri əsasında" Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Məqsəd azərbaycanlıları Ermənistandan təmizləmək, ərazini erməniləşdirmək idi. Ermənilərin digər planı "Böyük Ermənistana" Naxçıvanı da daxil etmək olub. Lakin illərlə planlarını gerçəkləşdirə bilməyən ermənilər şanslarını bir də 90-cı illərdə sınamağa başlayırlar. Sərhədboyu işğalçılıq planlarını həyata keçirməyə cəhd edən ermənilərdən ən böyük zərbəni Sədərək aldı.
1990-cı il yanvar ayının 15-də erməni-rus birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sədərəyə tərəf xeyli irəlilədə bilmiş, Əjdəkan, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi, bir növ, mühasirə vəziyyətinə salmışdılar. Beləcə, Sədərək ağır sınaqla üz-üzə qaldı. Yanvarın 19-da səhər saat 11 radələrində eşidilən atəş səsləri sədərəkliləri səfərbər edir. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirlər. Həmin dövrdə silaha sarılanların cərgəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıqlar göstərdilər.
Səhər saatlarında daha ağır bir xəbərlə üz-üzə qalır sədərəklilər. Paytaxtda baş verən 20 yanvar faciəsi eşidən hər kəsi sarsıdır. Lakin geri dönüş yoxdu. Sədərək Naxçıvanın müdafiə qalasına çevrilir. Əli silah tutan hər kəs ayağa qalxır. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları.
1990-cı il iyul ayının 22 -də Naxçıvana gələn ulu öndər Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gəlir. Sədərəkdə baş verən hadisələrdən, azğın ermənilərin Sədərək üzərinə hücumlarından danışaraq Sədərək əhalisini daha dözümlü, daha əzmkar olmağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir. Sədərəyin müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 29 avqust 1990-cı ildə Sədərək rayonu yaradılır. Qeyd edək ki, buna qədər Sədərək Şərur rayonunun tərkibində olub.
Sədərək 1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb.
18 may 1992-ci ildə strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən - Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək nəyin bahasına olursa-olsun, rayonu işğal etmək qərarına gəlmişdilər.
Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Mildə şəhid olanlardan 17 nəfərin cəsədini götürmək mümkün olmur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra cəsədlər döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Heydər Əliyev ağır yaralıların qardaş Türkiyəyə göndərilməsi üçün ciddi tapşırıqlar verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: “Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz”. Məhs Səid İsmayılov bu zərurətin-aktuallığının mahiyyətini dərindən dərk edərək insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərərək 1992-ci ilin may ayında Sədərək rayonunun azadlığı uğrunda özünü vətənə fəda etməkdən qorxmadan könüllü olaraq döyüşə qatılır...
Səid İsmayılov döyüşdə olduğu müddətdə Ucubiz (Ucubiz dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1210,0 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarında yerləşən Bulaqbaşı silsiləsinin ən yüksək zirvəsi olub, Sədərək kəndindən 2,8 km şimaldadır.) və Qaraburun (Qaraburun dağı—Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta və üst yarımmərtəbələrinə aid Danzik və lay dəstələrinin karbonat və - karbonat süxurlarından təşkil olunmuş günbəzvari. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir) postlarında öz vəfəsini layiqincə yerinə yetirərək daim ön cəbhədə olmuş, kəndlərin müdafiəsində fəal iştirak etdiyinə görə müharibədən sonra “Müharibə Veteranı” medalı (2023) və “Böyük Zəfər” (2023) xatirə medalı ilə tətif edilmişdir.
Səid İsmayılov 2001-ci ildə xidmətini qüsursuz tamamlayıb DİN-dən təqaüdə buraxılmışdır. Hal-hazırda Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin üzvüdür. Ailələlidir, 2 övladı var.
Dilqəm Quliyev,
Azərbaycan “Yazıçılar” və
“Jurnalistlər” Birliyinin üzvü,
«Qızıl qələm» media mükafatçısı.