
Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyətində qadın məsələsi xüsusi yer tuturdu.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Azərbaycan qadınına ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ümummilli lider Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır. Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. 1993-cü ilin ortalarından üzübəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipial diqqət və qayğısı sayəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır və liderləşir. İndi artıq reallığa çevrilmiş fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1994-cü ildən qədəm qoymuşdur. Bu dirçəliş bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı. Bu fərman respublika qadın cəmiyyətinin formalaşmasına və yaradıcı axtarışlar aparmasına güclü təkan verdi. Milli Komitə müxtəlif tədbirlər həyata keçirərək IV Dünya Qadın Konfransına olduqca məzmunlu və ümummilli dəyər daşıyan məruzə hazırladı. Azərbaycan qadınları bu konfransda ləyaqətlə təmsil olundu.
Müasir qadın hərəkatının Azərbaycanda canlanmasında mühüm əhəmiyyətə malik olan növbəti mütərəqqi addım 1995-ci ilin iyun ayında ölkəmizin BMT-nin ”Qadınlara münasibətdə hər cür ayrı-seçkilyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Bu Konvensiyaya qoşulmaqla respublikamız öz üzərinə müvafiq öhdəliklər götürdü.
Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən 1998-ci ildə yaradılmış "Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri genişləndirilərək "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində baş vermiş mühüm hadisədir. Respublikamızdada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Azərbaycan qadını qəhrəmanlığı və igidliyi ilə daima seçilmişdir. Öz varlığı ilə cəmiyyətə sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət, ismət və sədaqət sözlərini ehtiva edən Azərbaycan qadını adı bir o qədər də dərin cəsurluq simvoludur. Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində fədakar xidmətlər göstəriblər. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Vətənin müdafiəsində də daima fədakarlıq, şücaət göstəriblər. Vətən uğrunda neçə-neçə qadın şəhid olub.
Azərbaycan qadınının ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur.
Fərəh hissi ilə deyə bilərik ki, qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan səmərəli istifadə edirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.
Tarixə nəzər saldıqsa görürük ki, Dövlətçilik sistemlərində Xatun modelini əslində bütün dünya məhzi türk əxz edib. Mehriban xanım Əliyevanın timsalında bu tarixi ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır. Ötən yüzillikdə lider Xaqan missiyasını həyata keçirən Heydər Əliyevin ən yaxın köməkçisi bir Xatun olaraq Zərifə xanım Əliyeva idi. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevə bu köməyi Mehriban xanım Əliyeva ləyiqincə edir.
Lamiyə Həsənzadə,
Abşeron rayonu Xırdalan şəhər 6 saylı Tam Orta Məktəbinin direktoru