Qadın azadlığına qarşı çıxan saxtakarlar

0

Yenə bir qadın həyat yoldaşı tərəfindən qətlə yetirildi, yenə bir uşaq boynubükük, neçə ailə gözüyaşlı qaldı…

Qadın azadlığının önəmindən danışarkən bu zorakılıqları və s. nəzərdə tuturuq. Qadın özünü azad hiss etmirsə, öz ayaqları üzərində dayana bilmirsə, bu vəhşiliklərə məruz qalması qaçılmazdır. Şərait özü bunu tələb edir.

Əksər kişilər qadınların azadlığını qəbul etməyə hazır deyil. Qadının sosial azadlığından söz düşəndə qəzəblənmiş şirə dönürlər. Bu kişilər əsasən məhdud çərçivədə böyümüş, məhdud dünyagörüşlü insanlardır.

Nəinki kişilər, heç qadınlar da buna hazır deyil. Cəmiyyətin öz tabuları var. Bəziləri bu tabulardan çəkinərək toplumun qadağalar yükünü öz çiyinlərində aparır, bəziləri cəmiyyətə savaş elan edərək öz həyatını yaşayır, bəziləri isə sərbəst həyat keçirsə də, buqələmun rolunu oynamağa məcburdur. Necə deyərlər, kütləyə qoşulmalı olur.

Bu yerdə “Həmin o Münhauzen” filmi yadıma düşür. Aya uçmaq istəyən Münhauzenə “qoşul bizə, amma elə qoşul ki, hiss olunmasın”, – deyirlər. Kütlə artıq bir tərəfdə cəmlənib. Münhauzeni bu situasiyada anlamaq əlverişli deyil. Münhauzenin həqiqəti söylədiyini hamı bilir. Amma bu situasiyada o təkdir. Çünki rol oynamır, cəmiyyətin naqisliyini olduğu kimi göstərir.

Kütlə isə olduğu kimi görünmək istəmir. Ümumiyyətlə, kütlə nə istədiyini özü də bilmir. “Kütlə psixologiyası” deyəndə dərk etməyən, şüursuz hərəkət edən bir toplumu nəzərdə tuturlar.

Kütlə həm ətrafdakılar, həm də özü üçün təhlükə daşıyır. Çünki kütlə özü panikaya düşə bilər. Bəlkə də bu qorxu səbəbindən özünə yeni-yeni dəstəkçilər axtarır.

İnsanlar nə düşünürsə düşünsün, kütləyə çevrilərkən ayrıca cins formalaşdırırlar.

Fərdlərin şüur və iradəsi “sürü duyğusunda” yox olur, ölür. Əslində kütlənin psixologiyasını açmaqda psixoloqlar da çarəsizdir. Çünki insanlar izdihamda vəhşiləşdikləri üçün davranışın əsl mahiyyətini açmaq mürəkkəb olur.

Qonşuluqda bir qadın vardı. Yüksək əxlaqdan, dəyərlərdən dəm vururdu. Sonra məlum oldu ki, qazancını gecə “gəzintilərindən” çıxarır.

Belə nümunələr çoxdur. Çox zaman qadın azadlığından bəhs edən yazılara kəskin reaksiya verənlər də həmin qadınlar olur.

Bəs bu niyə baş verir?

Bu qadınlarda şüuraltı müdafiə sistemi formalaşıb. Uzun illərdən bəri həyat tərzinə görə qınaq hədəfi olan qadınlarda yeni meyllərə qarşı avtomatik müdafiə sistemi işə düşür. Bununla özlərini müdafiə etmək, necə deyərlər, təmizə çıxarmaq istəyirlər.

Hətta elə olur ki insan özü-özünü aldadır. Özünə tamam başqa bir obraz yaradır. Özü öz gözündə heç olmadığı kimi görünür.

Psixoloqlar deyir ki, yalan danışmaq çətin olduğundan bunun öhdəsindən gələ bilmək üçün qadın özü-özünü aldadır. Çünki belədə başqalarını da inandırmaq asan olur.

Özünü aldatmaq – problemlərdən qaçmağın bir yoludur. İnsan özünü günahkar hiss etmək istəmir, özüylə üz-üzə gəlmək istəmir. Bu bəzən şüuraltı baş verir.

Ya da insan ağlını işə salmaq, ondan istifadə etmək, yeni fikirlər ürətmək istəmir. Kütləyə qoşulub onunla birgə qışqırmağa üstünlük verir. Hansı istiqamətə qışqırmağı isə kütlə “təyin edəcək”.

Problemi çözmək istəyən çıxış yolu axtarır, çözmək istəməyən öz durğunluğuna bəraət axtarır.

Kütlə psixologiyası məsələni mədəni şəkildə müzakirə etmək imkanlarından insanı məhrum edir. “Yox” deyirlər, amma nəyə “yox” dediklərini heç özləri də anlamırlar.

Bu günlərdə bir yazar qadın bir məsələylə bağlı öz fikrini söylədi və dərhal da kütlə psixologiyasının qurbanı oldu.

Qadına yağdırılan ittihamların içində bircə məntiqli fikrə belə rast gəlmədim. Artıq qadının dediklərinə inanmağa başlayırdım ki, bir nəfər qısaca olaraq bu barədə aydın məntiqli fikir ifadə etdi və çox şey aydın oldu.

Əksər insanlarımız müzakirə etmək, fikir söyləmək mədəniyyətinə demək olar ki yiyələnməyiblər. Hamı qışqırır, amma nəyə qışqırdıqlarını da özləri də doğru-dürüst bilmir.

Tutaq ki qadın azadlığından söhbət gedir, kimsə müharibədə ölən kiçik uşaqların adını çəkib müəllifi “utanmağa dəvət edir”.

Zatən qadınların azadlığı ona görə önəmlidir ki, öz ayaqları üstündə dura bilsinlər, öz qərarlarını özləri verə bilsinlər, qadınlarımız ölməsinlər, xəyanətə uğramasınlar, aşağılıq kompleksi keçirməsinlər, alçalmasınlar, döyülməsinlər, yanlarında ata, həyat yoldaşı olmadıqda həyatın dolanbaclarında məhv olmasınlar. Luici Pirandellonun göl və skamya arasında qalan qadın obrazı kimi seçim qarşısında qalmasınlar.

Əsərdə sevgilisi tərəfindən tərk edilmiş uşaqlı qadının iki yolu vardı, ya arxaya, skamyaya qayıtmalı, bədənini satmalıdır, ya da gölə atılıb intihar etməlidir. Bunların ikisi də ağır idi və əslində heç biri çıxış yolu deyildi.

Kaş ki, qadınlar belə seçim qarşısında qalmaq məcburiyyətində olmasınlar. Təhsil alsınlar, özlərində güclü xarakter formalaşdırsınlar, öz övladlarına sivil qaydada tərbiyə verə bilsinlər. Elmli, ağıllı, dürüst insan nəsli yetişdirsinlər.

Hamımız şahid olduq ki, Ukraynada 29 yaşlı bir qadın təhsil naziri seçildi. Kütlə psixologiyalı bir qadın belə bir yerə əsla gəlib çata bilməzdi.

Yenə də o fikrə qayıdıram ki, insanın çiyinlərinin üstündə öz başı olmalıdır və öz yetkin fikirləriylə bəslənməlidir. Lent.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × 2 =