Müxalifətin şousu bu dəfə də reytinq toplamadı

0

Uzun zamandır ölkəmizdə diqqətlə izlədiyim və gündəm olan siyasi-ictimai proseslərə baxdıqca dərindən təəssüf hissi keçirirəm. Məni mənəvi olaraq narahat edən təəssüf hissləri və bəzi anti-Azərbaycan qüvvələrin son zamanlar fəallaşması bu məqalə vasitəsilə həmyaşıdlarıma və cəmiyyətimizin digər nümayəndələrinə çağırış etməyimə əsas səbəb oldu. Azərbaycan vətəndaşı olaraq bu cür hadisələrə münasibət bildirmək mənəvi vətəndaşlıq borcumuz olmalıdır.

Əvvəlcə, ondan başlayım ki, millətimiz, xalqımız heç bir zaman keçmişini unutmur və unutmamalıdır. Bu gününün qədrini bilmək, gələcəkdə səhv etməmək üçün keçmişinə mütləq boylanmalısan, nəticə çıxarmalısan. Keçmişində sənə xəyanət edənlərdən tutmuş, sənə azadlıq, müstəqillik kimi neməti daddıran, sənin sabitliyini, inkişafını təmin edən şəxsiyyətlərini unutmamalısan. “Keçmişini unudanın gələcəyi olmaz” deyiblər. Bu, əbəs yerə, ya da pafos üçün deyilmiş bir söz deyil. Bu sözdə dərin məna və böyük məsuliyyət var. Azərbaycan xalqı tarixin bütün dövrlərində çox ağır sınaqlarla, tarixi, siyasi imtahanlarla üz-üzə qalıb və hələ də qalmaqdadır. İstər daxildən, istərsə də xaricdən xəyanətə uğrayıb, min bir fitnələri, məkrli niyyətləri və əməllər ilə Vətənimizi bölüb, hələ də bölməyə cəhd edirlər. Təbii ki, xalqımızın həmrəyliyi və həyata keçirilən uğurlu siyasi kursun nəticələri bu cəhdləri puç edir.

Tarixi ekskursa lap keçmişdən başlamayacağam. Ona görə ki, kitablarda, internet resurslarında, hadisələrin canlı şahidlərində bu barədə kifayət qədər məlumatlandırıcı, maarifləndirici materiallar var. Mən tarixi, siyasi ekskursuma müstəqilliyimizi yenidən bərpa etdiyimiz illərdən başlayacağam. Xatırlatmanı ona görə edirəm ki, dövlətimizi bölməyə, xalqımızın sabitliyinə xələl yetirməyə cəhd edən, iğtişaşa meyilli qüvvələr oxusunlar, bəlkə insafa, vicdana gələrlər. Onlar hadisələri, xalqın başına gətirdikləri bəlaları unuda bilərlər, yaxud da unutdurmağa çalışa bilərlər. Ancaq xalq da, tarix də heç kimi və heç nəyi unutmur. Ona görə bu xalq bu qədər vüqarlı və dəyanətlidir. Ancaq gördüklərimizi və tarixdən öyrənib, bildiklərimizi gərək yaddaşımıza yazaq, unudanlar olsa belə biz unutmayaq, gənclərimizə, hətta böyüməkdə olan uşaqlarımıza, doğru yoldan yayınan, yolunu azan yaşlılara belə anladaq.

1991-ci ilin oktyabrın 18-dən ötən müddət ərzində Azərbaycan tarixində baş verənləri xatırlamaq və təhlil etmək o qədər çətin məsələ deyil. Hər bir Azərbaycan vətəndaşı öz tarixini dərindən bilib, onu analiz etsə, tarixdə hansı şəxsiyyətin yerinin və rolunun nədən ibarət olduğunu dərk etmiş olar ki, bununla da hadisələrə düzgün tarixi, siyasi qiymət verməklə vətəndaşlıq borcunu yerinə yetirmiş olar.

Yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasında hakimiyyətdə olan AXC-Müsavat tandemi və onun siyasi səriştəsizliyi ucbatından dövlətimizin və xalqımızın başına gəlməyən müsibətlər qalmadı. Ən dəhşətlisi isə torpaqlarımız işğal olundu, hələ də bunun ağrı-acısını ürəyimizdə, ruhumuzda hiss edirik.

