Qazax rayonunda 2016-cı ilin birinci rübünün yekunları müzakirə olunmuşdur

0

йфяфMillixəbər.az ın məlumatina görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayonu İcra Hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda ilk öncə Ermənistanın silahlı təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İclası giriş sözü ilə açan Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermiş və məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Ölkə başçısı öz çıxışında qeyd etmişdir ki, birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır.
Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşübdür. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq  hesab edirəm ki ümumi daxili məhsul artmalıdır. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi 5 faizdən çox artmışdır.
Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıb. 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir.
Biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılmışdır. Buna misal olaraq onu göstərmək olar ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama, bu il isə sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir.
Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb.
2016-cı ilin birinci rübü rayonumuz üçün uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2016-cı ilin yerli gəlir və xərclərinin proqnozu 19670799 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6614000 manatını yerli daxilolmalar, 13056799 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 33,6 faiz, dotasiya isə 66,4 faiz olmuşdur.
2016-cı ilin birinci rübündə yerli daxilolmalar 1329414 manat proqnoza qarşı 1356868 manat və  ya  102,1 faiz yerinə yetirilərək büdcəyə  27459  manat çox vəsait mədaxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 3238000 manat icra olunmuşdur.(130,7%)
2016-cı ilin 3 ayında yerli xərclər  96,0 faiz və ya 172377 manat az icra olunmuşdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir. Cəmi yerli xərclər 4295880 manata qarşı 4123503 manat yerinə yetirilmişdir.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2016-cı ilin 3 ayı ərzində əhaliyə 1099024 manat və 693000 ABŞ dolları kredit verilmişdir ki, bunun da  hamısı  qısamüddətlidir.
Əhalidən 154618 manat və 202583 ABŞ dolları əmanət cəlb olunmuşdur.  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 layihə üzrə,  biri  sənaye məhsulları, səkkizi isə kənd təsərrüfatı məhsulları istehsalı olmaqla   101 min manat (15 iş yeri) kredit verilmişdir.
Dövlət Sosial Müdafiə  Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2016-cı ilin 3 ayında ödəniş müəssisələrinə 7156400 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 309000 manat çoxdur. Şöbədə 2016-cı ilin 3 ayında sosial sığorta  haqları  üzrə  yığım  proqnozu  78,4  faiz  yerinə   yetirilmişdir.  Bu göstərici büdcə təşkilatları üzrə 810100  manat proqnoza qarşı  872000 manat, yəni 107,0 faiz, qeyri büdcə təşkilatları və fiziki şəxslər üzrə isə 247200 manata qarşı 167700 manat toplanmaqla 67,4 faiz yerinə yetirilmişdir.
2016-cı ilin birinci rübündə Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  1976732  manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Ötən 3 ay ərzində Mərkəz tərəfindən 1.466 ailəyə ünvanlı sosial yardım təyin edimiş, həmin ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 691356  manat vəsait  ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2016-cı ilin birinci rübündə Qazax Elektrik şəbəkəsi tərəfindən 10 kv hava xəttində 13,28 km, 0,4 kv hava xəttində 7,21 km uzunluğunda cari təmir işləri aparılmış, 152 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş və 107 ədəd transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur. Əhali tərəfindən 194 yeni tikilmiş evlərə sayğaclar quraşdırılmış, 1,92 km uzunluğunda giriş  xətləri  çəkilərək gərginlik verilmişdir.
Daş Salahlı kəndində yerləşən “Avey” hərbi postuna 51 ədəd dayaq quraşdırılmaqla 3,5 km uzunluğunda xətt çəkilərək elektrik enerjisi verilmişdir.
Ötən dövrdə əhaliyə satılan enerjinin dəyəri 566502 manat, toplanan vəsait isə 536403 manat olmuşdur. Cəmi yığım 82,9 faiz, o cümlədən yerli əhali üzrə 94,7 faiz yerinə yetirilmişdir.
Bildiyiniz kimi Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon Qaz İstismar Sahəsi tərəfindən 3 ayda əhali abonentlərə satılmış qazın dəyəri 1614139 manat olmuş, 1312562 manat (81,32%) vəsait yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.586 manat çox vəsait toplanmışdır.
Qazax Telekommunikasiya Qovşağı  cari  ilin 3 ayında 2015-ci ilin birinci rübü ilə müqayisədə 11063 manat artıq vəsait toplayaraq planı  101 faiz yerinə yetirmişdir. 10 ailəyə yeni telefon çəkilmiş, 14 ədəd telefon şəbəkəyə  bərpa olunmuşdur.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su və telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 137 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 224 ədəd bağlama qəbul edilmiş və 108 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. 2016-cı ilin sonuna Qazax poçtunun bütün şöbələri post-terminarlarla təmin olunacaqdır.
