Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam edir

0

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.

Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaldıb, əksinə, daha da artırıb. Ulu öndər sonralar bu dövrü belə xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.

Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur

Kabus Dadaşov 

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × two =