Realizmin qürubu, postmodernizmin şəfəqi… – SÖHBƏT

0

000Millixəbər.az Kulis.Az -a istinadən xəbər verir ki,yazıçı Qan Turalı və ədəbiyyatşünas Cavanşir Yusiflinin realizm haqqında söhbətini təqdim edir.

 

Qan Turalı: Cavanşir müəllim, Azərbaycan nəsrinin məncə ən ciddi problemi realizmə münasibətdir. Bu mənim birmənalı münasibətimdir.  Realizm Azərbaycan ədəbiyyatı tarixinin çox güclü bir cərəyanıdır, bəlkə də ən güclü cərəyanıdır. Cəlil Məmmədquluzadə, Haqverdiyevdən başlayan bu cərəyan bu gün belə demək mümkündürsə son nəfəsini verir. Biz çoxlu sayda realist əsərlər görürük və təəssüf ki, realizm adına yazılmış bu əsərlər həyatın ucuz və solğun inikasından başqa bir şey deyil.

 

Misal üçün, bir yazıçı öz xatirələrini, kəndlərində baş vermiş hansısa bir əhvalatı bizə ədəbiyyat yerinə sırımağa çalışır. Bu, əslində realizmin qüsurlu tərəfidir, o mənada ki, realizm gerçəkliyi olduğu kimi təsvir etmək prinsipindən çıxış edirdi. Lakin gerçəkliyin ənlik-kirşansız bədii təsviri ədəbiyyat deyil axı. İndi XXI əsrdir, realizm isə XIX əsr hadisəsidir. XIX əsrdə heç düz-əməlli mətbuat belə yox idi.

 

Deməyim odu ki, realist yazıçılar estetikanı tamamilə unudublar. Məşhur söz var, deyir, əgər sənətin məqsədi həqiqəti olduğu kimi əks etdirmək olsaydı, o zaman bədii fotoqrafiya ən ali sənət olardı. Məncə, bu bir fəlsəfi sistem kimi realizmin düşdüyü bu çıxmaz təkcə Azərbaycan ədəbiyyatının problemi deyil, həm də dünya fəlsəfi-ədəbi fikrinin böhranıdır. Doğrudur, dünyada çoxdandır ki, realizm adlı bir cərəyan yoxdur, yeni düşüncələr, fikirlər var. Dünya realizmlə çoxdan vidalaşıb. Və təəssüf doğuran haldır ki, ölüb-getmiş bu ədəbi cərəyan vulqar şəkildə Azərbaycan ədəbiyyatında öz varlığını davam etdirir. Bəzi yazıçılar az qala israrla yazdıqlarının həyatdan götürüldüyünü gözümüzə soxurlar. Yaxşı bir halmış kimi… Hər bir insanın öz başına gələn hadisəni saniyəsində Facebooka yazdığı bu dövrdə bütün bu hadisələr, əhvalatlar mənə son dərəcə qeyri-ədəbi və vulqar görünür.

 

Cavanşir Yusifli: “Həyat və ədəbiyyat” məncə, ciddi məsələdir, üstündən sükutla keçiləsi bir şey deyildir. Ancaq doğru olan budur ki, estetika aspekti unudulmasın gərək. Yaxınlarda bir gəncin bir yazıçının romanı haqda yazısını oxudum, fikirlər məni sevindirdi, təəccübləndirdi, yaxşı mənada, elə bildim bu yazının həsr edildiyi roman doğrudan da çox güclü əsərdir. Əsəri oxudum. Təəssüf etdim. Yəni, biz yaxşı olanı bilirik, yaxşı şeylər yaratmağı bir az yadırğamışıq, bu isə tələskənlikdən irəli gəlir. O başqa məsələ ki, ədəbiyyat, sənət əsəri gerçəkliyin fotosu deyil, başqa şeydir, həm də çox qəliz bir məsələdir. Foto və fotoqrafiya (həm də fotoqraf) dünyaya gələndə təəssüf və təşviş oyatmışdı, Şarl Bodler, məsələn, buna aşırı aqressiv münasibət sərgiləmişdi. Amma foto yaşayır, xarüqələr yaradır.

