Məktəb bazarlığı neçəyə başa gəlir? ARAŞDIRMA

0

Artıq yeni dərs ilinin başlanmasına 3 həftədən də az vaxt qalıb. Bu müddət ərzində məktəb bazarlığı valideynlərin ən başlıca missiyasına çevrilir. Həm uşaqlar, həm də valideynlər bu bazarlığı canfəşanlıq, həyəcan içində edirlər. Çünki, məktəb bazarlığının özü də məsuliyyət tələb edir. Bəs görəsən məktəbli formalarının alınmasından başlayıb, qələm, dəftərə qədər davam edən məsuliyyətli iş valideynlərə neçəyə başa gəlir?

Biz də paytaxtın bir neçə yerində məktəbli ləvazimatları satılan dükanlarda olub qiymətlərlə maraqlandıq. Metronun “Sahil” və “28 May” stansiyasının yaxınlığındakı məktəb ləvazimatlarının satışı ilə məşğul olan bir neçə mağazaya baş çəkib satıcılarla həmsöhbət olduq.

“Çantaların qiyməti firmaya görə dəyişir”

Satıcıların sözlərinə görə, məktəb çantalarının qiyməti firmasından asılı olaraq 15-50 manat arasında dəyişir. Valideynlər daha möhkəm konstruksiyalı, enli və yumşaq qayışlı və dayanıqlı oturacağı olan çantalara üstünlük verdikləri üçün onların istəklərinə uyğun hər cür çanta modelini tapmaq mümkündür.

Şagirdlər üçün lazım olan ləvazimatlardan dəftərlər 10 və 90 qəpik, qələmlər 10-50 qəpik, pozanlar 10 qəpik -1 manat arasında dəyişir.

Məktəbli üçün lazım olan digər ləvazimatların qiyməti isə aşağıdakı kimidir:

1) Sadə karandaş: 10 – 50 qəpik

2) Xətkeş: 30 qəpik – 1 manat

3) Pozan: 20 qəpik – 1 manat

4) Flomaster: 1-3 manat

5) Qələm qabı: 2-8 manat

6) Qələm: 10-50 qəpik

7) Rəngli kağız: 80 qəpik – 3 man

8) Qovluq: 20 qəpik – 1.5 manat

9) Yapışqan: 30 qəpik – 1.5 manat

10) Pərgar: 80 qəpik- 5 manat

11) Rəsm albomu: 40 qəpik-2 manat

12) Dəftər-kitab üzü: 20-50 qəpik

13) Qələm soyan: 40 qəpik-2 manat

14) Plastilin: 80 qəpik – 4 manat

15) Gündəlik 1.5 – 3 manat

16) Rəngli karandaş: 1.5 – 3 manat

Dərsliklər məktəb tərəfindən pulsuz verilir

Satıcıların sözlərinə görə, məktəb ləvazimatlarının bazarlığı valideyn və şagirdlərin istəyinə görə dəyişə bilir. Belə ki, bəzi valideynlər məktəb bazarlığına kitab qoymaq üçün tutacaq, lövhə üçün marker, idman dərsi üçün ayrıca çanta, yemək qabı və digər ləvazimatları əlavə edirlər. Bu da təbii ki şəxsi istəklə bağlı məsələdir. Dərsliklər məktəblər tərəfindən pulsuz verildiyi üçün valideynlər məktəb bazarlığına kitab daxil etmirlər.

“Məktəbli formalarının qiyməti 40 manatdır”

Məktəb bazarlığında ən mühüm məsələlərdən biri isə məktəbli formasıdır. Valideynlərin bir qismi məktəbli formalarını Bakı Tikiş Evi, bir qismi isə başqa ölkələrdən Azərbaycana gətirilən məktəbli formalarını almağa üstünlük verirlər.

Məktəbli formalarının qiymətinə gəldikdə Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir.

Onun sözlərinə görə, Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir: “26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır ”.

“Gigiyenik sertifikatı olmayan məktəbli formaları uşaqlarda xəstəlik yarada bilər”

Məktəbli formalarının alışı ilə bağlı valideynlərə tövsiyələrini verən şöbə rəisi söyləyib ki, heç bir gigiyenik sertifikata malik olmayan məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır: “Bildiyiniz kimi satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifkatı olmayan saxta məktəbli formalarına rast gəlmək mümkündür. Lakin ən pisi həmin məktəbli formalarının üzərində Bakı Tikiş Evinə məxsus nişanların vurulmasıdır. Bu baxımdan valideynlər diqqətli olmalıdırlar. Kənarda satılan məktəbli formalarının qiyməti ilə BTE tərəfindən tikilən məktəbli formalarının qiymətində cəmi 5 manat fərq var”.

Məktəbli ləvazimatlarının satış yarmarkaları fəaliyyətə başlayıb

Məlumat üçün nəzərinizə çatdıraq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. “Bakı Metropoliteni”inin Nəriman Nərimanov stansiyasının fərqli giriş-çıxışlarında 5 yarmarka çadırı var. Paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır. Yarmarka sentyabrın 25-nə kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycanda yeni tədris ili şənbə gününə təsadüf etdiyi üçün sentyabrın 15-də deyil, 17-də başlayacaq.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

six − three =