Deputat:”Hər yerdə əvvəlcə qanunsuz tikililərə razılıq verir, sonra isə boyunlarından atırlar”

0

Bələdiyyə və icra başçıları nəinki Bakıda, ümumiyyətlə hər yerdə əvvəlcə qanunsuz tikililərə razılıq verir, sonra isə boyunlarından atırlar.

Bunu Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Bakı və digər şəhərlərdə qanunsuz tikililərə yol verənlər çox sərt cəzalandırılacaq:

“Bələdiyyə və icra başçıları nəinki Bakıda, ümumiyyətlə, hər yerdə əvvəlcə qanunsuz tikililərə razılıq verir, sonra isə boyunlarından atırlar. Bütün bu problemləri nəzərə alan Prezident ölkədə tikintiyə nəzarəti məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verdi. Hesab edirəm ki, ölkə başçısının müvafiq tapşırığından sonra qanunsuz tikililər vasitəsilə qazanc əldə edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu, tamamilə düzgün addımdır. Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdehliyindən də çox şey asılı olacaq. İnanıram ki, dövlət başçısının iclasda bu məsələ ilə bağlı sərt xəbərdarlığından sonra tikinti özbaşınalığına birdəfəlik son qoyulacaq”.

Millət vəkili şəhər nəqliyyatı sahəsində də problemlərin aradan qaldırılmasının vacibliyini xüsusilə qeyd edib:

“Avtobusları idarə edən özəl şirkətlər istifadəyə xeyli avtobus buraxırlar. Ancaq avtobusların texniki parametrləri və sürücünün həkim müayinəsindən keçməsi ilə bağlı məsələlər təftiş olunmur. Bu zaman isə məsuliyyət yenə dövlətin üzərinə düşür. Ona görə də sahibkarlar bütün bunların hamısını nəzərə almalıdırlar ki, qarşıda daha ciddi problemlər ortaya çıxmasın”.

Millət vəkili gələcəkdə avtobusları idarə edən özəl şirkətlərin tamamilə dövlətin nəzarətinə verilməsi məsələsinin gündəmdə olmadığını bildirib:

“Heç bir halda özəl şirkətlərin bağlanmasından söhbət gedə bilməz. Verilən göstərişlərin əsas məqsədi özəl investorların istənilən halda qanuna riayət etməsini təmin etməkdir. İnsanların taleyi və sağlamlığı ilə oynamaq olmaz. Bu mənada “Bakı Bus” şirkəti örnək kimi götürülə bilər. Şirkət ildə ölkəyə təxminən 300-400 avtobus gətirir, xəttə buraxılan avtobuslar da normal fəaliyyət göstərir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 5 =