 

Başqa bir məsələ, “həyatı, gerçəkliyi olduğu kimi əks etdirmək” prinsip deyil, vulqar ifadədir, realizmin mahiyyətini adekvat əks etdirmir, yan keçir, ona qalsa, realizmin tipologiyası var, buna baxılsa, məsələn, XX əsr realizmi tipinə baxılsa maraqlı nüanslar ortaya çıxa bilər. Rəhim Əliyev Cabbarlıdan yazanda bunu əsas götürmüşdü və orda çox maraqlı mülahizələr vardı.

 

Başqa bir məsələ də var. Bir var, “izm” kimi realizm, bir də var, təsvir metodu – yəni ən ağlasığmaz hadisələri də realist tonda, çox inandırıcı şəkildə vermək olar və bu şərtdir! Yox, indi sən zəif və bədii cəhətdən kasad əsərləri “realizm” adlandırırsansa, bu da doğru deyil, ən zəif əsərlər postmodernizm həyəcanından doğanlardır.

 

Realizm və ümumən “izmlər” haqda mənim düşüncələrim bir az fərqlidir. Fransız yazıçılarından deyəsən Flober idi, romantizm haqqında manifest hazırlamışdı, yazmışdı, öz yazdıqlarını da bu fonda görürdü, ancaq realist idi. Yəni, hər şeyi əsər, mətn həll edir, “izm”lər sonrakı söhbətdir.

Sizin qeydiniz doğrudur, həyatın, gerçəkliyin vulqar ifadəsi, yazıya köçürülməsi istedadsızlığın göstəricisidir, bizdə belə “realist” əsərlər çoxdur. Problemimiz nədir, yazılan əsərlərin estetik planda çox kasıb olması və dünya təcrübəsindən bəhrələnməmək və ya montajlar.

 

Qan Turalı: “Fələk qırmancı” romanım çap edildikdən sonra əvvəl də ara-sıra qarşılaşdığım bir tendensiya ilə bu dəfə daha çox üzbəüz dayandım. Hər tərəfdən sual gəlir: “Mehdi kimdir? O sənsənmi? Zeynəb həyatda olubmu?” Bizim əslində təfəkkürümüz də realizm üzərində qurulub, yəni hakim ədəbi ictimai rəydə onun qalıqları son dərəcə güclüdür. Bu dominant baxış tərzi hara gəlib çıxır? Yazıçılarımız bir çox hallarda hadisəçiliklə öz işlərini bitmiş hesab edirlər. Nəsrimizdə idrak çatışmır. Bir də sizin dediyiniz estetika qıtlığı… Bəzən axmaqcasına nidalar eşidirəm: Bizdə modernizm olub ki, postmodernizm də olsun. Bunu deyən adamdan modernizmin nə olduğunu soruşanda kəkələyir, modernizmə aid bircə məntiqli cümlə də qura bilmir. Nadanlıqdan bol heç nə yoxdur.

 

Sizinlə bir məsələni də məsləhətləşmək istəyirəm. Nəyə görə bizim tənqidçilərimiz yazıçılara qiymət verəndə əksər hallarda ədəbi cərəyanlardan danışmırlar? Bunun sizcə səbəbi nədir? Hərçənd bunu ümumi fonda anlamaq da mümkündür. Hüseyn Cavidi romantik adlandıran ədəbiyyatşünaslığımız var. Bu mənada məncə bu cərəyanlar da, anlayışlar da yerinə qoyulmalıdır. Və əlbəttə ki, realist olmaq başqa şeydir, realizm başqa şey. Məncə bu gün realist olmaq istəyən adam mütləq postmodernist olmalıdır. Bu haqda bir az sonra danışmaq olar.

