Gənc yazar Aynur Haqverdinin yeni şeiri ” Səni gətirən yuxular çoxdan unudulub”

0

Səni gətirən yuxular çoxdan unudulub.

İçinə qənd salıb arxanca atdığım
sular dönüb bulud olub.
Bəlkə də, indi həmin bulud pəncərənə
narın-narın yağmaq istəyir.
Bilirəm, əllərin indi
başqasının əllərinə dəyir.
Gözlərin indi başqa qəlbi isidir.
Bilirəm, yanındakı çox xoşbəxt biridir.

Gecənin gündüzdən nə fərqi?!
Günəş də ömrümə şəfəq saçmır daha.
Dodaqlarım sevincdən qaçmır daha.
Qəlbimdə min dua,
Əllərim yalvarır Allaha.
Sən gedəli, arzular boylanmır sabaha.

Bəlkə də, indi evinin üstündə
bir dəli şimşək çaxır.
Bəlkə də, yanındakı sənə qısılaraq
pəncərədən səmaya baxır.
Sanki, qırım-qırım edilmiş qəlblərin
çatlarının göylərdə əksidir ildırım.
Sanki, ağlatdığımız insanları
bizə xatırlatmaq üçün yağır yağışlar.
Arxanca atdığım sular
bulud olub qatar-qatar.
Bəlkə də, pəncərənizi
döyəcləyir yağışlar.
Bəlkə də, yanındakı
ən gözəl paltarını geyir

əzizim, gəl gedək
yağışda rəqs edək deyir.
İçinə qənd salıb arxanca atdığım
sular üstünüzə yağır bir-bir.

Aynur Haqverdi

Qəlbim silahlanıb xatirələrdən,
Ruhuma tuşlayır kədəri, qəmi.
Boyumu adlayıb ötən qəhərdən,
Boylanır dünyanın dərdi, sitəmi.

Əllərim qoynumda dustağa dönüb,
Nə bahar, nə də yay isitmir məni.
Günəşli günlərim sazağa dönüb,
Vaxt olur soyuq da üşütmür məni.

Yağışda islanıb, ümmandan bezib,
Özünü qayaya çırpan dalğayam.
Bir qətrə hüzurçün cahanı gəzib,
Mənzilə çatmayan bir piyadayam.

Əsən küləklərdə uçub ümidim,
Yağan yağışlarda axıb sevincim.
Vaxt vardı gerçəkdən yaşayır idim,
İndisə itirəm mən ilim-ilim.
….
Əsir xəfif payız mehi,
Rəqs eyləyir quru otlar.
Göydən yerə baxır Günəş,
Tamaşaya dönür diyar..

Bu sevincə şərik çıxan,
Yerə düşmüş qoz yarpağı.
Xışıldayıb həzin-həzin,
Qucaqlayır hey torpağı.

Əzizimsən deyə-deyə,
Dəli kimi öpür yeri.
Üstəlik də söyləyir ki,
Darıxmışdım yaydan bəri.

Nə yaxşı ki, gəldi payız,
Yorulmuşdum şən günlərdən.
Həyatımız qəribədir,
Səadət də yorur hərdən.

Fərəh dolu yaydan bezib,
Qəmli payız gəlsin dedim.
Geri gəlməz o anların,
Bilirəm ki, haqqın yedim.

Aynur Haqverdi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eight + fifteen =