Həmrəyliyimiz Ulu Öndərin milli ideologiya və həmrəylik ideyalarının təntənəsidir

0

Hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub.

1991-ci il dekabrın 16-da Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir. Naxçıvandan başlanan xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi Qərara əsasən 1991-ci ilin son günü – dekabrın 31-də həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edildi.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. Həmin sessiyadakı çıxışında Ulu Öndərimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyib: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərarın qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır.

Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Ötən əsrin sonlarında gedən prosesləri təhlil etdikdə bir daha görürük ki, 1990-cı ildə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış addım sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin görkəmli dövlət xadiminin adı ilə bağlı olduğunu vurğulayaraq deyib: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”. Birlik və həmrəylik bütün maneələri dəf edir Həmrəyliyin, birliyin müsbət nəticələri 1991-1993-cü illər ərzində muxtar respublikada görülən məqsədyönlü işlərdə də özünü qabarıq şəkildə göstərdi.

Çünki o vaxt elə bir dövr idi ki, Naxçıvan demək olar dünyadan təcrid olunmuş, işğal təhlükəsi ilə üz-üzə qalmışdı. Ancaq muxtar respublika sakinlərinin Ulu Öndərimizin ətrafında sıx birləşməsi, müdrik rəhbərin böyük səyləri və şəxsi nüfuzu hesabına Naxçıvanda çox böyük işlər görüldü. Onlardan ən əhəmiyyətlisi isə, heç şübhəsiz, müstəqil dövlətimizin təməl daşlarını təşkil edən mühüm tarixi qərarların qəbul edilməsidir. Bütün bunlar ona görə mümkün olmuşdu ki, həmin dövrdə respublikada hərc-mərclik baş alıb gedirdisə, Naxçıvanda birlik, həmrəylik mövcud idi. Həmin dövrdə ölkəmizin təsərrüfatı, sənayesi dağılmışdısa, Naxçıvanda bu sahələrdə quruculuq işlərinə başlanılmış, torpaq islahatları aparılmışdı.

Təsadüfi deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik, milli həmrəylik, azərbaycançılıq oldu. Bu ideologiya isə real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək məqsədlərinə xidmət edir. Xalqımızın milli-mənəvi dəyərlərindən güc alan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin təmin olunması üçün uğurlu təməl rolunu oynayır. Bu, elə bir ideologiyadır ki, Azərbaycan var olduqca o da var olacaqdır. Həmin illərdə Naxçıvanda görülən mühüm işlərin – istər iqtisadiyyat, istərsə də ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən əldə edilən nəticələrin bütün Azərbaycan miqyasına yayılması arzusunda olan xalqımız 1993-cü ildə Ulu Öndərimizin yenidən siyasi hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Görkəmli dövlət xadimi hakimiyyətə gəldikdən sonra Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl, məqsədyönlü siyasət yürütdü. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil edirdi. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ulu Öndərimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildi.

Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə milli həmrəyliyin ən yüksək zirvəsi, diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı oldu. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı.

Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlər soydaşlarımızın daha mütəşəkkil təşkilatlanmasına səbəb olub Görkəmli dövlət xadiminin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub.

Ölkə rəhbərinin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoydu. 2016-cı il iyunun 3-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında isə bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olundu.

Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin və həmrəyliyinin təntənəsinə çevrildi. Bu gün dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilib, onun beynəlxalq aləmdəki nüfuzu xeyli artıb. Bu gün biz dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik.

Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görür. Bu isə onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətlərinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.

Ulu Öndərin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasəti bu gün uğurla davam etdirilir Dövlətimizin başçısının hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbrikləri Ulu Öndərin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin bu gün uğurla davam etdirildiyini bir daha göstərir. Azərbaycan Prezidentinin bu il dekabrın 25-də dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubunda deyildiyi kimi: “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk”.

Hər bir azərbaycanlı üçün doğma Vətənimiz ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmin bir məkandır. Bu yüksək dəyərləri bizə aşılayan isə Vətən sevgisi, milli mənsubluq duyğusudur. Bunu yaradan və kütləviləşdirən isə milli ideologiyamız və həmrəylik ideyalarıdır. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək.

Sia.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − 14 =