“Qazax-Avtovağzal” ATSC-i 2016-cı ilin birinci rübündə plana 102 faiz əməl edərək 47000 sərnişinə xidmət göstərmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2016-cı ilin 3 ayında  5895 abonentə xidmət göstərilmiş və 101559 manat vəsait toplanmışdır. Bu isə satışın 89,8 faizini təşkil edir. Təşkilat tərəfindən 1 ədəd subartezian nasosu yenisi ilə əvəz olunub,    3 ədəd su mühərriki və 1 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur.
Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2016-cı ilin fevral ayından abadlıq və quruculuq işlərinin aparılması məqsədilə Kommunal Müəssisələri Kombinatında 100 nəfər işlə təmin olunmuşdur.
Qazax Mənzil İstismar Sahəsi tərəfindən balansında olan 19 çoxmənzilli binanın blok və fasadlarında təmir işlərinin yerinə yetirilməsi üçün 95 nəfər suvaqçı və rəngsaz işə qəbul edilmiş, hazırda iki binanın fasadında və beş binanın bloklarında təmir işləri aparılır.
Mənzil İstismar Sahəsi ötən 3 ay ərzində iki binanın dam örtüyündə köhnə azbest şiferlər yeni metal kirəmitlərlə əvəz etmiş, vətəndaşlardan 100,6 faiz mənzil xidmət haqqı toplamışdır.
2016-cı ilin 3 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil, 7 ibtidai məktəbdə 11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olur.
2016-cı ilin yanvar ayında keçirilən fənn olimpiadalarının  rayon turunda 308 nəfər şagird  iştirak etmişdir. Gəncə şəhərində  keçirilən  zona mərhələsində  yüksək yer tutmuş 2 nəfər şagird aprel ayında Bakı şəhərində keçiriləcək respublika turunda  iştirak edəcəklər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar olaraq tədbirlərə start verilmiş rayonun IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev uşaqların gözü ilə” şagirdlərin təqdimatı işində Hüseynbəyli kənd tam orta məktəbinin X sinif şagirdi Zamanov İsmayıl birinci yeri tutumuş və Təhsil Nazirlyində təqdimatların müsabiqəsində iştirak etmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi 2016-cı ilin 3 ayında rayonda bayram konsertləri, şənliklər keçirmiş, əlamətdar günlər münasibətilə 17 mədəni-kütləvi tədbirlər təşkil etmişdir.
Hesabat dövründə rayonun səhiyyə müəssisələrində ambulator gəlişlərin sayı 41356 nəfər olmuş, 1627 nəfər isə flüoqrafik və  rentgen müayinəsindən keçirilmişdir. 3 ay ərzində 86 nəfər şəkərli diabet, 10 nəfər vərəm, 20 nəfər onkoloji xəstə aşkar edilərək dispanser qeydiyyata götürülmüşdür.
Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir.  Rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat, təşviqat və məlumatlandırma işləri aparır. Bunun nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak edirlər. Müayinə nəticəsində 1261 nəfərə ambulator, 137 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 22 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Qazax  Müalicə Diaqnostika Mərkəzinə  3 ay ərzində 5716 ambulator gəliş  olmuş, Mərkəzdə 14788 ümumi müayinə olunmuş, 176 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsində 65  xəstəyə 1969 hemodializ seanslar tətbiq olunmuşdur.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2016-cı ilin 3 ayında gənclərlə iş sahəsi üzrə 6, bədən tərbiyəsı və idman sahəsi üzrə 9 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 1541 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 3, Respublika yarışlarında 21 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
2016-cı ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 400000 manat , ümumi məhsul buraxılışının həcmi  26214000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 3150000 manat keçən ilə nisbətən  0,4 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 9120000 manat 2015-ci ilə nisbətən 1,8 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 277 manat, orta aylıq əmək haqqı 275 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 5 yeni müəssisə yaradılmış, 177-si daimi olmaqla 665 yeni iş yeri açılmışdır. 2016-cı ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 8 dövlət və 1 qeyri – dövlət müəssisələrindən 269 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1470 nəfər vətəndaşlardan 685 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 623 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi 2016-cı ilin birinci rübündə də   davam  etdirilmişdir.
Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Rayonda Kənd Təsərrüfatı idarəsi üçün inşa edilən iki mərtəbəli, mansardlı binanın tikintisi başa  çatdırılmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən “Tarix -Diyarşünaslıq” muzeyinin tikintisi davam etdirilir.
Bərpa Agentliyi tərəfindən  Yuxarı Salahlı kənd tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılmışdır.