 

Amma məncə əsas problem də budur. Nəsrimizi ədəbi cərəyan xəritəsini çıxartmaq. Bu xəritədə Mirzə Cəlil də, Cavid də və ədəbiyyatımızın bu günü də çox aydın görünəcək.

 

Cavanşir Yusifli: Bizdə ara-sıra cərəyanlardan danışırlar, amma səhv istiqamətdə, yazıçının aid olmadığı istiqamətdə. Bu isə estetik ölçünün vulqarlaşdırılmasına gətirib çıxarır. Adicə Mirzə Cəlili götürün, əvvəla onun  dram əsərlərindəki janr qarışıqlığına diqqət yetirilməlidir, bu əsərlərdə daha sonralar, XX əsrin ikinci yarısında Avropa nəsrində qaldırılan problemlər var. Məsələn, qəlplik məsələsi. Məsələn, “həqiqətin oğurlanması” məsələsi. Sonra Haqverdiyev, o, hekayələrinin, dram əsərlərinin material hissəsini çox diqqətlə öyrənirdi, bu məsələdə, amansız və ciddi realist idi. O dövrdə bir qohumu Peterburqda təhsil alırdı. Ona məktub yazır, filan əsəri yazacam, Evripidin əsərlərini mənə al və yolla, tələbə bunu səhv anlayır, Evklidin əsərlərini alıb yollayır. O ki qaldı cərəyanların xəritəsinin çıxarılmasına, bu proses indi alınmayacaq. Bu, təkcə bilik məsələsi deyildir. Proses özü başa çatmayıb. Bu barədə də danışmaq olar.

 

Qan Turalı: Sizcə, Mirzə Cəlilə ədəbi qiymət vermək, onu cərəyan kontekstində təhlil etmək hələ tezdir?

 

Cavanşir Yusifli: Yəni, sözün qısası: Mirzə Cəlili dərindən təhlil etmək üçün güc azdır, özün de, sənin bildiyin ədəbiyyat nəzəriyyəsi yazan adamların qələmi bu sahədə necə işləyər?

 

“Allahın əmanəti olan insan ruhunun sözdə cism və can tapmasına ədəbiyyat deyilir” – yəni filologiyamız bu səviyyədədir, hesab elə ki, Mirzə Cəlil hələ araşdırılmayıb, çox şey öyrənilsə də, ortada böyük bir material olsa da, onun əsərləri estetika və poetika baxımından tədqiqatçılarını gözləyir; əslində, bunlar bir-birini tamamlayan işlərdir normal ədəbiyyat tarixi və konsepsiyaları olmalıdır ki, konkret yazıçı mətni bütün yönləriylə öyrənilsin.

 

Qan Turalı: İndi bu nümunələrə görə Mirzə Cəlili təhlil etməyək? (gülür)

 

Cavanşir Yusifli: Edək. Amma necə? İndiyə qədər araşdırmalar məlum-məşhur izmlər üstündə gedib, məsələn Arif Hacıyevin realizmlə bağlı kitabları. Orda tipologiyada didaktik realizm anlamı vardı. Yaxud Yaşar müəllimin “Realizm: sənət və həqiqət” monoqrafiyası. Bu araşdırmalarda mətnlər yoxdu, illüstrasiya var, həm təhlilə, həm də realizmə.

 

Qan Turalı: Didaktik realizm necə olur?

 

Cavansir Yusifli: Məsələn, Seyid Əzimin didaktik mahiyyətli mətnləri…

 

Qan Turalı: Aydındır. Amma Mirzə Cəlil əsl realizm deyilmi?

 

Cavansir Yusifli: O, “tənqidi realizm cəbhəsində” idi.

 

Qan Turalı: Bəs bugünkü ədəbiyyatımız necə? Orda sizi narahat edən realizmin  hansı tərəfidir?

