
Çox nadir hallarda könüldən qələmə sarılıb sənətkar haqqında öz düşüncələrimi yazmaq çətinliyi ilə üzləşirəm. Necə başlayım? Mən, Oktay Quliyev haqqında sözlərimi Roma filosofu Senekanın sözləri ilə başlamaq istəyirəm. O, yazırdı: “Uzun ömür o ömürdür ki, o yaxşı əməllərlə doludur. Həyat da təmsil kimidir, o da uzunluğu ilə deyil, məzmunu ilə qiymətləndirilir. Çox yaşamaq deyil, yaxşı yaşamaq lazımdır. Hər həyat nemət deyil, ancaq yaxşı yaşanmış həyat nemətdir… Mənəvi ömür o ömürdür ki, onun hər anından ağıllı istifadə olunsun. Yaxşı işləri görməyi sonraya saxlamaq lazım deyil”.
Doğurdan da yaxşı işləri vaxtında görmək düzgündür. Oktay Quliyevin 68 illik ömür salnaməsinə nəzər yetirdikdə, bu yaxşı işlərin nə qədər böyük olduğunun şahidi olursan.
Quliyev Oktay Hüseyn oğlu 26 mart 1956-cı ildə Bakı şəhərində (Yeni Suraxanı qəsəbəsi) anadan olmuş, 12 aprel 2025-ci ildə vəfat etmişdir (Yeni Suraxanı qəsəbəsi). 1963-cü ildə Əmi Məmmədov adına 101№ li məktəbə getmişdir. Məktəbdə oxumaqla yanaşı 3 №li musiqi məktəbində tar ifasına yiyələnib. Uşaq vaxtlarından rəsm çəkməyə çox meylli olub. Dəfələrlə məktəbdə onun çəkdiyi şəkillərin sərgisi təşkil olunub. 1973-cü ildə Bakıxanov qəsəbəsindəki texniki peşə məktəbində “Ağac üzərində oyma” ixtisasına yiyələnib. 1974-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra Dzerjinski adına zavodda tornaçı vəzifəsində çalışıb (1978-1996).
Rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması... Ən əsası isə onlar gözlə görünməyən obrazları belə, təsvir edə bilirlər. Sonda təsvir olunan rəsm əsəri duyğuların cilalanmış portreti, mənzərəsi, füsunkarlığıdır. Rəssamlıq məişətdən cəmiyyətə keçərək insanların xarakterini, təbiətin füsunkarlığını əks etdirir. Hazırda ölkəmizdə bu sahədə uğur qazanan istedadlı rəssamlarımız kifayət qədərdir. Bunlardan biri də mərhum Oktay Hüseyn oğlu Quliyevdir.
Oktay Quliyev kiçik yaşından rəssamlıqla məşğul olub, mənim zənnimcə ona bu istedad əmisi Qasım kişidən keçib. Oktayın rəsm çəkməyə marağını həmişəki kimi ötəri bir həvəs olduğunu düşünən valideynləri rəsm dərnəyinə də yazdırmışdılar. Ancaq bu həvəs artıq Oktayın qəlbinə və ağlına nüfuz etmişdi. Hətta evdəki rahatlığını da əlindən almışdı. Qazandığı uğurlar onu rəssam olmağa bir növ sövq edib. Əvvəlcə kiçik əsərlərdən başlayan Oktayın böyüdükcə arzuları, istəkləri, hədəfləri də artıb. Məktəb illərində tez-tez uşaq sərgilərində, tədbirlərində iştirak edirdi. Hazırda Oktayın əl işləri təhsil aldığı orta məktəbin divarlarını bəzəyir.
Uşaq yaşlarından yaradıcılıqla məşğul olan müəllif əsərlərini yaşa görə pensiya çıxandan sonra daha çox ərsəyə gətirib. Oktay Quliyev bunu fürsət bilərək daxilində cəmlənmiş düşüncə və fikirlərini kətan üzərinə böyük həssaslıqla köçürüb. Gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuların yer aldığı sənət əsərlərində vətənpərvərlik mövzusu da xüsusi çəkiyə malikdir. Janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran əsərlər onun zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir. Oktay Quliyev insanların obrazını qeyri-adi formada çəkən peşəkar rəssam idi. Fırça ustasının obrazlara, palitranın orjinallığına və müxtəlif janrların yaradıcı sintezinə özünəməxsus yanaşması var idi.
