Günay Yelmarqızı:Dünyanın ən gözəl Ağdamını tikəcəyik!

0

Sən azadsan, Qarabağın Ağ Damı… Qarabağın mərkəzi. Qonaqpərvər insanları ilə bəxtəvər olan şəhər. Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev…27 illik həsrətdən sonra biz sənə qayıdırıq…

Səni itirməyimiz bizim üçün müharibənin sonu demək idi. Çünki, sən böyüklüyünə, strateji əhəməiyyətinə görə Azərbaycanın Qarabağda dayağı, arxası idin.
Sən igid oğullar diyarı idin Ağdam. Döyüşkənliyinlə, qəhrəmanlğınla, Qarabağ savaşında verdiyin 6 mindən çox qəhrəman şəhidinlə ermənilərin kabusu idin.
Ona görə düşmən səndən xüsusi acıq çıxdı. Ona görə düşmən sənə qarşı xüsusi qəddarlıq, amansızlıq göstərdi. Səni ruhlar şəhərinə çevirdi, Ağdam. Köksünü bacara bildikcə yaraladı, daşını daş üstündə qoymadı. Meşələrini məhv elədi…
Sən tarixi abidələrin, mədəniyyət, memarlıq nümunələrinlə qədim keçmişin şahidisən, Ağdam… Qədim insan məskənlərindən biri. Qafqazda ilk şəhər tipli yaşayış məskəni, Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri. Qədim Albaniya ərazisində mövcud olan 26 tayfadan yüksək mədəniyyətə malik Qarqarlar sənin ərazindəki Qarqar çayı boyunca məskunlaşmışdı. Bu isə sənin Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını sübut edir.
130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunəsini yer üzündən sildi düşmən. Keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək Muzeyini vəhşicəsinə dağıtdı. Məhşur Çay Evinin daşını daş üstündə qoymadı.
Amma sənin Azərbaycanın bir parçası, gözəl Qarabağın döyünən ürəyi olmağın həqiqətini silə bilmədi.
Çünki, düşmən bizim evimizi dağıda bilər, ruhumuzu əsla!
Çünki, Azərbaycan xəritəsində, Azərbaycan mənəviyyatında yerin böyükdür, Ağdam. Azərbaycanı dünyada tanıdan Xan qızı Natəvanın, Süleyman Sani Axundovun, Xudu Məmmədovun, Adilə Namazovanın Vətənisən sən. Düşmənə qan udduran, mindən çox Xocalı əsirini ermənilərin əlindən xilas edən Allahverdi Bağırovun VƏTƏN-isən. Azərbaycan Muğamının professoru Arif Babayevin Vətənisən. Qurban Pirimovun, Sara Qədimovanın, Səxavət Məmmədovun, Rəmişin, Qədir Rüstəmovun Vətənisən.
İndi bir ayrı səslənəcək Qədirin “Sona Bülbülləri”. Dünyanı heyrətə gətirən “Qarabağ bülbülləri”i yenə “Bayatı-Şiraz”ı səsləndirəcək sənin köksündə…
20-ci əsrin 80-ci illərində ölkədə böyük əks-səda doğuran “Natəvan” qızlar bayramı, “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalları yenə sənin qoynunda keçiriləcək.
Dünyaya səs salan “Qarabağ” futbol klubun dünyanı “İmarət”ə gətirəcək.
Biz daha gözəl evlər tikəcəyik səndə. Dünyanın ən gözəl Ağdamını tikəcəyik! Yenə də ən gözəl evlər səndə olacaq. Yenə Ağdam Çay Evində çay içəcəyik. Yenə dünyada ikinci olan Çörək Muzeyimizə ziyarətçilər gələcək…
Qədim türk dilində “kiçik qala”dı Ağdam. Ağdam – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Biz yenə dünyaya Günəş kimi doğacağıq! 27 illik ayrılıqdan sonra biz sənə qayıdırıq, Ağdam! Azadlığın mübarək!



 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 4 =