Gənc şairə Əfsanə Rəvanın şeirlərini təqdim edirik:

0

Kiriyir xatirələr

Sükutuna qapanıb vahiməsi, qorxusu,
Kiriyib xatirələr bir qadının dilində.
Sanki ərşə çəkilib gözlərinin yuxusu,
Əsir qalıb ömürlük ayrılığın əlində.

Vədəsiz dən düşübdü sığalsız tellərinə,
Yıxılır yollarının boşluğunda o qadın.
Hər gün lənət yağdırır üşüyən əllərinə,
Bağışlamır qəlbinin daşlığına o qadın.

Gecələr xəyal qurub, gün ağlayır özünə,
Yuxular yastığını deşir səhərə kimi.
Ovuc-ovuc dualar göndərir göy üzünə,
Görən gəlib çatırmı, sizin şəhərə kimi.

Qayıdırsan, qayıt gəl, dəyişsin əhvalını,
Küçə-küçə uzaqlıq nə deməkdir bilirsən?
Bir gün çıxar qarşına soruşarsan halını.
Sənsizəm deyə bilməz utanarsan ölərsən.

Qayıdıb dönərsən bacarsan o da

Sən ki, qayıtmadın həmin zamandan,
Səndən uzaqlarda bir qız ağladı.
Öldürdü içində ömürlük səni,
Kəsdi saçlarını, matəm saxladı.

Ay yazıq, ahına keçməkdən qorun,
Səni o əllərin qarğışı tutar.
Gözün yad gözlərdən od oğurlayar,
Səni o gözlərin baxışı tutar.

Tutar səni yerlə, göy arasında,
Küləyin qəzəbi, kini, hikkəsi.
Atdığın hər addım üzünə durar,
Yoxdur o yolların kimi-kimsəsi.

Soyuyar dualar ovuclarında,
Tərk edib getdiyin gün düşər yada.
Könlündən gizlicə qayıtmaq keçər,
Qayıdıb dönərsən,
-bacarsan o da….

Darıxmışam o balaca qız üçün

Onda hələ uşaq idim körpəcə,
Hər gün sevib, əzizləyən çox idi.
Onda hələ balacaydı saçlarım,
Ələ gələn hörüklərim yox idi.

Onda elə həvəsliydim hər şeyə,
Böyük-böyük çəkmələrlə gəzərdim.
Anam görüb danlayardı hər dəfə,
Gözlərimi bulaq edib küsərdim.

Sonra məni evimizdən bir nəfər,
Yamanca tez böyütməyə can atdı.
Öldürdü o bapbalaca uşağı,
Əvəzinə böyük qadın yaratdı.

Mən də ata ocağında o gündən,
Odlanaraq, yana-yana böyüdüm.
Göz yaşımı axıtdım e içimə,
Qəsd elədim şirin cana böyüdüm.

Sonra bir də ayıldım ki, yaş ötür,
Gün axtardım içimdəki buz üçün.
İndi hər şey yolundadı fəqət mən,
Darıxmışam o balaca qız üçün.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven + fifteen =