QUMRU QUŞU- ÖTƏRXAN ELTAC

0

oterNazlana-nazlana yerə enməyə calışan kiçicik qar dənələri şaxtadan iz salmış pəncərə şüşəsinə dəyərək, ətrafa səpələnirdi. Xəfif-xəfif əsən mehin həzin təranəsində rəqqasə kimi fırlanan bu dənəciklər elə bil yüksəklikdə soyuğun, sazağın əlindən canlarını qurtarıb yer kürəsinə pənah gətirir, sığınacaq axtarırdı. Hər tərəf ağappaq rəngə bələnmişdi: evlər, ağaclar, yollar və uzandıqca uzanan düzənliklər ağ örpəyi başına çəkmişdi sanki.

Xəyallarım məni çox-çox keçmişə – dədə yurduma apardı. Dovşanın, canavarın ləpiri, kəkliyin, turacın qaqqıltısı ruhumu oxşadı. Bəzən qar üstündə iz salan vəhşi heyvanların arxasınca düşüb axşama qədər gəzdiyim, yorulmadan, bezmədən onların hərəkətlərini izlədiyim o anlar canlandı gözümdə. O vəhşi heyvanlar, o vəhşi quşlar necə də xoşbəxt idilər. Gündüz ov dalınca nə qədər məsafə qət etsələr də, gecəni öz yuvalarında  keçirəcəklərinin əminliyi idi bu xoşbəxtlik. İlahi, həyat nə gözəliymiş! Kəndimiz, həyətimiz, evimiz, çardağından buz, qırov sallanan damımız və çiçəyi çırtlamağa hazırlaşan şaftalı ağacı… lap burnumun ucu göynədi. Nənəmin motal pendiri yadıma düşdü. Çiyəni isti sac çörəyinə – xamıralıya  yaxıb yediyim dəqiqələr vücudumu silkələdi. Nənəmin ahəstə yerişi, günəş üzü, nurlu çöhrəsi, dədəmin,-ayə, qoyunu belə qaytar qoruğa girməsin,-hay-harayı, qoyunların mələrtisi, sarı kəhər atımızın şəhanə duruşu, kişnərtisi, qoşalülə  tüfəngimizin dərələrdə əks sədası xəyllarımı ovsunladı, silkələdi içimi. Necə də gözəliymiş o həyat, sanki xoşbəxtliyimdən xəbərsiziymişəm.

Və birdən… və birdən bəyaz xəyallar dünyasının içindən çıxan bir nəsnə bayaqdan bəri boylandığım pəncərənin şüşəsinə çırpıldı. Diksindim. Xəyallarım çilik-çilik çilikləndi. Elə bil yuxudaymışam, ayıldım.

Şaxtanın, soyuğun sazağı dondurmuşdu yazıq quşçuğazı. Elə üşüyürdü ki… Pəncərəni açıb sinəmə sıxdım onu, isti nəfəsimlə qızındırmağa çalışdım. Heç tərpənmirdi də. Güclə sezilən ürək döyüntüsündən hiss olunurdu ki, sığındığı məkan onun üçün  doğmadı… xətərsiz, filansız…

Uşaqlığım yadıma düşdü, kövrək hisslər bürüdü qəlbimi, gözlərim yaşardı. Haradasa on bir yaşım olardı. Sona bulağı deyilən yaylaqda idik. Məktəblər bağlandığı üçün tətilə çıxmışdıq. Al yamaclarda gəzməyi, dağın ətəyindən zirvəsinə qədər  görəsən neçə dəqiqəyə çataram,- deyə, dayanmadan  dik yoxuşu qaçmağı, ayağım torpağa dəymədən daşdan-daşa hoppanmağı özümə adət eləmişdim. Bəzən də dayanmadan hoppana-hoppana çiçək dərirdim ki, hamısının da özəyi eyni uzunluqda olmalıydı. Əgər ilk başlanğıcda  nəyisə düzgün etməsəydim, özümü məğlub hesab edər, oyuna yenidən başlayardım. Hər gün bu və ya digər oyunları təkrarlaya- təkrarlaya üç aylıq tətili sanki bir göz qırpımında başa vurardım. Elə xoşbəxt idim ki…

Sürü dağın sinəsinə yayılmışdı. Atam nahar etmək üçün evə dönəndə, mən də atamın toppuzlu dəyənəyini əlimə alıb sürünün yanına yollandım. Çomağın toppuzu o qədər böyük idi ki,  hətta  daşı da yarardı, düzü, mən belə fikirləşirdim. Qarşıma canavar çıxsaydı onu gəbərdəcək qədər ürəkli idim. Mən də kişiyəm, deyə qürrələnirdim, axı sürünü tək otarırdım.

