Komitə sədri Qarabağdakı süni məskunlaşma haqda: “Bundan əziyyət çəkəcəklər

0

Ermənilər Dağlıq Qarabağda süni məskunlaşdırma siyasətini davam etdirirlər. Belə ki, bu yaxınlarda Qırğızıstan vətəndaşlarını işğal altında olan torpaqlarımıza dəvət edərək, onların məskunlaşmasını təmin edəcəklərini bildiriblər.

Millixəbər.az xəbər verir ki, Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT-PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlamasında ermənilərin Dağlıq Qarabağdakı süni məskunlaşdırma siyasətini tənqid edib:

“Həm Dağlıq Qarabağda yaşayan vətəndaşlarımız, həm də məskunlaşmaq üçün kənardan gətirilən insanlar işğalçı Ermənistanın əlində siyasi alətdir, oyuncaqdır. Eyni zamanda da onlar işğalçılıq siyasətinin qurbanlarıdırlar. Nə qədər ki, Ermənistanın işğalçı siyasəti davam edir, o qədər də bu siyasətdən həm Azərbaycan vətəndaşları, həm Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdə süni məskunlaşan insanlar, həm də Ermənistanın öz vətəndaşları bundan əziyyət çəkəcəklər. Biz bunun hər zaman şahidi olmuşuq”.

Parlamentarinin sözlərinə görə, iqtisadi imkanların olmaması və pandemiyanın sürətlə yayılması ermənilərin çirkin əməllərindən əl çəkməsinə səbəb olmayıb:

“İşğalçı dövlətin indiki zamanda əsas siyasətinin yenidən bu cür oyunlara yönəlməsi və süni məskunlaşmada digər vətəndaşlardan istifadə etməsi bizdə təəccüb doğurmur, amma hiddət doğurur. Çünki bu siyasəti Ermənistan daim yürütməyə çalışıb. Ermənistanın indiki ağır iqtisadi vəziyyəti, pandemiya ilə mübarizədə nəticələri onların dünyada ən uğursuz ölkələrdən biri olduğunu göstərdi”.

Tahir Mirkişili qeyd edib ki, istənilən hadisədən istifadə edərək işğalçı siyasəti davam etdirməyi Ermənistan hakimiyyətinin iç üzünü bir daha göstərir:

“Ermənistanda hökumət dəyişsə də, işğalçı siyasət onların xislətində qalır. Bu cür hadisələrin davam etməsi bir daha onu göstərir ki, onlar dəyişmək istəmirlər. Pandemiyadan sonrakı yeni mərhələdə dünyada yeni idarəetmə formaları, yeni beynəlxalq şərait formalaşacaq. Ermənistan bu cür işğalçılıq və dağıdıcı siyasətlə yeni mərhələdə də beynəlxalq ictimiyyət qarşısında da əsl kimliklərini bir daha nümayiş etdirməkdədirlər”.

Deputat ATƏT PA-nın sonuncu onlayn iclasında bu məsələlərin Azərbaycan nümayəndə heyəti tərəfindən xüsusi qabardıldığnı da diqqətə çatdırıb:

“Bu yaxınlarda ATƏT PA-nın onlayn iclası keçirildi. Birinci və üçüncü komitənin təhlükəsizlik və insan hüquqları ilə bağlı iclaslarında nümayəndə heyətimiz aktiv iştirak ediblər. Pandemiyadan və konfliktdən əziyyət çəkən insanlar misalında bu məsələlər geniş müzakirə olundu. Azərbaycan dövlətinin pandemiyadan təsirlənən insanlara etdiyi köməyin konflikt nəticəsində əziyyət çəkən vətəndaşlara edə bilməməsini bir daha diqqətə çatdırdıq. Bu konflikt olmasaydı, münaqişədən əziyyət çəkən insanların, xüsusilə, Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın da pandemiyadan qorunmaqda Azərbaycan dövlətinin gücündən və qayğısından faydalanmaq imkanı olardı. Regionda koronovirusun sürətlə yayıldığı bölgələrdən biri məhz Daglıq Qarabağ ərazisidir. İşğal faktı pandemiya dövründə insanların ikiqat əziyyət çəkməsinə gətirib çıxarır. Həm məcburi köçkünlərimiz, həm də işğal zonalarında işğalın girovuna çevrilmiş Azərbaycan vətəndaşları qlobal pandemiyanın daha çox mənfi təsirlərinə məruz qalırlar… Tezliklə işğala son qoyulmalı, insanlar layiq olduğu həyat şəraitinə və təhlükəsizliyə sahib olmalıdırlar”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty + 18 =