Gənc Yazar Aygün Sadiqin yeni şeiri: “MƏN SƏNƏ YOLUXMUŞAM”

0

MƏN SƏNƏ YOLUXMUŞAM

Mən sənə yoluxmuşam, sorma xəstəliyimi,
Varlığım iztirabdan bezib yorulmur artıq,
Eşqin əsiri olan dəli aşiqlər kimi
Cismimin varlığından xəbərim olmur artıq,

 

Yadındamı, bir dəfə mənə çiçək verəndə
Üzünə kobudluqla sormuşdum: ” Niyə verdin?!”
Ürəyim sevinsə də səndən ilgi görəndə,
Yenə etirafını oxumadan silərdim.

 

Yamanca çəkinərdim hisslərimi deməyə,
Mən qəsdən gecikəndə o tində gəzişərdin,
“Sevirəm” kəlməsinə cavab verərdim : “Niyə?”
Bunu biganəliyə yozub incik düşərdin…

 

Etinasız deyildim, utanırdım, sadəcə,
Ta ki, cəsarətimi toplayan günə qədər,
Yadındamı, hər şeyi unutduğumuz gecə?
Yadındamı, sevişdik sabah olana qədər?

 

Eləcə zillənərdi gözlərimə gözlərin,
Əllərin qısqanardı saçlarımı küləyə,
Ah, nə qədər özəlmiş könül evimdə yerin-
Kimsə yaxın gələmmir səndən sonra ürəyə…

 

Soyuq bir planetdə eşqə həsrət qalanda
Qarşılıqlı ödədik ruhun ehtiyacını,
Nə gözəl xatirələr buraxdıq ayrılanda-
Saçlarımda ətrini, köynəyində saçımı….

 

Yaddaşında mənimlə bir yığın xatirə var,
Mənlə yaşadıqların ölənəcən bəsindir,
Ömrün beşinci fəsli soyuyanda havalar,
Ruhumu üşüməkdən qoruyan nəfəsindir…

 

Ruhum cismin içində könülsüzcə gəzinir,
Səndən öncə var idim, səndən sonra yoxmuşam,
Səmadan üzərimə bir qucaq kədər enir;
Necə mərəzmiş belə? Mən SƏNƏ yoluxmuşam!

AYGÜN SADİQ

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × one =