 

Cavanşir Yusifli: Məncə, bugünkü prosesdə məsələ qəlizdir, bunun üçün klassifikasiya aparmaq lazımdı. Hansı əsərlər haqqında bəhs açmağa imkan yaradır? Əsər kütləsi çoxdu, yəni xalis nəsr mətni azdı. Metodların qarışığında yazılan əsərlər var. Qalın romanlar var, hadisəçiliyin baş alıb getdiyi əsərlər, Azad Qaradərəli və sair…

 

Bunlar tarix səhnəsindən köç etmiş yıpranmış realizm nümunələridir. Anadan lal doğulmuş əsərlərdir, heç nə anlatmır, forma ilə məzmun arasında Çin səddi olan əsərlər. Bir də postmodernizmə illüstrasiyalar…

 

“Şüursuzluq aktı” deyilən bir şey var, sən metodu yox, problemi, onun fəlsəfi bədii sxemini düşünürsən – adı çəkilən nümunələrdə bu yoxdur.

 

Elçinin “Baş” romanı üzrə yazılan rəylərə baxın, hamısı metafora və epitetlərdən ibarətdir, bu romanın zəif və ya güclü cəhətləri bir kənarda qalır, yazan adamlar baş sözünü hallandırırlar. Bir romanın neçə halı ola bilir? Filoloji məkanda terminləri saqqız kimi çeynəyirlər, bu isə ədəbi əxlaq məsələsidir.

 

Qan Turalı: Yaxşı yerə gəlib çıxdıq: illüstrativ postmodernizm. Aydın məsələdir ki, bu gün gen-bol müşahidə etdiyimiz vulqar realizm əsl realizmə nə qədər yaddırsa illüstrativ postmodernizm də postmodernizmə bir o qədər yaddır. Məsələ nədədir? Bizdə metodlarla mahiyyəti qarışdırırlar. Misal üçün, kimsə pastiş edirsə dərhal postmodernist elan olunur. Ya da adlarla nəyəsə işarə vurursa, o zaman demək postmodernistdir. Bu konteksdə, XIX əsrin ortalarında yaşamış Amerika yazıçısı Herman Melvilli xatırlayıram. O, “Mobi Dik” romanında aşkar şəkildə adlarla oynayır, misal üçün kapitan Ahab zalım yəhudi kralının adaşıdır, ya da baş qəhrəman İsmayıl, bizim Qurandan tanıdığımız İsmayılla eyni adı daşıyır. Amma Melvill postmodernistdirmi? Əlbəttə ki, yox. Ya da Nizami Gəncəvi “Leyli və Məcnun” süjetinin götürüb yenidən işləyirsə biz bunu dekonstruksiya kimi qəbul etməliyik? Əlbəttə ki, yox. Bütün bunlar bizim anlayışları səthi şəkildə dərk etməyimizin nəticəsidir…

 

Cavanşir Yusifli: Bizdə “izm”lər üst səthdə sürüşür. Bir var kanon, orta əsrlər ədəbiyyatının estetik bazası. Bir də var texniki postmodernizm. Fəlsəfi mündəricəsi olmayan ədəbiyyat. Metod sadə texniki məsələ deyil, bizim həyatımız, düşüncəmiz, dünyaya baxışımız və sairlə sıx bağlıdır, metodun texnikası o zaman əsaslı şəkildə dəyişə bilər ki, formayla məzmun arasındakı gizlənpaç oyunu gerçəkliyin dərkində təbəddülat yaratsın, Orxan Pamukda olduğu kimi…

 

Borxes çox tərcümə edildi. Çox da təqlid edildi. Markes də. Xətkeşi qoyub onların bir əsərindən yüzlərlə hekayə balaladılar. Bu ədəbiyatdırmı? Xeyr! Surroqatdır. Təzə ideya vermir. Mövcud olanı öldürür. Haqverdiyevdən öyrənmək yerinə Borxesi təqlid edirlər. Həm də modeli.

