Çərşənbə axşamı, İyul 14, 2020
Ev XƏBƏR LENTİ ƏDƏBİYYAT Geriyə yol qalmayanda – Sərvaz Hüseynoğlu yazır

Geriyə yol qalmayanda – Sərvaz Hüseynoğlu yazır

0

Səyyad Aranın “Başdaşı” romanı üzərinə

Sevdanı gizli tuta bilməzsən – deyirlər. Sevda görünür. Gözlər sevdanı ələ verir. Baxışlar sevdanı sərgiləyir…

Sənətkarlıq da sevda kimidi; sərgiləyəni, faş edənisə üslubdu… “Yaradıcılıqda üslubdan sonra nə gəlirsə təfərrüatdı” deyənlərin yanındayam. Səyyad Aranın eyniadlı kitabına daxil etdiyi “Başdaşı” romanını oxuya-oxuya belə düşünürəm.  Ədəbi üslubun, yazı tərzinin cazibədarlığı, səmimiyyəti barədədi bu düşüncələr. Gəlib “Başdaşı” romanının ilk cümləsi, oxucuyla ilk təması üzərində dayanır. Və elə ilk təmasdan hiss edirsən ki, artıq geriyə yol yoxdur, bu üslub, yazı tərzi səni romanın sonunacan çəkib aparacaq; yormayacaq, bıktırmayacaq: “Səməndər üşənən kimi oldu. Yooxx, qorxmadı – öz eli-obası, hər qarşına bələd olduğu həyəti-bacası”…

Bilirsən ki, bu ilk və yatımlı cümlənin mətləbini Səyyad Aranın illərin tanışı olan bəzərsiz yazı tərzi yatımlı şəkildə sonacan çatdıra biləcək; yerli-yerində, öz axarınca… Ən gərgin dramatik məqamda belə Səyyadın yazıçı dili pilə kimi yumşaq təbiətinə sadiq qalacaq. Məsələn, belə:

– “Hara gedirsən, aazz?..

– Camala baxmağa, – Nübar çaşıb qaldı.

– A verananın qızı, Qürbəti deyirəm…

Nübarın əli üzündə qaldı: “Yəni kişi xəriflədi?”

Burası o məqamdı ki, Qarabağ qaçqını  Səməndər kişi şəhid oğlu Qürbət üçün düzəltdirdiyi və imkan tapıb məzarının üstünə qoya bilmədiyi başdaşını da köçqarışıq yeni qaçqın düşərgəsinə gətirib. Şaxtalı bir gecədi. Şəhid oğlunun başdaşı bayrıda – sığınacağın girişinə söykəli qalıb. Dərdli atanın gözünə yuxu getmir. Fikri başdaşının  yanındadı. Elə zənn edir ki, bayırda, sazağın-şaxtanın altında qalan quruca başdaşı yox, canlı övladıdı. Üşüyür. Soyuğun təsirindən donur. Ona görə də özünü saxlaya bilməyib arvadı Nabatdan xəbər alır: “Uşağın üstünü örtmüsənmi?.. Dur bir şey at üstünə!”

Təsirli bir səhnədi. Və Səyyad Aran bu ağrılı səhnəni özünəməxsus, koloritli yazıçı dilinin köynəyindən elə ustalıqla keçirir ki, oxucu Nabat xalanın köhnə adyallardan birini şəhid balasının başdaşının üstünə çəkməsinin ağrısını öz şəxsi kədəri, təsəllisi kimi yaşayır…

Köçkün həyatının ilk yaşantıları Səyyad Aranın təsvirində unudulmaz (həm də çox dəqiq) detallarla, yaddaqalan cizgilərlə verilib: “Hələ ki, belə yaşamağa alışa bilmirdilər. Mil düzündə səhər bir cür açılır, gecə bir cür düşürdü. Dağların ətəyindən axan çayların uğultusu, evlərinin ayağında qaynayan bulaqların zümzüməsi yox idi. Səhərlər yerə basdırılmış dirəklərdən asılı əlüzyuyanların səsindən zinhara gəlmişdilər. Kişilərin onsuz da pozulmuş əsəbləri tez-tez tarıma çəkilirdi:

– Aaz, bu andıra qalmışa su tök!

– Elə indicə doldurmuşdum ki… – arvadlar dodaqaltı deyinirdilər…”

Zorla sürükləndiyimiz Qarabağ müharibəsində tarixi düşmənlərimizin soydaşlarımızın başına gətirdikləri müsibətlər “Başdaşı” romanında bütün reallığı ilə öz əksini tapıb.

“Başdaşı”nda şəhid atası bir Səməndər kişi var ki, doğma yurd-yuvasından didərgin salınmış soydaşlarımızın tale ortağı, ümumiləşdirilmiş obrazı kimi təqdim edilib.

Əsərdə bir Nabat ana var ki, onun timsalında “dönüb ağ göyərçinə yollara qonub ağlayan” nigaran anaların ovunmaz dərdi heykəlləşib.

Minarə milli düşüncəmizin “bacılar qurban gedər qardaş gələn yollara” vəfadarlığının gerçək abidəsi kimidi: “Yatmamışdan niyətini anasına bildirmişdi. Qərara almışdı ki, o da atası ilə birlikdə getsin:

– Qürbətin başbaşı gərək özünə layiq olsun. Bəlkə ona nakam qardaşının sevdiyi qız da baxacaq…

Anası hönkürmüşdü… Qəhərləndiyindən Minarə də sözünün ardını gətirə bilməmişdi.

Səməndər kişi bilirdi ki, bir fikir Minarənin başına girdi, onu ordan çıxarmaq qeyri-mümkündü. Özü də Qürbətlə bağlı.

Yorğanı qaldırıb yerinə girmişdi. Minarə bunu razılıq əlaməti kimi qəbul etmişdi.

Atası hər ehtimala qarşı soruşmuşdu:

– Anan bilir?

– …bilir”.

Düyününə əl apara bilmədiyi cavabsız suallar qarşısında matı-mutu quruyub Səməndər kişinin: “Bu uşaqlar nə tez böyüdülər?”

Və yaxud böyüdülərmi? Böyüməyə qoydularmı? Boylarını ölçdü-biçdi qoşa lülələr. Boylarını biçib keçdi qızıl güllələr.

Dərd yerinə döndü şəhid atası Səməndər kişi.

Dərd yerinə döndü şəhid anası Nabat.

Dərd yerinə döndü şəhid bacısı Minarə…

Dərd yerinə döndərdilər bütöv bir eli.

“Ən böyük qazansa Azadlıq meydanında qaynayırdı. Axşamlar boz-bulanıq, dumanlı hava nəhəng çanaq kimi Bakının başından basırdı; təkcə şəhərin yox, elə adamların da. Şəhər yükün altında titrəyirdi, tövşüyürdü, tıncıxırdı. Əhali də həmin vəziyyətdəydi… Çünki çıxış yolu yoxuydu, görünmürdü. Amma şəhər hələ ki, dözürdü, duruş gətirirdi.

Elə adamlar da.

Xalq öz Xilaskarını axtarırdı…”.

S.Aran romanda sözsüz detal və ştrixlərlə, daxili və sönməz bir məhəbbətlə yolu gözlənilən Xilaskarın parlaq obrazını xüsusi sənətkarlıqla canlandırıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 − two =