“Hikmət Hacızadə getsin…” – Qazaxdan CAVAB GƏLDİ

0

Millixəbər.az xəbər verir ki, Keçmiş səfir Hikmət Hacızadənin Kulis.aza müsahibəsi geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının rəhbəri Barat Vüsal da öz münasibətini bildirib. O, Kulis.aza açıqlamasında qeyd edib ki, Səməd Vurğuna hücum Azərbaycan xalqına qəsd deməkdir. O, eyni zamanda  Himkət bəyi qeyri-peşəkar hesab etdiyini deyib:

 

“Xəlil Rzanın şeirini Səməd Vurğunun adına çıxarmağından görünür ki, məsələnin nə olduğunu bilmir. Şeirin müəllifini bilmədiyi halda, o şeirlə Səməd Vurğunu ittiham edir. Mən belə başa düşürəm ki, Səməd Vurğuna qarşı ədalətsiz hərəkət Azərbaycan mənəvi dünyasına qarşı atılan qeyri-dəqiq addımdır. Onun sənətkarlığı haqqında xəbərləri yoxdursa, danışmasınlar. Səməd Vurğuna sənətkar kimi yanaşmaq lazımdır. Ona öz dövrünün sinfi nümayəndəsi kimi baxmaq düzgün deyil. Bu baxımdan yanaşsaq dünyada onlarla şair, yazıçı adı çəkib hamısını ittiham etmək olar. Hər şairin, yazıçının səhvləri olub, ola bilər”.

 

Daha sonra Barat Vüsal Hikmət Hacızadənin “Səməd Vurğun dostlarını satıb” iddiasından danışıb:

 

“Səməd Vurğunun kimisə satması yalan söhbətdir. Səməd Vurğunun satqın olmadığını bilmək üçün onun əsərlərini təzədən oxumaq lazımdır. Hikmət Hacızadə getsin, o şeirləri yaxşı oxusun. Səməd Vurğun kimi Azərbaycanı sevməyi bacarmaq lazımdı. Onun qədər öz Vətənini sevən ikinci şair tanımıram. Təklif edirəm, ittiham etməkdənsə əsərlərini təzədən oxumaq lazımdır. “Aslan qayası” poemasında yazır ki, insan azadlıq, azadlıq insan üçün yaranıb. Gənc vaxtında bu cür mütərəqqi fəlsəfə irəli sürən birinə kimlərisə satıb iddiası sadəcə gülüncdür. Səməd Vurğuna hücumu millətə, millətin mənəvi dünyasına qəsd hesab edirəm.”

 

Şairin həmyerlisi Səməd Vurğunun dövrün tələbinə uyğun yazmağında qəbahət görmədiyini söyləyib:

 

“Səməd Vurğunun satıb dedikləri şairlər sosializmlə bağlı fikirlər deməyib? Onların da bu cür əsərləri olub. Hardan bilərdilər, aqibətləri nə olacaq? İndi Mikayıl Müşfiqi ittiham eləyək buna görə? Dostoyevki türklərə qarşı olub, buna görə Dostoyevskini silək?”

 

B.Vüsal son olaraq qeyd edib ki, Azərbaycan xalqına kimin hörməti varsa, kim özünü bu xalqa borclu hesab edirsə, Səməd Vurğuna da o cür hörmət etsin:

 

“Ədəbiyyat dil deyil? Səməd Vurğun da bizim dilimizdi. Kimi istəsən tənqid etmək olar, Səməd Vurğuna yox! Səməd Vurğun nə yazıbsa əlinin içindən gəlib, lap yaxşı da edib yazıb. Əsas odur sənətkardır. O vaxt dövrün, zamanın tələbləri vardı. Hüseyn Cavidi, Müşfiqi Səməd Vurğunla qarşı-qarşıya qoymaq olmaz. Onların üçü də böyük sənətkarlardır.”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × two =