Prezident İlham Əliyev Sumqayıtda açılışda iştirak edib

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin bütün regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodu ölkə iqtisadiyyatına mühüm töhfədir. Bu cür zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsinə, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşməsinə, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılmasına, sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin edilməsinə xidmət edir. Hazırda enerjidən səmərəli istifadə edilən, yüksək əlavə dəyər yaradan və ən son elmi-texniki yeniliklərə əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi üçün respublikamızda yenidənqurma tədbirləri ardıcıl xarakter daşıyır. “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunda da bu istiqamətdə tədbirlər davam etdirilir.

“Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Azərbaycan boruyayma zavodu 1947-ci ildə yaradılıb, tam gücü ilə istehsal fəaliyyətinə isə 1952-ci ilin dekabrında başlayıb. Keçmiş SSRİ ərazisində tikişsiz boru istehsal edən 26 müəssisədən biri olan bu zavodda çalışanların sayı 12 min nəfər, onun illik istehsal gücü isə 1 milyon ton məhsul təşkil edib. 1979-cu ildə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən zavodun ərazisində neft sənayesi üçün qazma borularının istehsalı sahəsi yaradılıb. Bununla da zavod keçmiş SSRİ məkanında qazma borusu istehsal edən 3 müəssisədən birinə çevrilib. Zavodda istehsal olunan qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular neft və maşınqayırma sənayesində geniş istifadə edilib. 1995-ci ildə zavod fəaliyyətini tamamilə dayandırıb. İstehsal sahələri və qurğuları texniki cəhətdən yararsız hala düşüb. 2016-cı ilin oktyabr ayında “Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən qurulub və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirilib.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul əldə etməyə imkan verir. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa edilib.

Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada metalın bərkliyini, möhkəmliyini, axma həddini və nisbi uzanmasını təyin edən avadanlıq quraşdırılıb, mikro və makrostruktur analizlər üçün hər növ mikroskoplar, metalın kimyəvi tərkibini təyin etmək üçün spektrometr qoyulub. Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.

Zavodun ərazisində geniş abadlıq işləri aparılıb, 38 min kvadratmetr sahədə yaşıllıq sahəsi salınıb.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət olunur. Ölkəmizin bütün bölgələrində müasir səviyyədə ictimai yerlərin, bulvarların, parkların və xiyabanların yaradılması tədbirləri davam etdirilir. Bu proses Sumqayıtda da geniş vüsət alıb. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır.

Sumqayıtın Lüdviqşafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı müasir oturacaq və işıq dirəkləri qoyulub, yaşıllıq zolaqları salınıb, dekorativ ağac və güllər əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə daha bir ünvan əlavə edib. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, ilk növbədə, sosial layihədir. Bununla yanaşı, belə layihələrin icrası ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı “Kimyaçı” Mədəniyyət Sarayının mövcud vəziyyəti, 2013-cü ildə isə Mədəniyyət Sarayında və ətraf ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Burada yenidənqurma işləri 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması istiqamətində işlər yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

“Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış oldu.

Sarayda xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.

Azərbaycan zəngin mədəniyyəti ilə həmişə fəxr edib. Azərbaycanın mədəni dəyərləri dünya mədəniyyətinin ayrılmaz parçasıdır. Son illərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanda mədəniyyət sahəsinin inkişafı istiqamətində çox mühüm və tarixi işlər görüblər. Bu baxımdan yeni mədəniyyət ocaqlarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələrin coğrafiyası son illərdə daha da genişlənib. “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı şəkildə yenidən qurulması da bu işlərin ardıcıl surətdə davam etdirilməsini nümayiş etdirir.

Mədəniyyət Sarayının qarşısındakı 5 hektarlıq meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb, kommunikasiya xətləri və işıqlandırma sistemi yenidən qurulub. Burada fəvvarə və 100 avtomobil yerlik dayanacaq yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı göstərir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Regionlarda yeni inzibati binaların tikintisi davam etdirilir. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və 2017-ci ildə yaranmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə genişlənən partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının da böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir və həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.

Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.

Məlumat verildi ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada yeməkxana da fəaliyyət göstərəcək.

Onu da deyək ki, respublikanın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçilirlər. Onlar şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, Sumqayıtın sosial-iqtisadi inkişafına töhfələrini verirlər. Hazırda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının 26 min 150 nəfər üzvü var ki, onlardan da 13 min 837-i qadınlar, 14 min 429-u isə gənclərdir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadarmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Expozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eskponatları ilə tanış olması üçün imkan yaradır.

Qeyd edək ki, bu cür muzeylərin yaradılması gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi və bir şəxsiyyət kimi formalaşması məsələsində mühüm rol oynayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verdi.

Bu layihə Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,64 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.

Diqqətə çatdırıldı ki, parkın rezidenti olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyət müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyət də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtgü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

“MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.

“Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.

Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində isə ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası da başa çatdırılıb.

Sonra Prezident İlham Əliyev parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoydu.

Məlumat verildi ki, “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Almaniyanın bu sahədə böyük təcrübəsi olan “HORN Glass İndustries AG” şirkətinin texnologiyası əsasında yaradılacaq. Müəssisədə il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Zavodda istehsal ediləcək məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq.

Dövlətimizin başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoydu. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.

Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi.

Məlumat verildi ki, ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 20 min tondur. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyən ediləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha çox istifadə edilməsi nəzərdə tutulur. İdxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40 faiz təşkil edir. Perspektivdə isə bir sıra məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaq.

Bunlardan əlavə, zavodun ərazisində inzibati bina, yeməkxana, laboratoriya, qazanxana və su anbarları var. Zavodda 100 yeni iş yeri yaradılıb. Layihənin ikinci mərhələsində bəzi məhsulların xammalının və yarpaq gübrəsi istehsalının təşkil olunması nəzərdə tutulur. Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Sonra Prezident İlham Əliyev parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak etdi.

Bildirildi ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda “blockchain”in tətbiqi artacaq.

Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gedib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 2 =