Formula 1 yarışına yerli maraq artıb – hazırlıqlar barədə AÇIQLAMA

0

Bakıda 2017 Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı hazırlıqlar davam edir.

Millixəbər.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Modern.az saytına açıqlama verib.

“Bakının mərkəzində tikinti işləri aparılır, tribunalar quraşdırılır, təhlükəsizlik barierləri qoyulur. Bununla yanaşı könüllü və işçi heyəti ilə təlimlər davam etdirilir. Artıq demək olar ki, son hazırlıqları görürük. Düşünürəm ki, iyun ayının 19-a kimi hər şey hazır vəziyyətdə olacaq”.

N.Arpadarai təbliğat işlərinin aparıldığını diqqətə çatdırıb:

“Keçən ilin dekabr ayından etibarən bilet satışına başlamışıq. Həmin vaxtdan etibarən hədəf seçdiyimiz ölkələrdə, bilet satışı və müəyyən kampaniyalar aparırdıq. Bu proseslər indi də davam edir. Bilet satışları keçən illə müqayisədə yaxşı gedir. Artıq 57 ölkədən bilet alınıb. Birinci onluğa Rusiya, Azərbaycan, Böyük Britaniya və bəzi ərəb ölkələri daxildir. Bu Formula 1-də iki dəfə çox turist gözlənilir”.

Bilet satışını yeni zonalarda açdıqlarını bildirən N. Arpadarai, həmyerlilərdən diqqətəlayiq maraq gördüklərini deyib:

“Keçən ildən fərqli olaraq bu il, 2 yeni zona açdıq. İndi gözlədiyimiz kimi Azərbaycan vətəndaşları daha çox bilet alır. Çünki yarışa çox az bir vaxt qalıb. Keçən il əyləncə zonaları sadəcə bulvar ərazisində idi. Bura Sahil və Sabir parklarını da əlavə etdik. Orada xüsusilə, biletləri ucuz qiymətə satışa çıxardıq. Bunu da ona görə etdik ki, insanlar Formula 1-i izləmək istəyirlərsə, alıb gələ bilsinlər. Fərqi ondadır ki, o zonalarda bilet alan insanlar bulvara və konsertlərə gələ bilməyəcəklər, lakin bilet aldıqları zonanın özündə təşkil olunacaq əyləncələrə qatıla biləcəklər. Bu biletlərə kifayət qədər endirim etmişik. Qiymətlər 10 manatdan başlayır. Ona görə düşünürəm ki, hər kəs gəlib izləyə bilər”.

O, yarışın əyləncə proqramına dair məsələyə də toxunub:

“Artıq bizim əyləncə proqramımız elan olunub. 3 gün ərzində 4 dünya ulduzunun konserti olacaq. Tarkan, “Blek Ayd Pies” qrupu, Nikol Şerzinqer və Mera Keri. Bu il maraqlı bir proqram bizi gözləyir”.

Qeyd edək ki, N.Arpadarai yaxın günlərdə mətbuata açıqlamasında, Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin iyunun 21-də  Bakıda olacağını bildirmişdi.

İyunun 23-dən etibarən pilotların əsas praktikası başlayır, daha sonra yarışlara start veriləcək. Yarışlar iyunun 25-də başa çatacaq.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 + 6 =