Nazir prokurorluğa müraciət etdi – “Saxta əlillər”dən pullar geri alınacaq

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanlış əlillik təyin edilmiş 1055 nəfərdən onlara ödənilən pulun geri qaytarılması prosesinə start verilib. Bu isə saxta əlillik almış vətəndaşlar arasında ciddi narazılığa səbəb olub, müxtəlif formalarda etiraz edirlər.

Əlillik dərəcəsi almaq istəyənlər kasıb təbəqənin adamlarıdır, həmin şəxslərin tələb olunan vəsaiti geri qaytarmağa maddi imkanları çatmır. Həm də əksəriyyəti saxta əlillik almaqlarına görə özlərində günah görmürlər.

Nazirlik bildirib ki, 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib. 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb və onların dərhal ləğv edilməsi həyata keçirilib:

“Yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmi mövcuddur. Ödənilmiş vəsaitlərin geri qaytarılması həm yanlışlığa yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir.Yəni yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda, yanlış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur. Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı, təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyəti sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib”./bakupost.az/

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + 11 =