Respublika Prezidentinin Sərəncamına uyğun olaraq  2015-ci ildə qazılmış 9 ədəd subartezian quyuları  yaxın vaxtlarda istifadəyə veriləcəkdir.  2016-cı ildə 5 ədəd qazılacaq subarteian quyularının əraziləri müəyyənləşdirilmiş, hazırda layihələndrimə işləri aparılır.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına  uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Hazırda həmin  binalarda mənzillə təmin olunmuş qaçqın və məcburi köçkün ailələri mənzillərə köçürülür.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart  2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpaylıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Hələlik müvəqqəti olaraq işlər dayandırılmışdır. Yaxın vaxtlarda işlərə başlanılacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada tikilməsi nəzərəd tutulmuş  14 yaşayış evindən 8 yaşayış evi  istifadəyə verilmiş, 6 yaşayış evlərinin tikintisi davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində  tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə göndərilmişdir.
Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır.
Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Rayonun kənd  yaşayış məntəqələrində 43 km uzunluğunda  kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarlarının inşası başa çatmışdır.
Qazax Sement zavodunun ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir.
Hər  birinin illik istehsal gücü 50 min ton olan “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni Əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 300-ə yaxın  yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Rayonun Birinci şıxlı kəndində 220 başlıq heyvandarlıq və Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi işləri davam etdirilir.
Qaymaqlı kəndində fəaliyyət göstərən fermada lizinq yolu ilə gətirilmiş 75 baş düyədən 76 buzov alınmış, hazırda təsərrüfatda əlavə tikinti işləri davam edir, daha 100 baş cins düyələrin gətirilməsi istiqamətində danışıqlar aparılır.
2016-cı ilin birinci rübü ərzində rayonda ağac əkini davam etdirilmiş, əkilmiş 138500 ədəd ağacın 30000 ədədi Bakı-Qırmızı körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki qulluq işləri göstərilir.
20000 ədəd müxtəlif növ ağaclar və 40000 ədəd gül kolları park və xiyabanlarda əkilmişdir.
2016-cı ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədi ilə  Qazax Suvarma Sistemləri İdarəsi və Melioserviz İdarəsi tərəfindən   birinci rübdə plana uyğun  olaraq  arxlarda 175 min m3 lildən təmizləmə işləri aparılmışdır.
2016-cı ilin məhsulu üçün 7761 hektar sahəyə taxıl səpilmişdir ki, bu da ötən ildən 2202 hektar çoxdur.
Bu ilin məhsulu üçün indiyə kimi erkən yazlıqlardan  cəmi 411 hektar, o cümlədən 88 hektar yonca, 162 hektar kartof, 139 hektar  yazlıq dənlilər və 22 hektar tərəvəz əkilmişdir. Hazırda əkin işləri davam etdirilir.
İstehsalçılara texnika cəhətdən kömək göstərilməsi məqsədilə Aqroservisdə və şəxsi vətəndaşlarda olan 45 ədəd şum traktoru, 346 ədəd təkərli traktorlar, 10 ədəd toxum təmizləyən, 25 ədəd taxıl və qarğıdalı səpən, 17 ədəd mala, 12 ədəd gübrəsəpən və 50 ədəd digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 76 baş bala alınmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, keçən üç ay ərzində ötən ilin eyni dövrünə nisbətən 146 ton artıq süd istehsal olunaraq, 75990 tona, 34 ton artıq ət istehsal olunaraq, 1387 tona və 152 min ədəd çox yumurta alınaraq   2690000 ədədə çatdırılmışdır.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2016-cı ilin birinci rübündə epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30111 baş iri buynuzlu və 1757 baş  təkdırnaqlılar qarayara, 29827  baş iri buynuzlu heyvanlar dabax, 5806 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir. Həmçinin 154540 baş körpə ev quşları taun xəstəliyinə qarşı La-Sota ilə peyvənd olunmuşlar.
2016-cı ilin 3 ayı ərzində Rayon İcra Hakimiyyətinə 219 müraciət daxil olmuşdur. Müraciətlərdən 75-i Prezidentin Administrasiyasına, 6-sı Milli Məclisə, 4-ü Nazirlər Kabinetinə, 9-u respublikanın digər təşkilatlarına, 125-i isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir.
Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 35,6 faizi mərkəzi orqanlardan, 64,4 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 17,3 faizi müsbət həll olunmuş, 8,7 faizi qismən həll olunmuş, 0,5 faizi əsassız sayılmış, 73,5 faizinə müvafiq izahat verilmişdir.
2016-cı  ilin 3 ayı ərzində Qazax RİH başçısı tərəfindən 12 səyyar görüş-qəbullar keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 7844 nəfər, müraciət edənlərin sayı 136 nəfər olmaqla 93  təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 44-ü icra edilmiş, 1 məsələ üzrə işlər davam edir, 48 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
İclasda rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov,  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Mürsəlov,  Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov və başqaları çıxış etmişlər.
Sonda əldə olunmuş naliyyətlərlə yanaşı, həm də öz həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların həlli yolları, rayonda aparılacaq tikinti – quruculuq və abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuş, idarə müəssisə və təşkilat rəhbərlərinə lazimi tapşırıqlar verilmişdir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven − three =