Məncə, bunu oxumaq, görmək elə də çətin deyildi.

0

      Hacı Zeynalabdin Tağıyev

Məktəb illərində aldığım ən böyük dərsimin 5-ci sinifdə “Ata Yurdu” adlı fəndən olduğunu desəm, yanılmaram. O kitabdan cəmi bir dərs mənim bütün həyatıma, hədəflərimə təsir etdi. Müəllim dərs ili boyunca müəyyən aylar sonunda ümumiləşdirici dərs elan edirdi. Fənn boyu keçdiyimiz bütün dərslərin adını biletlərə yazıb hazırlayar, onlara uyğun bizi qiymətləndirərdi. Bu dəfə biletləri hazırlamağı mənə tapşıran müəllim, sanki qismətin vasitəçiliyini yerinə yetirirdi. Uşaq ağlımla, sevdiyim dərsin mənə düşmə ehtimalının çox olacağı ilə biletlərdə necə işarə qoyacağımı düşündüm. Ağlım yalnız “Xeyirxah insan” adlı mövzuda qalmışdı. Bu dərsi oxuyanda bax budur axtardığım, mən özümü və nə istədiyimi tapdım demişdim.

Evə gəldim, biletləri, ardınca da planımı hazırladım. Müəllim bilet çəkməyə ilk məni dəvət etsə, təkcizgili dəftərin baş hissəsi olan enli xətli bileti çəkəcəkdim. Nəticədə, arzuma çatıb, kitabın sağ səhifəsindən başlayan, enli burma bığları, papağı şux, sinəsi medalla-ordenlərlə dolu olan kişi haqqında danışacaqdım.

İndi, yazdıqca xatırlayıram ki, düşüncənin gücünə ta uşaqlıqdan inanırmışam. Biletləri stolun üstünə sərib, xəyal gücümü işə salırdım ki, yaşca böyük qonşumuz bizə gəldi. Onun yolunu mən davam edəcəyim üçün bu dərsi də mən ifadə edib danışmalıydım. Əslində, bu saat o dərsdən sizə danışmaq istəsəm, bacarmayacam. Çünki heç bir cümlə xatırlamıram. Yadımda qalan və bütün həyatıma hopan bir həqiqət var idi. O insan H.Z.Tağıyev idi və mən onun davamçısı olmağa qərar vermişdim. Daha doğrusu, bu qərarı hardasa çoxdan qəbul etmişdim, lakin bənzədib, ifadə edəcək insan modeli tapmamışdım.

O gündən bu günə “böyüyəndə nə (kim) olacaqsan?” sualının bir cavabı var idi: H.Z.Tağıyev. Amma mən bunu heç kəslə bölüşmürdüm. Çünki onu ifadə etməyi bacarmırdım. O oxuyub, danışdığım dərsi demək olar unutmuşdum. Yadımda qalan mavi üzlü “Ata Yurdu” kitabı, sağ səhifədə, ordenli, bığlı kişi və bir söz: Xeyirxah insan…

Bu arzuya çevrilən düşüncəni, xəyalən 9 il daşıyıb yaşatdım. Özümlə bərabər bu yaşıma gətirdim. Günlərin biri “Gənc Tağıyevçilər” birliyinə rəhbərlik edən biri ilə tanış oldum. Yaradanın göndərdiyi işarə kimi qəbul etdim. Ümid qığılcımları tərpəndi daxilimdə. Üstündən çox qısa zaman keçmişdi, bizi kollektiv şəkildə Azərbaycan Milli Tarix Muzeyinə dəvət etdilər. Biz yaradıcı gənclərin sərgisi bu dəfə bu tarixi məkana rast gəlib burada qərar tutmuşdu. Nə yazıq mən orada öyrəndim ki, muzey daxilində H.Z.Tağıyevin ev muzeyi yerləşir. Nə yalan deyim, bunu heç özümə yaraşdırmadım. Özümü danlamağımı orada belə təxirə salmadım. Buna baxmayaraq sevincimin həddi məni 50-dən çox insan arasından alıb 9 il əvvələ apardı. İçimdə elə bir hiss yarandı ki, sanki birdən-birə arzularıma on addım yaxınlaşmışam. Gözümü açdım ki adamların içində it-bat olmuşam, bir xanım isə gəzərək Tağıyevdən danışır. Bütün gördüklərimi yenidən görəcəm ümidi ilə 9 il əvvələ qayıtdım. O gün mənim üçün bu özəlliyi ilə digər yoldaşlarımdan daha çox sevinməyimə səbəb oldu. Tağıyevlə bağlı olması üçün illərdir məni özünə hakim etməsi öz yerində, buranın strukturu, dəyəri, sərvəti, ən əsası milliliyi məni özünə daha da bağladı.

Qərara gəldim ki, bura bir daha yalnız başına gəlməliyəm. Qərardan çox bunu borc bildim desəm, doğru  olar. Yol boyu dostumla bu haqda xeyli danışdıq. Hətta hələ planı belə olmayan evimin təmiri, dizayn forması haqqında qərarlarımı və necə milliliyə bağlı olduğumu, bu kimi arzularımdan söhbət açdım. Sonra səs-küydən uzaqlaşıb pəncərədən içəri soxulan küləyə qoşulub, daxilən onlardan çox uzaqlaşdım. Mən təxminən iki əsr öncəyə, Tağıyevin dostu olmağa getmişdim. Getdim onun məsləhətlərindən gətirim bu dövrə, onun nəsihətindən yazım. Onun deyəcək çox sözləri vardı, həm də çox. Elə bütün bunlar yenidən qaytardı məni onun nəfəsi toxunduğu, dabanları dəydiyi bu otaqlara…

Bir neçə gündən sonra mən, yenidən  Milli Azərbaycan Tarixı Muzeyinə getdim. Muzeyin binasını görüncə, sanki göz bəbəklərimin sevincdən böyüdüyünü və məni yavaş-yavaş həyəcan bürüdüyünü  hiss edirdim. Artıq mən bu sehirli aləmə, Milli Azərbaycan Tarixi Muzeyinin binasına daxil oluram. Çox isti və mehribanlıq dolu olan bu qarşılama isə məni bura daha da çox bağladı.  Burada göstərilən isti münasibətdən hiss edə bilirdim ki, Tağıyev ruhu da şad olaraq bizim aramızda dolanır.

   Elə bil ki, ondan xəbərsiz,  bütün hərəkətlərini izləyərək, onun ardınca gəzirdim. Gəzdikcə ona bir az da tamaşa edir, yaxınlaşır, dostlaşırdım. Bir kişinin bu boyda saraya başçılıq etməsi, bu qədər işlərə zamanını ayırıb hər birinə ayrılıqda nəzarəti saxlayıb uzaqgörən olması məni heyrətə gətirirdi. Qoyub getdiyi hər bir nöqtədə onun xarakterini oxuyurdum.  Sanki hər yanda özündən bir parça qoyub getmişdi Tağıyev.

Məncə, bunu oxumaq, görmək elə də çətin deyildi. Sadəcə bir az diqqətli olmaq kifayət edirdi ki, xalq üçün bu qədər fədakarlıq göstərən, xeyirxah insan adını tarixə yazıb gedən birini hiss edəsən.

Mətanət Qüdsi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − fourteen =