DOSTDAN XATİRƏ 60 İL YAXIN, UZAQ SƏXAVƏT TAĞIYEV…

0

YAXIN, UZAQ SƏXAVƏT TAĞIYEV…
(Əziz dostumun 60 illik yubileyini Xankəndi xatirələrimlə təbrik edirəm)

…Stepanrakertdə (indiki Xankəndi) – bu günkü Qarabağ bəlalarımızın təməl daşları qoyularaq az qala tam «erməniləşən», azərbaycanlıların qürurlu gəzmələri belə qəbul olunmayan bu şəhərdə çoxlarından fərqli şəkildə Səxavət Tağıyev əsilzadəliyi, kübar təbiəti ilə təmsil etdiyi millətin əzəmətini, möhtəşəmliyini nümayiş etdirirdi. Səliqəli və dəbdə olan geyimi ilə diqqəti cəlb edirdi. Səxavət Feyruz oğlu bir bəy balası kimi mənim doğma şəhərimə yaraşıq verirdi.
Səxavət ali məktəbə məndən bir il qabaq qəbul olunmuşdu. Mən isə onun əmisi oğlu – çox dəyərli, ruhən ziyalı insan, peşəkar pedaqoq Vahid Tağıyevlə bir qrupda oxumalı oldum. Vahidlə yaxınlığım və onun əmisi oğlü ilə birgə qalmaları mənə Səxavət müəllimin zəngin mənəvi dünyasına daha yaxından bələd olmağıma imkan yaradırdı.
Səxavətin İmişli rayonunun Əliqulular kəndində orta məktəbi necə oxuduğundan xəbərim yox idi. Bildiyim isə odur ki, o gənc olmasına baxmayaraq Stepanakert Pedaqoji İnstitutuna ağsaqqal, diplomat kimi gəlmişdi. Xalatryanın rektor olduğu institutda hər bir müəllimin nə ilə nəfəs aldığı barədə müfəssəl məlumatlı idi, qrup nümayəndəsi kimi tək tələbələrin deyil, həm də o dövr üçün «bərkgedən» sayılan müəllimlərin dilini, bir-biri ilə münasibətlərini yaxşı bilirdi. Tələbəlik illəri üçün aktual olan «Kimin xahişini kimə etmək olar?» sualının mükəmməl və dəqiq cavabı vardı Səxavətdə. Elə bu bacarığı, hətta deyərdim ki, qibtəedləcək bu xüsusi istedadı ilə Səxavət Tağıyev «dayısız» tələbələrə «dayı» olurdu – mərhəmətlik onun soy-kökündə vardı.
O, ağsaqqal, ağbirçək tərbiyəsi alaraq evdən, eldən gəlmişdi Stepanakertə. Hələ çox gənc ikən vəzifəliləri də gördümüşdü, pullu kişiləri də, pulu da. Bir sözlə günortadan sonra görənlərdən deyildi. Yetişmiş kişi kimi qədəm qoymuşdu instituta. Elə bu səbəbdən də bəzi müəllimlərin həll edə bilmədiyini və yaxud nəfsinin qulu olaraq etmək istəmədiyini Səxavət «xalq diplomatiyası» yolu ilə həll edirdi. Səxavət Tağıyev imkanı dairəsində pulsuz tələbənin kimlərinsə «sərin münasibəti»nin qurbanı olmağına yol vermirdi – Səxavətin qəlbində Uca Tanrının xofu vardı.
Səxavətin Stepanakertdə Dzerjinski küçəsində kirayə qaldıqları evdə də, doğma evində olduğu kimi süfrəsi həmişə açıq idi. Ulu Tanrı ona qonağını evinə ürəkdolusu dəvət etmək, çörəyini əsirgəməmək qabiliyyəti vermişdi. O Böyük Yaradanın yetirdiyi ruzini bölüşməyi bacarırdı və bilirdi ki, o ruzinin sahibi Uca Allahdır.
Mən də Səxavət və Vahidin süfrəsində tərəkəmə nemətlərindən çox dadmışam. İmişli qarpızı və pendirinin (təbii ki, seçmə idi) dadını hələ də unutmamışam.
Hələ tələbəlik illərindən azərbaycançılıq məfkurəsinin daşıyıcısı idi Səxavət müəllim. Elə o vaxtdan canında dövlətçilik, dövlətə sədaqət hissi var idi.
İnstitut illərimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrünə təsadüf etmişdi. Hələ o illərdən bizim üçün zirvə idi Heydər Əliyev. Ümummilli liderin böyüklüyü Stepanakertdə daha aydın görünürdü. Bu böyük şəxsiyyətin nüfuzunu erməni millətçiləri həzm edə bilmirdilər. Səxavət müəllimlə bu mövzuda söhbətlərimiz saatlarla uzanırdı.