Oktay Quliyev bir rəsmi çəkməyə başlayırdısa, onu yarımçıq qoymurdu. Bunun üçün zamanın və məkanın heç bir fərqi yoxdu, işlərini bitirib, sonra ondan əl çəkirdi. Çox maraqlıdır ki, Oktay 45 ildən sonra öz portiretini çəkmişdir. Görünür, ömrünün qısa olması da ona agah olmuşdur.
Oktay Quliyev son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı idi.
Oktay müəllimin müvəffəqiyyətlərinin sirri nədə idi? O, həmkarlarından nə ilə fərqlənirdi? Bu suallara “çalışqanlığı, novatar təcrübəyə can atması” ifadələri ilə qısa cavab da vermək olardı. Başqa sözlə, özünün səmimi, xoş məramlı xarakterilə hamı ilə ünsiyyətə girib dil tapa bilirdi. Mənə görə Oktay müəllimin əlində həm də hər kəsin qəlbinə düşər açar var idi. Yəni adamlara, hətta uşaqlara fərdi yanaşmağı, hər kəsin özünəməxsus fərdi psixoloji xüsusiyyətlərindən düzgün istifadə etməyi bacarırdı.
Zənnimcə, bu ali keyfiyyətlər Oktay müəllimə saf ana südündən, müqəddəs ailə tərbiyəsindən, əsilli-nəsilli soykökündən gəlir. Arı bal yığan kimi Oktay müəllim də ömrü boyu nəcib insani əməlləri zərrə-zərrə toplamışdır. Hesab edirəm ki, bu cür müdrik insanlar xalqımızın əsl milli sərvəti sayıla bilər. Bu cür insanlar zaman və məkan daxilində insanşünaslıq qanununu təkmilləşdirən, onu saflaşdıran və bununla da cəmiyyətə sağlam ab-hava gətirən şəxsiyyətlər-dəndir. Belə bir insani ali rütbə dövlətin qanunu, hökumətin qərarı ilə verilmir, bu ali mərtəbəni həyatda gərək özün qazana biləsən. Bütün bu deyilənlərlə yanaşı, Oktay Quliyev milli vətənpərvərlik sahəsində də xüsusi fəallıq göstərmişdir.
Oktay Quliyev xalqını, vətənini sevən, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəni irsimizi, adət ənənəmizi və qəhrəmanlıq tariximizi daimi aşılayan xalqımızın vətənpərvər oğlu idi.
Oktay müəllimi həmkarlarından fərqləndirən ən mühüm cəhət onun sadəliyi, səmimiliyi, qayğıkeşliyi, zəhmətkeşliyi və vətənpərvərliyi idi.
Oktay Quliyevin yaradıcılığı haqqında çox danışmaq olar. Onun əsərlərinin hər biri dərin təhlil və elmi araşdırmalar aparmaq üçün xeyli zəruri material verir.
Oktay Quliyevin daima uğur gətirən, onun adını ucaldan nə idi? El arasında belə bir məsəl var, deyərlər: «Əldən tutmaq Əlidən qalıb». İnsanlara daim əl tutmaq, təmənna nə olduğunu bilmədən hamıya yaxşılıq etməyə çalışmaq Oktay müəllimin ən ümdə insani keyfiyyətlərdən biri idi. O, bunu əsl vətəndaşlıq, insanlıq borcu hesab edirdi. Yaxşılıq, xeyirxahlıq onun dəyərli kredosuna çevrilmişdir.