Qəflətən yağan yağış məni lap cücəyə döndərmişdi. Göy gurultusunun dərələrdəki əks-sədası, od kimi parlayıb sönən şimşəyin şaqqıltısı bayaqkı sevincimin fonunda daha əzəmətli görünürdü. Odlu şimşəyi tutmağa çalışırdım. Bəlkə də əlimi yandırar, deyə fikrimdən vaz keçirdim bəzən. Gah da fikirləşirdim ki, bu qədər yağan yağış o odlu şimşəyi niyə söndürmr görəsən.

Deməyəsən, balam qorxacaq deyə, bayaqdan bəri atam məni haraylayırmış. Mən də təbiətin yaratdığı bu həngamənin sehrinə düşərək qoyunları da unutmuşdum, özümü də.

Atam məni bağrına basmışdı. Su damcılayan saçlarımı sığallayır, öpür və sanki yenidən bağrına basırdı. Qorxdunmu, -deyə, elə bil məni şimşəkdən gizləyirdi. Elə bil yağış selə dönüb məni atamın əlindən alacaqdı. Atam tez-tez üzümə baxır, sürünün yanında məni tək qoyduğu üçün özünü danlayırdı.

Atamla bərabər bir qayaya sığınmışdıq. Yağış xeyli səngimiş, daha nə göy guruldayır, nə də şimşək çaxırdı. Qayadan süzülüb gələn damcılar çınqılın üzərinə düşərək parçalanır, ətrafa səpələnirdi. Sanki zirvədə qərar tutmayıb üzü aşağı diyirlənib gələn küləyin zərif uğultusu damcıların yaratdığı musiqiyə qarışraq qəlbimi sirayət edirdi. Amma maraqlı idi ki, nə qədər islansam da  üşümürdüm. Həm atam qalın sırıqlısını mənə bürümüşdü, həm də onun isti nəfəsi ruhumu isidirdi. Atam xəstələnəcəyimdən qorxurdu, amma ata məhəbbəti, ata sevgisi o gün məni bütün bəlalardan qorudu.

Bir anlıq kino lenti kimi göz önündən keçən ata-oğul məhəbbəti sinəmə sığınan quşçığaza məni daha çox bağladı.

Yazıq Qumru quşu. İsindikcə böyüyürdü elə bil. Soyuğun təsiri canından çıxdıqca daha da sərbəst olurdu. Ancaq baxışlarında bir ürkəklik vardı.

İsti soba yanında dən yeyirdi quşçuğaz. Hərdən qanad açıb uçmaq istəyirdi deyəsən. Amma  yox, minnətdarlıq etmək üçün fərəhini, sevincini gizlədə bilmirdi. Doyunca dən yeyəndən sonra suya da qonaq etdim onu. Artıq bayırın şaxtasını tamam unutmuşdu quşçuğaz. Bir canlıya yenidən həyat verdyim üçün özümü rahat hiss edirdim. Axı o, şaxtada dona bilərdi. Bəlkə də yox. O, isnad nöqtəsini əvvəlcədən bilirdi.

Saatlar ötdükcə daha da isinişdik bir-birimizə. Hər iki gözlərindən öpüb oxşadım onu, dəfələrlə bağrıma basıb əzizlədim qumrucuğazımı. Nə qədər gözəl gözləri, ürkək baxışı var, İlahi! Caynaqlarının rəngi, hələ də tam bərkiməyən qanadları  insana qarşı sanki istiqanlılığı, doğmalığı həssas və kövrək olan qəlbimizdə bir yaxınlıq, bağlılıq yaratdı.

Və yenə də bu xəyallarda ikən hansısa bir əlamət diqqətimi çəkdi. O əlamət-uzun müddət ayağında gəzdirdiyi nişanə mənə yaxşı tanış idi.

Eyvanımızda yuva qurmuşdu qumru quşu. Dəcəl uşaqlar onun yuvasını dağıtmağa can atsalar  da, həmişə mane olmuşdum onlara. Məqamı gələndə bircə balası çıxmışdı yumurtadan. Ata-anası onu qoruduğu, qidalandırdığı qədər mən də onu təhlükədən qoruyur, dən, su verirdim. Elə ki, böyüyüb qanad açmaq vaxtı gəldi, ayağına manşır vurdum. Fikirləşdim ki, rastıma çıxar. Quşu özümünkü sanırdım. Mənə məxsus olduğunu sanki ona təlqin etmişdim.

Bəli, qumrucuğazım bizim eyvanda dünyaya göz açmışdı. İsti bir yuvadan qanad açaraq səmanın ənginliklərinə baş vurmuş, yaşamaq üçün çətinliklərə sinə gərmiş,  xoş günlərin ləzzətini dadmışdı. Ancaq doğma ocaq, isti yuva ilk qanad açıb pərvazlandığı məskən onun yaddaşında özünə yer eləmiş, aylarla başqa bölğələrdə yaşasa da, xoş günlərin nəşəsi ona soyunu, el-obaya, torpağa, yurda bağlılığını unutdura bilməmişdi. Odur ki, isti ocağa dönmüşdü… dünyaya göz açdığı ocağa.

 

 

 

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × 1 =