Mübariz Qurbanlı: “Baş yarmaq, qan çıxarmaq İslama ziddir, günahdır”

0

“Kərbala faciəsində törədilən hadisələrlə əlaqədar özünə xəsarət yetirmək heç də məqbul sayılmır. Bunu bütün din xadimlərimiz, tanınmış alimlərimiz də təsdiqləyir. Əminəm ki, insanlarımız bu cür xurafat elementlərindən kənarda qalmağa çalışacaqlar. Biz hesab edirik ki, bu cür yadetmə mərasimlərində, hüzr mərasimlərində də barış, inam və bir-birinə qarşılıqlı hörmət kimi hissləri yaşatmalıyıq, Qarabağ şəhidlərimizi yad etməliyik, eyni zamanda, xurafatdan uzaq qalmalıyıq”

Biri var din, biri var adət-ənənə. Mənsub olduğumuz İslam dininin tələbləri “Qurani-Kərim”də və Peyğəmbər sünnəsində öz əksini tapır. Mömin insanlar bunlara istinad etməlidirlər. Həmçinin tarixən yaranmış adət-ənənələrin bəziləri İslama bağlıdır, digərləri isə ölkəmizdə əsrlər öncə etiqad etdiyimiz hər hansı bir dindən miras qalıb.

Bütpərəstlikdən, Qafqaz Albaniyası dövründən­ xristianlıqdan, eyni zamanda Zərdüştilikdən miras qalan müəyyən ənənələr ola bilər. Çünki bu coğrafiyada müxtəlif dinlər tarixən bir-birini əvəz edib. Qeyd edim ki, yalnız bu coğrafiyada yox, dünyanın hər yerində xalqlar fərqli zaman kəsiyində fərqli dinlərə etiqad ediblər. Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Müxtəlif vaxtlarda eyni coğrafiyada ayrı-ayrı dinlər aparıcı rol oynayıb, amma bu dəyişkənlikdə həmin xalqlar öz əvvəlki dininə məxsus adətlərini tam itirməyiblər”

Komitə sədrinin sözlərinə görə, dünyada dünyəvi, səmavi və lokal dinlər olub və var: “Dünya əhalisinin sayı bu gün təxminən 7,8 milyarddır. Əgər Xristianlığın, İslamın, İudaizmin nümayəndələrini üst-üstə gəlsəniz görəcəksiniz ki, bu, heç 50 faizə də yaxınlaşmır. Yəni, hesablasaq, bütün səmavi dinlərin daşıyıcılarının sayı 4 milyard belə deyil. Belə bir sual meydana çıxır: – Bəs digər insanlar hansı dinin və ya dinlərin daşıyıcısıdır? Qalan hissə yenə də yaşadığı yerə, əraziyə məxsus dinlərin daşıyıcılarıdır. Afrika qitəsində, Latın Amerikasında, Cənub-Şərqi Asiyada, Hindistan ərazisində, onun ayrı-ayrı ştatlarında müxtəlif inancların, dinlərin daşıyıcıları olan insanlar var ki, səmavi dinlərə bağlı deyillər. Ona görə biz dünyaya baxanda buna yalnız İslam-Xristian dünyası, yaxud da İslam-İudaizm, İslam-Buddizm dünyası kimi baxmalı deyilik.

Dünyaya bütöv baxdıqda burada müxtəlif dinləri, onların daşıyıcılarını görəcəksiniz. Məhz bu səbəbdən bütün xalqların keçdiyi yola baxsaq, maraqlı faktların şahidi olarıq. Xristian dünyasına aid ölkələrdə miladdan əvvəl çoxallahlığa inam var idi. Bizim coğrafiyaya nəzər salsanız görərsiniz ki, burada səmavi dinlər mövcud olub. Kökümüzə, keçmişimizə, miladdan əvvələ getsək, burada tanrıçılığa rast gələ bilərik. Qafqaz coğrafiyasında, Ön Asiyada zamanında zərdüştlik, xristianlıq, yəhudilik yayılıb. Sadaladıqlarımdan məlum olur ki, müxtəlif vaxtlarda eyni coğrafiyada ayrı-ayrı dinlər aparıcı rol oynayıb, amma bu dəyişkənlikdə həmin xalqlar öz əvvəlki dininə məxsus adətlərini tam itirməyiblər.

