Gənc yazar Aynur Haqverdi nin yeni şeirləri

0

Çərçivədəki şəklimizin sən olan tərəfin
kəsib, təyyarə düzəldib
uçurmuşam lap uzaqlara.
Bəlkə də, bir sevinc payı göndərmişəm
Göydə təyyarə görəndə sevinən uşaqlara.
Dağları, çayları sülənib gəzən küləklərdən
Daha istəmirəm ətrini sənin.
Səni boğulmaqdan qurtaran köpəyin tək
Daha istəmirəm xətrini sənin.
Məni sularına daş atdığım
Balıqların ahı tutdu.
Amma balıqlar atdığım daşları unutdu.
Daha darıxmıram, deyim biləsən.
Otağımın pəncərəsinə
Günəş şəkli çəkmişəm.
Gecələr qorxmayım deyə.
Şəkil deyirəm…
Şəklin…
Çərçivədə yerin bomboş qalıb.
Üstəlik məzartək qaralıb.

******

Doyunca baxmadım gülə, çiçəyə,
Nəğmə oxumadım bir kəpənəyə,
Zövqlə baxammadım quşa, böcəyə,
Heç qanad vermədim bircə diləyə.
Yenə təlatümsüz gəlib keçdi yay.

Dadın çıxarmadım yenə də fəslin,
Bir quşa demədim hardandır əslin,
Haradan gəlibsən? Haradır elin?
İstəsəm bilərdim quşların dilin.
Yenə təlatümsüz gəlib keçdi yay.

Nə gölə, nə çaya bir an baxmadım,
Güllərdən saçıma çələng taxmadım
Toylarda əlimə xına yaxmadım.
Şimşək tək səmada niyə çaxmadım?
Yenə təlatümsüz gəlib keçdi yay.

İstəsəydim növ-növ güllər açardım,
Uşaq tək çəməndə hər gün qaçardım.
Dünyaya Günəş tək sevinc saçardım,
Qartal tək səmada qıyla uçardım.
Yenə təlatümsüz gəlib keçdi yay.

Soyuq təkliyimdə heç darıxmadım,
Kölgəyə qısıldım günə çıxmadım.
Ana təbiətin əlin sıxmadım,
Tənhalıq sevgimi yerə yıxmadım.
Yenə təlatümsüz gəlib keçdi yay.

Özümü otağa məhkum eylədim,
Üzümü yenə də yaydan gizlədim.
Yaxşını, yamanı gizlin ələdim,
Arabir dünyama şeir çilədim,
Yenə təlatümsüz gəlib keçdi yay.

Qapımda dayanıb işarır payız,
Ona da sözümü deyim bir ağız.
Ey payız, sən, yaman arsızsan, arsız.
Səndən də yan qaçır şeir yazan qız.
Yenə təlatümsüz gəlib keçdi yay.

*******

Şəhərimi tərk etmişəm
Kəndinin xətrinə
Ciyərlərim möhtacdır
Nəfəsinin ətrinə
Sevgimi hörürəm
şeirimin hər sətrinə.

Pişiyim də küsüb məndən,
Sən gedən o məşum gündən.
Günəş çıxmır bu diyarda,
Havada çən, ağlımda sən.
Bayquş kimi tənhayam mən.

Sərçələr də yemir artıq,
Səhərlər atdığım dəni…
Quşlar da özləyir səni…
Burada bir həssas ürək
Bir qız var, gözləyir səni.

 

Aynur Haqverdi
10.02.2019

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 − 15 =