İran-İsrail münasibətlərinin açılmayan düyünü: Fələstin məsələsi

0

Son günlər İran və İsrail arasında gərginlik artan xətt üzrə davam edir. Şübhəsiz ki, belə hallar regonda vəziyyətin daha da gərginləşməsinə şərait yaradır. Regionda baş verən prosesləri nəzərə alaraq İran-İsrail münasibətlər üzərində bəzi araşdırılmalar aparıldı.

Aparılan araşdırmalardan və təhlillərdən belə qənaətə gəlmək olur ki, İran və İsrail arasında yaranmış münasibətlər yeni deyil. Bu dövlətlər arasındakı münasibətləri iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ İsrail dövlətinin yaradılmasından İran İslam İnqilabına qədərki dövrü əhatə edir. İkinci mərhələ isə İran İslam İnqilabından bu günə kimi olan dövrü əhatə edir. 

1948-ci ildə Təl-Əvivdə toplanmış Yahudi Milli Şurası Yaxın Şərqdə İsrail dövlətinin yaradılması haqqında yaydıqları bəyannamə ilə İsrail dövlətinin yaradılmasını elan etsələr də, Fələstin dövləti yaradılmadı. Bu hadisə müsəlman dövlətləri tərəfindən ciddi etirazla qarşılansa da, qısa müddət sonra onun müstəqilliyini bəzi müsəlman dövlətləri tanıdı. 1949-cu il mart ayında Türkiyə İsraili tanıyan ilk müsəlman dövləti oldu. Bundan sonra 11 may 1949-cu ildə İsrail dövləti BMT-yə üz qəbul edildi. İsrailin BMT-yə üzv qəbul edilməsindən sonra 1950-ci ilin mart ayında İran İsraili de-fakto tanıdı. Onlar arasında münasibətlər yaradılmağa başlandı və diplomatik münasibət quruldu. İran və İsrail arasında siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığı daha da dərinləşdirildi. 1979-cu ildə İranda baş vermiş İslam inqilabından sonra İran və İsrail arasında münasibətlər pisləşdi. İranda baş vermiş rejim dəyişikliyi xarici siyasət kursuna ciddi təsir etdi. İran Yaxın Şərqdə liderliyi ələ almaq, müsəlmanların rəğbətin qazanmaq üçün İsraillə münasibətlərini kəsib Fələstinlə münasibətlərə üstünlük verdi. İran dövləti rəsmi Təl-Əvivə qarşı Həmas və Hizbullahdan istifadə etməyə başladı. Artıq İran dövləti İsrail üçün potensial təhlükə hesab olunurdu. Bu təhlükənin ən böyüyü İranın nüvə silahı əldə etmək fikiridir ki, bu məsələ İsraili daima naratah edib.Bunu nəzər alan İsrail dövləti İran İslam Respublikasının yaranmasından yeddi ay sonra ilk nüvə silahının sınağını keçirdi. 

İslam İnqilabından sonra Fələstin məsələsinə görə İranla İsrail arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, onlar bəzi məslələrdə müttəfiqlik münasibətlərini formalaşdırmağı bacarmışdılar. İstər Səddam Hüseynə qarşı,istərsə də digər ərəb dövlətlərinə qarşı olan münasibət İran və İsrail arasında pərdəarxası razılaşmaların olduğunu göstərir. O zaman sual yaranır ki, İran İsrailə qarşı Fələstindən necə istifadə edir? İran və İsrail arasında mühribə baş verməsi mümkün olarmı? 

Əgər biz İranın bölgədə apardığı siyasətə diqqət etsək, burada bir neçə detalı vurğulaya bilərik. İran dövləti İsrailə qarı Həmas və Hizbullahdan istifadə edir. Aparılan mübarizə İran torpaqları xaricində gedir və Fələstinli miqrantlar İran ərazisində deyil, digər dövlətlərin ərazilərində məskunlaşıblar. Hizbullah və Həmas təkcə Fələstində deyil, eyni zamanda Livan dövlətinin ərazisində məskunlaşıb. Təbii ki, həmin ərazidə yaşayanların mütləq əksəriyyəti İranın dəstəklədiyi şiə təriqətinə mənsub olan əhalidir. Burada digər məsələ İranla İsrail arasında müharibənin olması ehtimalını nəzərdən keçirməkdir. İslam İnqilabından sonra İran daima İsraillə gərgin münasibətdə olub. Son zamanlar dünya mediasında İsrail hərbi hava qüvvələrinin Suriya yaxud İraqda İran hərbi obyektlərini bombalaması haqda məlumatlar yayılır. 2020-ci ilin noyabr ayında İranda sui-qəsd nəticəsində öldürülən nüvə alimi Möhsin Fəxrizadənin də qətlinin arxasında İsrailin olması fikri İranın dövlət rəsmiləri tərəfindən səsləndirilib. Baş vermiş bu hadisələrə baxmayaraq İran və İsrail arsında müharibə baş vermədi. Burada ən vacib məsələ İsrailin nüvə silahına malik olmasını hesab edənlər də az deyil. Eyni zamanda İran da İsrailə qarşı Həmas və Hizbullahdan aktiv şəkildə istifadə edir. Bu təşkilatların silah arsenalıdakı əsas silahlar İran istehsalıdır.

Nəhayət, aparılan araşdırmaların nəticəsi olaraq bu qənaətə gəlmək olar ki, İran və İsrail arasında görünüşdə bir, pərdə arxasında isə başqa bir siyasət aparılır. İsrailin nüvə dövləti olması İranı müharibə variantından çəkindirirsə, İranın da böyük orduya malik olması və gizli şəkildə nüvə silahı əldə etməsi iddiaları İsraili müharibə variantından çəkinməyə vadar edir. Ümumi görünüşə baxsaq, bu dövlətlər arasında bir-birinə daima müharibə təhdidi ola bilər, amma aktiv müharibənin olması inandırıcı görünmür.

Samir Hümbətov, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven − six =