Elmira Axundova: Vidadi İsgəndərliyə cinayət işi açılmalı, interpol vasitəsi axtarış elan edilməlidir

0

Vidadi İsgəndərli kimi insanlar hansısa xarici qrantlar qarşılığında öz cinayətkar fəaliyyətlərini həyata keçirirlər. Bu yolverilməzdir, şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış birinin Azərbaycanı ən eybəcər formada təhqirinə qarşı həmişə qəti etiraz etmişik və bundan sonra da etiraz edəcəyik.

Millixəbər.az-ın məlumatına görə bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyib. Deputat bildirib ki, Vidadi İsgəndərli kimi insanların giriş-çıxışlarında, açıqlamalarında heç bir sağlam tənqid yoxdur:

“Bu şəxsin ancaq təhqir, böhtan, aşağılama və millətə qarşı açıq-aşkar təxribatlarının şahidi oluruq. Onun kimilərin “intellektual səviyyəsi” ancaq təəssüf doğurur. İnsanları zorakılığa və terrora çağırmaq nəinki demokratiya normalarına, eləcə də beynəlxalq qanunvericiliyə ziddir. Buna görə də hesab edirəm ki, ilk növbədə hüquq-mühafizə orqanlarımız həmin şəxs barəsində hüquqi tədbirlər görməli, onun cinayət fəaliyyəti haqqında lazımi məlumat və sənədləri toplayaraq Fransanın hüquq-mühafizə orqanlarına göndərməlidirlər”.

Millət vəkili hesab edir ki, Vidadi İsgəndərli haqqında Azərbaycanda cinayət işi açılmalı, interpol vasitəsi ilə onun haqqında axtarış elan edilməlidir:

“Çünki Fransa heç bir hüquqi əsas və hər hansı bir dövlətin sorğusu olmadan hüquqi tədbirlər görməyəcək. Ona görə bunu mütləq nəzərə almaq lazımdır. Əgər Fransa hökuməti bundan sonra Vidadi İsgəndərlinin zorakılıq çağırışlarına və təxribatına göz yumarsa, onda rəsmi Parisin mövqeyi sadəcə qəzəb doğuracaq”.

Deputat Fransada yaşayan bir neçə siyasi mühacirin Azərbaycanı sevməyən qüvvələrin təsiri altında fəaliyyət göstərdiyini deyib:

“Fransa-Azərbaycan münasibətləri normal məcrada inkişaf edir, bir çox iqtisadi və siyasi əlaqələrimiz mövcuddur. Fransa hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və biz bunu şübhə altına almırıq. Görünür, ölkəmizə qarşı fəaliyyət göstərən bir sıra qüvvələr də məhz bu səbəblə az qala Fransada ikinci siyasi qüvvə sayılan erməni lobbisinin təsiri altındadırlar. Ona görə də Vidadi İsgəndərli və başqaları haqqında çox ciddi hüquqi tədbirlər görülməlidir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × three =