 

Qan Turalı: Dediklərinizi konkretləşdirə bilərik? Mən isə elə düşünürəm ki, vulqar realizmdənsə surroqat postmodernizm yaxşıdır.

 

Cavansir Yusifli: İkisi də pisdir. Surroqatın nəyi pisdir? Deyim: insanlar buna tez və sürətlə yoluxurlar və anti-ədəbiyyat tirajlanır. Yazar olsun ki, mənə, sənə və digərlərinə postmodernizm haqqında lazım gəldikdə “dərs deyər”, pastij belə, kamera elə… amma hərfdə ilişib qalar, ona elə gələr əsər yaradır, nəsə orijinal mətləblər icad eləyir, ancaq özü sxem daxilində olduğundan bir addım da irəli gedə bilməz.

 

Başqa bir məsələ, indi “izm”lərdən bəhs açmaqdansa üslublardan danışmaq yerinə düşərdi. Çünki surroqat postmodernizmdə yazanların böyük əksəriyyətinin üslubu, yazı tərzi yoxdu. Və bunların intişar tapmasında cahil filologiya və tənqid böyük rol oynayır. Yuxarıda “Baş” romanınına adını çəkdik və romandan yazılan “araşdırmaları” qeyd etdik. Bunlar nə idi? Sözləri böyük hərflərlə yazanda nə olur ki? İnsanlar ciddilikdən imtina edəndə belə surroqatlar mərkəzdə mövqe tutur.

 

Qan Turalı: Amma mənə elə gəlir ki, vulqar realizmdənsə surroqat postmodernizm yaxşıdır. O ki, qaldı Elçinin romanı haqqında mülahizələrə, mən o mülahizələrin əksər hissəsini elə surroqat sayıram. Müəllifi metafizikaya bağlayıb onu ucaltmağa cəhd göstərmək, başqa sözlə desəm, müəllifə müəllifdə olmayan bir istiqamətlə qiymət vermək korafəhmlikdir və bu korafəhmliyin çox nadir nümunələrini görmüşük, görürük, görəcəyik.

 

Cavanşir Yusifli: “Baş” romanı Elçinin son romanıdır. Bu barədə, doğru deyirsən ki, çoxlu yazılar meydana gəldi, tərif və tənqid yazıları, ancaq bu yazıların heç biri mətnin təhlili, romanın sistemi, fəlsəfəsi haqqında tutarlı sözə çevrilmədi. Yəni, bütün bu halların meydana gəlməsinin iki əsas səbəbi var, bəlkə də çox.

 

Onlardan biri, doğru deyirsən ki, tənqidçinin müəllifi “bölüb-parçalaması”, onu metafizikaya çəkməsi, özünün bildiyi sahə üzrə araşdırması və sair anti-elmi şərtlərlə bağlıdır. Belə getsə, günlərin bir günü bədii mətn ümumiyyətlə sakit və ciddi təhlildən kənarda qalacaq, müəllif və onun yaradıcılığı haqqında hər ikisinə aid olmayan yazılar aləmi başına götürəcəkdir.

 

Əsərə, nəsr əsərinə içindəki metafora ilə yanaşan tənqidçi araşdırma boyu bu metafora və epitetlərin sırasını sıxlaşdırır, bədii əsər haqqında dəxli olmayan yazılar meydana gəlir.

 

Bizdə bu vəziyyət illərdir davam edir, hamı olduğundan daha rəngli, daha koloritli, daha elmli və sair görünmək istəyir, nəticədə ən böyük zərbə ciddiliyə dəyir.

 

Əvvəllər çox zəif əsərlərdən bəhs etmək ayıb sayılardı, bunların adları yalnız icmallarda “və başqaları” siyahısına belə düşməzdi, çünki tənqidi tərpədən yalnız bədii əsərin məziyyəti və keyfiyyəti olmalıdır, indi yuxarıda qabardılan səbəblərin hesabına həmin heç nə ifadə etməyən “real” əsərlər ən üst qatda qərar tutur, onlar ustad dərsləri keçir, maklatura istehsal edirlər. Bu hal acınacaqlıdır.