Tarixi xronoloji ardıcıllıqlara baxın. Xocalı qətliamı nə zaman baş verib?! Torpaqlarımızın işğalına nə zamandan, hansı tarixdən başlanılıb?! Bu qədər faktlar ola-ola nələri inkar edirlər bunlar?! Hansı ağılla və məntiqlə?! Bu barədə kifayət qədər faktlar sadalamaq olar. Bəzən deyirlər ki, yenicə müstəqillik qazanmış dövlətin gücü-qüdrəti lazımi səviyyədə deyildi. O qədər böyük güclərlə mübarizə aparmaq düşünüldüyü kimi asan deyildi. Yaxşı, bəs xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ilin oktyabr ayında Prezident seçildikdən sonra bütün vəziyyəti necə nəzarəti altına almağı bacardı?! Zamanla atəşkəsin imzalanması, “Əsrin müqaviləsi”nin imzalanması və s. işlərin gerçəkləşməsi təbii ki, ulu öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətlərə xas olan siyasi iradə nəticəsində mümkün ola bilərdi.

Keçək bu ilin 19 oktyabr tarixində müxalifət tərəfindən keçirilən icazəsiz mitinqə və onun sifarişçilərinə…

Xalq sizləri çox yaxşı tanıyır. Hətta sizlər bəlkə özünüz öz yalanlarınıza inanırsınız, ancaq bu xalqın sizə olan güvəni bir dəfə sarsılıb. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar da sizlər idiniz. Amma dediklərinizin heç birini – nə demokratiyanı, nə inkişafı, nə sabitliyi və s. o zaman görmədik. Hər bir savadlı, təfəkkürlü insan başa düşər ki, sizin sosial bazanız yoxdur, siz sadəcə olaraq bir qrup iradəsi zəif, narazı və ya narahat insanlardan istifadə edirsiniz. Bu problemlər təkcə dövlətdən qaynaqlanan problemlər deyil, öz şəxsi problemi olan, ailəsində narahatlıq yaşayan çox məhdud sayda insan o mitinqə qatılmışdı. Sizlərsə bu cür insanların iradə zəifliyindən sui-istifadə edərək öz şəxsi ambisiyalarınızı həyata keçirirsiniz. Heç bir anti-milli qüvvənin ölkəmizdə iğtişaş cəhdləri baş tutmayıb və tutmayacaq da… Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir.

Madam dediyiniz, iddia etdiyiniz kimi güclü sosial bazaya maliksinizsə, sizin üçün yaxın, ya da uzaq problem olmamalıdır. Buyurun, Bakı Şəhər İcra Hakimiyyətinin mitinq keçirməyiniz üçün təklif etdiyi Lökbatan qəsəbəsinə 200-300 min insanı toplayın və hər kəsə sübut edin ki, budur elektorat və budur sosial baza. Siz “Məhsul” stadionunda keçirdiyiniz icazəli mitinqlərdə belə bir neçə yüz nəfəri ötə bilmirdiniz. Bir sözlə, artıq xalq şoularınıza inanmır. Bu dəfəki şounuz da reytinq toplamadı. Xalq öz gələcəyini daha etibarlı, daha çevik siyasi təfəkkürə malik bir liderə etibar edir. Sizin təcrübəsizliyiniz dünyada gedən geosiyasi proseslərin fonunda bu ölkəyə və xalqa uğur vəd etmir. Hər şey qışqırıb, bağırmaqla olmur. Xalqın dəstəklədiyi alternativsiz lider cənab İlham Əliyevdir. Dövlət başçısı üçün bu dövlətin və xalqın təlükəsizliyi ən ali məqsəddir.

Bir insan ki, sizlər kimi dövlətini, müstəqilliyini bilərəkdən, xarici havadarlarının əmri ilə təhlükəyə ata, ondan hansı vətənpərvərliyi gözləmək olar?! O havadarlarınızı ki, siz özünüz çox yaxşı tanıyırsınız, onların müsəlman ölkələrini viran qoyduqlarını, dinc xalqları qanına qəltan etdiklərini görmürsünüzmü?! Özünüz kor ola bilərsiniz, ancaq xalq kor deyil. Bir ökədə hakimiyyətə gəlmək arzusunda və iddiasında olan müxalifət partiyasının sədri şou ilə yox, real siyasi iradə və dəstəklə qalib gələ bilər. Yoxsa ki sizin kimi… Öz müstəqil siyasətinizi aparmaq əvəzinə, iki sözünüzün bir başında havadarlarınızdan imdad diləyirsiniz. Azərbaycan müstəqil, hüquqi dövlətdir və heç bir dövlət onun daxili işlərinə qarışa bilməz. Uzun sözün qısası, sizin bir çıxış yolunuz var: etiraf və səhvlərinizdən nəticə çıxarmaq…

Kubra Əliyarlı,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş məsləhətçisi,
Gənclər Birliyinin Şura üzvü

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

8 + eleven =