Bildiyimiz kimi təhsilsiz, həvəskar rəssamların çəkdiyi kor-koranə rəsmlər müəyyən müddət sonra həmin şəxslərin özlərinə də xoş gəlmir. Çünki təhsil olmadıqda, müəyyən mənada inkişaf edə bilmirsən. Rəssamlıq isə daim inkişaf, təhsil, ideya tələb edən bir sənətdir: Artıq Oktay 40 ilə yaxındır peşəkar rəssamlıqla məşğul olmağına baxmayaraq, hələ də rəssamlıq sənətinin gizli sirlərini öyrənməyə davam edirdi. Oktay bəzən rəssamlığı peşə kimi yox, sadəcə hobbi olaraq görürdü. Ancaq rəssamlıqda yüksək nailiyyətlər əldə etmək istəyənlər bu sənətə daha ürəklə yanaşmalıdır. Oktay davamlı olaraq rəssamlıq üzərində çalışmış, yeni bilgilər öyrənmək Oktayda bu sənətə qarşı daha böyük həvəs yaratmışdır. Onun yaratdığı sənət əsərləri də Oktayın uşaqlıq illərin məhsuludur. Hər bir əsərin üzərində Oktayın əl izləri durur.
Bildiyimiz kimi rəssam olduqda, istədiyin bir əsəri kor-koranə çəkirsən və o da bir yerə qədər səni aparır. Təhsil olmadıqda, hardasa dayanmalı olursan. Rəssamlıq elə bir sənətdir ki, oxuduqca öyrənilir, bitmir, tükənmir. Rəssamlıq sənətinin həqiqətən də böyük sirləri var. İşlədikcə daha çox öyrənirsən. Onu da qeyd edim ki, Oktayın təhsil bazası olmasaydı, bu sənətin dəqiqliyinə vara bilməyəcəkdi. O, təhsil aldığı hər bir müəllimdən bu işin əlifbasını öyrənmişdi.
Mərhumun yaşadığı evin kənarında öz əməyi ilə təşkil etdiyi sərgini gəzdikdə, Oktay Quliyevin yaradıcılığında vətənpərvərlik, gözəllik, daxili aləm, gənclik və zəhmətin vəhdət təşkil etdiyinin şahidi oluruq. Onun fırçasından çıxan Nizami Gəncəvinin (1141 Gəncə — 1209, Gəncə), İmadəddin Nəsiminin (1369, Şamaxı – 1417, Hələb (Suriya), Məhəmməd Füzulinin (1494, Kərbəla — 1556, Kərbəla), Hüseyn Cavidin (24 oktyabr 1882, Naxçıvan – 5 dekabr 1941, Maqadan). Əliağa Vahidin (1895, Bakı – 1 oktyabr 1965, Bakı), Mirzə Ələkbər Sabirin (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadənin; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 12 iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası), Səməd Vurğunun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı), Abdulla Şaiqin (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) və digər rəsm əsərləri insanı bir başqa dünyaya aparır. Oktay Quliyevin əziz xatirəsi də bu sənət əsərlərində qalacaq və ona baxdıqca hər zaman xatırlanacaq.
Oktay Quliyevin sərgilərinin təşkil etməsində əsas məqsədi təbiətin qorunması, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşması, yaradıcılığın, obrazlı düşüncənin inkişaf etdirilməsindən ibarət idi. Rəssam Oktay Quliyevin əsərlərində əks olunan vətənpərvərlik ideyası bugünkü və gələcək nəsillərin yolunda bir örnəkdir.
Bu gün sıralarımızda olmasa da, Oktay Quliyevin əziz xatirəsi xalqımızın qəlbində yaşayır. Bu gözəl və qayğıkeş insanı itirmək onun sevənlərin, yoldaşları və dostları üçün çox ağır bir itki kimi yadda qaldı.
Əziz Oktay Quliyevin ölməz xatirəsi xalqımızın, ailə üzvlərinin, qohumlarının yaddaşında əbədi olaraq qalacaqdır.
Mərhum Oktay Quliyevə Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Dilqəm Quliyev,
Azərbaycan Yazıçılar Birliyinin
və Jurnalistlər Birliyinin üzvü,
«Qızıl qələm» media mükafatçısı.