” MƏN XOŞBƏXTƏM Kİ, MÜƏLLİMƏM!”

0

( Müsahibimiz Azərbaycan Gənc Müəllimlər Assosasiyasının I formunun nümayəndəsi, istedadlı pedaqoq Gülgün Rzayevadır)

Gülgün xanım, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I formunun nümayəndəsisiz. Bu barədə nə deyə bilərsiniz?

— Bəli, bildiyiniz kimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci il tarixində baş tutan Azərbaycan Müəllimlərinin XV qurultayında gənc müəllimlərin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar, səmərəli işləməyə həvəsləndirməkdir.
1 fevral 2020-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I forumu keçirildi. Burada 65 bölgədən 280 müəllim iştirak edirdi. Mən də İmişli Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi kimi bu forumda iştirak edirdim. Təbii ki, bu çox qürurverici və məsuliyyətli idi.

Xahiş edirik, formun gedişi və mahiyyəti barədə bir qədər ətraflı məlumat verəsiniz.

–Tədbirdən əvvəl Təhsil Nazirliyinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə biz gənc müəllimlər Fəxri xiyabana getdik, ümummilli lider Heydər Əliyevin xatirəsini andıq. Daha sonra isə Şəhidlər xiyabanına gedərək şəhidlərimizin məzarına tər güllər qoyduq. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başlandı.
Forumda Təhsil naziri Ceyhun Bayramov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllimlərə göstərdiyi qayğıdan, təhsildə olan yeniliklərdən bəhs etdi. Müəllimlik peşəsinin müqəddəsliyindən qeyd edən Ceyhun Bayramov müəllimlərə hər zaman öz üzərində işləməli olduğunu bildirdi, şagirdləri vətənpərvər ruhda böyütməyin zəruriliyindən danışdı, gənc müəllimlərə məsləhətlər verdi.
Həmçinin, forumda Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer çıxış etdi və öz təcrübələrini bizimlə bölüşdü.
Tədbirdə AGMA logosunun təqdimatı oldu və qalib mükafatlandırıldı.
Tədbir bədii hissə ilə davam etdi. Bədii hissə yekunlaşdıqdan sonra panel müzakirələr keçirildi.

Bildiyimiz qədər siz doğma İmişlimizin gənc müəllimlərinin fikirlərini ifadə etmisiniz. Bunlar nədən ibarət idi?

–Bəli, panel müzakirəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva forumla bağlı öz münasibətini bildirdi. Mən də çıxış edərək gənclərə göstərilən qayğıya, diqqətə görə Təhsil naziri Ceyhun Bayramova və təmsil olunduğum İmişli rayonunun
təhsil idarəçilərinə- Ələmdar Quliyevə, Vahid Tağıyevə minnətdarlığımı bildirdim. Daha sonra ən aktual məsələlərdən olan erkən nikah məsələsinə toxundum. Və erkən nikahla mübarizənin Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının bir qoluna çevrilməli olduğunu təklif etdim. Məhəbbət xanım da bunu dəstəklədi. Bununla bağlı yaxın zamanlarda layihələr hazırlayacağıq.

Gənc və istedadlı bir pedaqoq kimi respublika səviyyəli bir tədbirdə çıxış edib təkliflər söyləmək sizin üçün çətin olmadı?

– Təbii ki, həyəcan var idi. Amma gənc müəllim olaraq, qızlarımızın təhsildən uzaqlaşdırılıb nikaha məcbur edilməsinə göz yuma bilməzdim. Düşünürəm ki, biz müəllimlər əl-ələ verərək bunun qarşısını ala bilərik. Qızlarımız təhsil almalı, müəyyən peşəyə yiyələnməli, müəyyən yaş həddinə gəldikdən sonra öz razılıqları ilə nikaha getməlidirlər. Hacı Zeynalabdin Tağıyev dediyi kimi, bir kişinin, oğlanın təhsil alması yalnız bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının, qızın təhsil alması isə bir nəslin təhsil almasına bərabərdir. Ona görə də, qızlarımızı təhsildən yayındırmamalıyıq.

5.Form təəssüratlarınız barədə başqa nə demək istəyərdiniz?

–Gənc Müəllim olaraq respublika səviyyəli tədbirdə iştirak etmək mənim üçün çox qürurvericidir. Forumda başqa bölgələrdən olan müəllimlərlə tanış oldum, Vəfa Yaqublu ilə söhbət etdik, bizə öz məsləhətlərini verdi. Həqiqətən, müəllimlik ən müqəddəs, ən məsuliyyətli, ən şərəfli peşədir! Mən xoşbəxtəm ki, müəlliməm!
Bildiyiniz kimi, İmişlinin gənc və fəal müəllimləri İmişli Gənc Müəllimlər Assosiasiyasının üzvləridir. Bu, sanki müəllimlərə stimul vermişdir. Biz birlikdə müəllimlərin tədbirlərində iştirak edirik, fikir mübadiləsi aparırıq və təhsilin daha da irəli getməsinə, Vətənini, millətini sevən savadlı şəxsiyyətlər yetişdirməyə çalışırıq. Hər bir müəllimə sağlamlıq, uzun ömür, işlərində uğurlar arzu edirəm.

Müsahibəni apardı:
SƏXAVƏT TAĞLAR- Əməkdar müəllim, yazıçı-pedaqoq.


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × five =