 

Ən dəhşətli hal nədir? Tənqid öz işini görə bilmədiyindən yaxşı əsərlər də diqqətdən kənarda qalır, yəni burası bir bazar meydanı, kim malını sırıdı-sırıdı. Baxın, mən illərdir, Mübariz Cəfərlinin 3 romanı haqda yazıram, danışıram, təbliğ edirəm, amma buna, yəni bu romanlara heç bir diqqət yoxdu. Ona görə yox ki, bu əsərlərin ancaq jurnal variantı var. Ona görə ki, kitaba, ədəbiyyata münasibət indi daha çox görüntü funksiyasını yerinə yetirir. Bu, çox mühüm nöqtədir, söhbət təkcə ondan getmir, elə bunu sənə və digərlərinə də şamil etmək olar, çünki Azərbaycan nəsrinin yaranmaqda olan tendensiyaları məhz bu nöqtədən bilinir. Məsələ belədir: son zamanlarda bizdə çoxlu sxem və ya sxematik romanlar meydana gəldi, yəni, başqa təxəyyülün məhsulu olan sxemləri kopyalama. Mübarizdə və elə səndə də məsələ başqa cürdür. Adını çəkdiyim üç romanda (“Bərpaçı”, “Bənna”, “Bağban”) köhnə anlayışlar dəyişir, məzmun o deyil, müəllif o deyil, nəsr kateqoriyaları modifikasiyaya uğrayır, bu, etiraf edək ki, gerçəkliyin bədii əksinə yeni baxışdır, bu əsərlərdə yeni model var, yeni qurma, yeni montaj sxemləri mövcuddur, bu əsərlərdəki “dəruni struktur” oxucunun ruhuna və beyninə işləyir və sair…

 

Qan Turalı: “Baş” romanı bizə söhbətin axarını dəyişməyə imkan verir. Söhbət, realizmin Azərbaycan ədəbiyyatında dominant olduğu tarixi roman janrından gedir. Doğrudanmı biz hələ də tarixə subyektiv yanaşıb onu təxəyyülün ağuşuna verə bilməyəcəyik? O dövrdə realistlər Fransada deyirdilər ki, romançı tarixçinin katibəsidir. Çox təəssüf ki, bu tendensiya bu gün də davam edir. Məncə, ən problematik vəziyyət də elə bu tarixi romanlar səviyyəsindədir. Lakin bununla belə bir sualı kəskin şəkildə qoya bilərik. Yazıçının tarixə sədaqətinin ölçüsü necə olmalıdır?

 

Cavanşir Yusifli: Elçinin “Baş” romanı və tarixi roman kateqoriyası, özün deyirsən ki, müəllif tarix yazmayıb, ən azından başqa bir yol seçib, yaxud seçmək istəyib. Ancaq məncə, buna nail olmayıb, çünki yazmaq istədiyi mətləblərin fəlsəfi dərinliyi əsərin poetik sistemində öz yerini tapa bilməyib. Məsələ tarixi və ya dastanı, epik nümunəni bir başqa cür qələmə almaqdan getməməlidir, məsələ yalnız müəllifin tarixdən götürdüyü səhnələrə münasibətinin tipindən, xarakterindən gedə bilər. Burda, bu romanda Elçinin münasibəti bir konsepsiya kimi formalaşmayıb, dili, İradə xanımın da deiyi kimi, çiydir, bu da Elçinin dili bilməməsi anlamına gəlmir, daha çox mətləbin bədii həllini tam ortaya qoya bilməməsi ilə bağlıdır.

 

Qan Turalı: Məncə, tənqidçilərin romanın dil qüsurları haqqında gen-bol danışmağının özü realizm kimi çeynənmiş bir mövzuya çevrilib.