Amma bununla belə, hazırda mənsub olduğumuz İslam ən mükəmməl dindir. İslam dünyası böyük bir ərazini əhatə edir. İslam dünyası bütövdür və onu Qurani-Kərim, mənəvi ucalığa səsləyən ideyalar birləşdirir. Bu gün İslam Əməkdaşlıq Təşkilatında birləşən 57 ölkənin ortaq nöqtəsi İslam dəyərləridir”.

M.Qurbanlı vurğulayıb ki, amma bunların hər birinin öz ölkəsində dinə münasibəti fərqlidir: “Hər birinin fərqli dövlət-din modeli var. Azərbaycanın dövlət-din modeli başqa bir İslam ölkəsinin dövlət-din modeli ilə eyni deyil, fərqlidir. Amma bizim İslama inancımızda fərq yoxdur. Eyni zamanda, Konstitusiyamızda bizim hansı dinə mənsub olduğumuz qeyd olunmur. Bu, tək bizim ölkəmizdə belə deyil, İslam ölkələrinin bəzilərinin konstitusiyalarında dini mənsubiyyət göstərilmir, qalanlarında isə dini mənsubiyyət yazılıb. Eləsi var, hətta, məzhəb də yazılıb. Bu, o, demək deyil ki, tək İslam dünyasında belədir. Dünyada 100-dən çox ölkənin Konstitusiyasında dini mənsubiyyəti yazılıb. Bu halı xristian ölkələrinə də aid etmək olar. Mən hesab edirəm ki, Konstitusiyamızda dini mənsubiyyətin qeyd olunmaması doğru haldır, biz dünyəvi dövlətik, bütün dinlərin nümayəndələrinə bərabərhüquqlu münasibət bəsləyən ölkəyik”.

Məhərrəmliyə, Aşuraya, yəni həzrəti İmam Hüseynin şəhadəti ilə bağlı mərasimə gəldikdə isə M. Qurbanlı bildirib ki, bu, tarixdən gələn, xalqın yaddaşında olan bir məsələdir.

“Aşura ilə bağlı tədbirlərlə əlaqədar bizim həm xalqımıza, həm bütövlükdə islami dəyərləri hifz edib qorumaq istəyən hər bir vətəndaşımıza çağırışımız var. Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Hər il olduğu kimi, bu il də hesab edirəm ki, minlərlə insan imam Hüseyn əzadarlığında qanvermə aksiyasına qatılacaq və bu qanvermə aksiyası ilə onlar xurafat elementlərinin daşıyıcısı olan özünüdöymə, qançıxarma kimi hərəkətlərdən yayınacaqlar. Çünki bu dinə, Kərbəla şəhidlərinin yad edilməsinə heç bir aidiyyəti olmayan məsələlərdir. Kərbəla faciəsində törədilən hadisələrlə əlaqədar özünə xəsarət yetirmək heç də məqbul sayılmır. Bunu bütün din xadimlərimiz, tanınmış alimlərimiz də təsdiqləyir. Əminəm ki, insanlarımız bu cür xurafat elementlərindən kənarda qalmağa çalışacaqlar. Biz hesab edirik ki, bu cür yadetmə mərasimlərində, hüzr mərasimlərində də barış, inam və bir-birinə qarşılıqlı hörmət kimi hissləri yaşatmalıyıq, Qarabağ şəhidlərimizi yad etməliyik, eyni zamanda, xurafatdan uzaq qalmalıyıq. Milli marağımızı, dövlət marağımızı hər şeydən uca tutmalıyıq”, – deyən M.Qurbanlı son olaraq, Məhərrəm ayının sentyabrın 1-ə, Aşuranın isə sentyabrın 10-a təsadüf etdiyini sözlərinə əlavə edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × two =