Həqiqət Səlimova:”Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir”MÖVQE

0

Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.

1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.

Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində-referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapmışdır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunmuş, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilmişdir.

Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılmışdır. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır.Azərbaycan Respvublikasının Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.

Dərin hörmət və ehtiramla,

Sabiq Bakı Nigah Evinin direktoru Həqiqət Səlimova

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − three =