İradə Talıblı:Vətənpərvərlik qığılcımları ailədə közərir, məktəbdə ALOVLANIR

0

5 Oktyabr – Azərbaycan müəllimlərinin peşə bayramı kimi qeyd edilir.

Hər il ömründən bir ömür gedən, hər il yaşına bir il də əlavə olunan müəllim ömrü. Bu minvalla davam edir müəllim ömrü.
Həmişə belə deyilib ki, müəllim şərəfli peşədir, şərəfli olduğu qədər də çətin sənətdir. Tarix boyu müəllimləri yetişdirən müəllimlər olmuşdur. Bu gün biz müəllimlərin bütün peşə sahiblərinin yetişməsində rolu olduğu kimi.Yəni prezidentin, həkimin, alimin, zabitin – bir sözlə, hər bir mütəxəssisin öz müəllimi olmuşdur.
Nəzərə almaq lazımdır ki, müəllim anadır, atadır, yoldaşdır, nənədir, babadır. Müəllim Vətənini, xalqını, dilini, bayrağını, himnini sevən, ona bağlı olan, onlara hörmətlə yanaşan bir varlıqdır – vətəndaşdır.
Vətənpərvərlik ailədən başlayır, qığılcımları da ailədə közərir. Məktəbdə isə alovlanır. Peşəsini, ixtisasını sevən, dil-ədəbiyyatı tədris edən bir müəllim kimi həmişə çalışmışam ki, şagirdlərim dilimizin zənginliyini duysun, onu dərindən mənimsəsin, ədəbiyyatını sevsin, oxuduğu əsərlərdən nəticə çıxarmağı bacarsın, özünü baş qəhrəmanın yerinə qoysun.
Biz müəllimlər yeniyetmələrə təkcə dilimizi, ədəbiyyatımızı deyil, eləcə də tariximizi, coğrafiyamızı, incəsənətimizi, milli-mənəvi dəyərlərimizi öyrətmiş, onları qorumağı tövsiyə etmışık. Şagirdlərimizə vətənpərvərlik, düzlük, gözütoxluq, əzmkarlıq, Vətənə məhəbbət, insana dəyər vermək bacarığı, əyilməmək, əzilməmək, milli qürur hissi – bir sözlə, Azərbaycan xalqına mənsub olan bütün insani keyfiyyətləri aşılamağa çalışırıq.
Bu gün başda Ali Baş Komandan olmaqla ordumuzun zabit və əsgərləri, könüllü olaraq ordu sıralarına qatılmış gənclərimiz Vətənin müdafiəsinə qalxmışdır. Bütün xalq həyəcan içindədir. Qəhrəman əsgərlərimizin Vətən torpağını addım-addım xain işğalçılardan təmizləməsi xəbərlərini boyük qürur hissi ilə izləyir və ordumuzun yeni zəfər sədalarını səbirsizliklə gözləyirik. Lap yaxın zamanda tam qələbə çalacağımıza inanırıq.
Düzdür, şəhidlərimiz və yaralılarımız var. “Torpaq uğruda ölən varsa, Vətəndir!” – deyiblər. Şəhidlərimizə Allahdan rəhmət, onların yaxınlarına səbir diləyirəm. Ordumuza uğur və qələbə arzulayıram.
Bu gün biz müəllimlərin peşə bayramı olsa da, bayram əhvali-ruhiyyəsi yoxdur. Bayram əhvalımızı torpaqlarımız tam azad olduqda, müqəddəs bayrağımız işğaldan azad olmuş bütün ərazilərdə dalğalandıqda yaşayacağıq. O gün yaxındadır! Zəfər bizimlədir!

Xırdalan şəhər 9 № li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Talıblı İradə İbadulla qizi.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nine + fifteen =