Hikmət Şikarov: Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

0

“26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Onun 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndərin bu Fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir”.

Millixəbər.az xəbər verir ki, bu fikirləri YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

H.Şikarov bildirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır və əsasını təşkil edir. Sirr deyil ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. O da bəllidir ki, müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada, fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ordumuz da bu tərəqqiyə uyğun şəkildə inkişaf edir.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam – intizama malik bir quruma çevrilib. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır.

H.Şikarov daha sonra qeyd edib: “Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Ümumiyyətlə, son illər bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bu gün dünya reytinqində də ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz eyni zamanda dünya hərb sənayesinin ən son yenilikləri olan silah – sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu – rəhbər birliyi, ordu – xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır.

Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və möhkəm iradəsinə söykənmiş siyasəti nəticəsində 2016-cı ildə Lələtəpə zəfəri, habelə 2017-ci ildə Günnüt qələbəsi qazanıldı, düşmən sarsıdıcı zərbələr alaraq geri çəkilməyə məcbur oldu, işğal altındakı torpaqlarımızın müəyyən bir hissəsi azad edildi: “Məhz bu gün Şanlı Ordumuzun qarşısında duran əsas vəzifə odur ki, cənab Ali Baş Komandan əmr verəcəyi təqdirdə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin: “Çünki Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündə və qüdrətindədir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Buna görə də biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da onun arxasındayıq”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 − 2 =