Hələ tələbəlik illərindən azərbaycançılıq məfkurəsinin daşıyıcısı idi Səxavət Tağıyev. Xoş xatirələrə dalaraq etiraf edim ki, Səxavətin bərəkətli süfrəsi arxasında söhbətlərimiz çox vaxtı elmdən, dərsdən olmurdu. Biz o illəri «Birinci katib» olmaq eşqi ilə yaşayırdıq. Çox böyük iştahamız vardı – «ikinci katib» vəzifəsinə sahib çıxan yox idi. Gecənin yarısınadək uzanan söhbətlərimizdə İmişli rayon partiya komitəsinin birinci katibi Niyaz Kərimovdan başlayardıq, gəlib çıxardıq Boris Gevorkova. İmişlinin «1-ci katibinin»nin nömrəsi 30-00 olan xidməti maşınını da hallandırardıq. Beləcə, Rüstəm Səfərəliyev, Cavanşir Məmmədov, Sadıq Murtuzayev, Sail Sailov, Qəşəm Aslanov, Feyruz Mustafayev və s. kimi dövrün nəhəngləri biz kiçiklərin söhbətinin mövzusu idi.
Səxavət böyük arzularla yaşayırdı. Onun arzuları adi deyildi. Bu arzuların qeyri-adi olan birini Stepanakert Pedaqoji İnstitutundan ən şirin xatirəsi tək unuda bilmirəm – bəlkə də Səxavət müəllim unudub. O dövrdə SSRİ-nin bütün ali məktəblərində ixtisasından asılı olmayaraq bütün tələbələrə “Sov.İKP tarixi” dərsi tədris olunurdu. Eyni adlı qalın və zəhmi adamı basan kitab da var idi – “İstoriə KPSS”. Bu “ağır” kitabda Leninin, Stalinin, Kalininin, Svedlovun, Trotskinin, Zinovyevin və s. tarixi şəxsiyyətlərin adı hallarırdı və dünyanın bir çox liderləri bu kitabı oxumağa məhkum idi. Bir gün Səxavət Tağıyev mənə qəfildən sual etdi: – Görəsən, nə etsək adımız bu kitaba düşər?
Bu adi sual deyildi. Bu sualda həyata sonsuz məhəbbət, yaratmaq eşqi, ucalmaq, qurmaq, həyatda iz qoymaq sevgisi var idi. Bu sual hər adamın ağlına da gələ bilməzdi.
Səxavəti mənim üçün dəyərli edən onun tərbiyəsi idi. Bütün günü qrup nümayəndəsi kimi əlində jurnal institutu yaxşı mənada alt-üst edən, təşkilatçılığı ilə seçilən Səxavət Tağıyev şəxsiyyətində, o nurlu simasında valideynlərinin, ulularının əxlaqını, mənəvi dəyərlərini ehtiva edirdi. Nəsildən nəsilə ötürülmüş zəngin mənəviyyatı o böyük ehtiramla özündə yaşada bilirdi – bizlərdən fərqli olaraq institutun hər tinində bir sevgi məcərası yaşamırdı.
Tanrı Səxavətdən səxavətini əsirgəməmişdi. Elə tələbəlik illərindən gözəlliklər mücəssəməsi idi o. Dostcanlı, ünsiyyətcil və mehriban idi. Güclü yümor hissi də var idi Səxavətdə.
Səxavət ali məktəbi əla qiymətlərlə oxuyurdu. Qibtəediləcək təşkilatçılığı vardı. Fərqlənmə diplomuna real namizədlərdən biri idi. Fəqət, erməni qərəzi – Ararat adlı müəllimin mənəvi terroru – “3” qiyməti ilə Səxavət fərqlənmə diplomunu ala bilmədi.
…Fəqət, bu gün Səxavət müəllim həyatda fərqlənir – nümunəvi ailə başçısı, bütöv Azərbaycan kişisi olaraq! O, “Əməkdar müəllim” adını daşıyaraq xalqımızın övladlarının təhsil almaları üçün əlindən gələni əsirgəmir.
Rəsul Rza yazırdı ki, “mən bulağam, sifarişlə axmıram”. Mən də sifarişsiz olaraq bu yazını yazdım – qəlbimdən süzülənləri Ukraynadan əzəz dostuma ərməğan etdim.
Səxavət müəllim, əhf et ki, səni dəyərincə vəsf edə bilmədim.
Ömrünün 60-cı baharı mübarək olsun, Səxavət Tağıyev!
Kainatın idarə olunmasında sonsuz səlahiyyətlər sahibi olan Ulu Tanrı hər an köməyində olsun!

Hörmətlə,
Hikmət Xudiyev (Cəmilzadə),
əməkdar jurnalist,
daxili xidmət polkovniki,
tarix üzrə fəlsəfə doktoru,

Ukrayna, Kiyev
29 aprel, 2018.

Хикмет Худиев adlı şəxsin şəkli.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − eighteen =