Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradılıb FOTO

0

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya verilən məlumata görə ki, ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub.

Aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyini deyən nazir İnam Kərimov fermerləri Prezident İlham Əliyevin imzaladığı son Fərmanla bağlı məlumatlandırıb. Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaradılacağını deyən nazir bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan İnam Kərimov qeyd edib ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası təsis olunur: “Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərini müəyyən etmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi yaratmışıq. Eyni zamanda, fermerlərin öz məhsullarını satmasına yardım göstərmək üçün Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb. Bilirsiniz ki, fermerdən məhsulu alan vasitəçilər çox zaman onu becərən insandan daha çox pul qazanırlar. Dövlət Aqrar Ticarət Şirkəti bu problemi aradan qaldırmaq üçün yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməli, qiymətlər isə əlçatan olmalıdır”.

Nazir Azərbaycanda 11 regional aqrokimya laboratoriyasının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu laboratoriyalar fermerlərə torpağın tərkibini analiz etməyə imkan verəcək, əkin sahələrində meydana çıxan bir çox problemlərin qarşısını əvvəldən almağa şərait yaradacaq. İnam Kərimov, həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, İvan Kazakov və digərləri çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 + 10 =