 

Cavanşir Yusifli: Dil qüsurları varsa, onlardan hökmən danışmaq lazımdır, ancaq gen-bol danışmaq və ya ancaq onlardan bəhs etmək bir az siz deyən kimidir. Bir şey unudulmamalıdır, əsər vahid bir sistemdir, hansı üslubda yazılır yazılsın, bir qüsur hökmən digərlərini doğurur, üzvi poetika adlı bir fənn var, ondan çıxış edilərsə, deməliyik ki, mükəmməl əsərdə bəzən “dil qüsurları” da yerinə düşür, müəyyən funksiyaya bağlanır.

 

Dil qüsurlarından danışıb, nəsr əsərinin estetik sistemindən, fəlsəfəsindən (varsa-!) bəhs etməmək, müəllifdən, onun tərzindən, müəlliflə forma arasındakı qəliz münasibətləri kənarda saxlamaq cahillikdir. Ancaq pis əsərdə dili nə qədər bilir-bilsin müəllifin də dil duyğusu korşalır, sönür, bu halda məncə tənqidçi o əsərdən bəhs etməməlidir.

 

Qan Turalı: Realist roman gerçəkliyə nə qədər sədaqətlidirsə hətta onu düzgün əks etdirmək üçün statistik məlumatlara belə məxəz gözüylə baxırsa, tarixi roman da eyni cürə, tarixi sənədlərə həqiqətin son instansiyası kimi baxır. Əlbəttə, realizm nəzəriyyəsi baxımından bu belə də olmalıdır. Lakin realizm və onun əsaslandığı pozitivist fəlsəfə bir əsrdir iflas edibsə biz nəyə görə bu gün gerçəkliyi olduğu kimi əks etdirməyi yazıçının əsas mərifəti sayacağıq? İsa Hüseynov “Məhşər”i yazanda tarixçilər səhv axtarırdılar. Otuz il keçib. İsa Hüseynovun romanı heç bir halda postmodern deyildi, amma bizim o məşhur tarixi romanlardan da deyildi, burda fəlsəfələr toqquşurdu, düşüncələr toqquşurdu. Amma Azərbaycan ədəbiyyatında “Yarımçıq əlyazma” kimi tarixə subyektiv münasibət əsasında yazılmış monumental bir postmodern roman ortaya çıxdığı halda belə bizim yazıçılarımız hələ də tarixə orijinal münasibət ortaya qoymaqdan çəkinirlər və realizmin vulqar görsənişi burda da qaşımıza çıxır.

 

Cavanşir Yusifli: İsa Hüseynov “Məşhəri” yazanda və əsər çap ediləndə daha çox tarixçilər yazdılar bu romanda yer alan səhvlər barədə. Ancaq tənqidlərin bir elə “xeyri” olmadı, əksinə, məhz bu roman tarixə, ümumən tarixin, gerçəkliyin bədii dərkinin dəyişdirilməsinə bir yol açdı, yaxud açmaq istədi. Ancaq bu da baş tutmadı, çünki müəllif sonralar bu əsərini də dəyişdirdi. Missiya yarımçıq qaldı. Yəni “Qılınc və qələm”, “Dünya qopur”, “Gələcək gün”, “Pərvanə” kimi romanlardan sonra İsa Hüseynovun romanı doğrudan yeni bədii-fəlsəfi paradiqma təklif edirdi. Tənqidçilər bunu anlamadılar. Sonra gəldi Yusifin romanı. “Qətl günü”. Çingiz Hüseynovun “Fətəli Fəthi” romanı və sair. Bu əsərlərin yazıldığı dövrün özü dəyişdi, radikal dəyişikliklərə məruz qaldı, elə hadisələr baş verdi ki, iki dövr arasında bir qırıqlıq yarandı. Yəni o missiyanı davam etdirmək mümkün olmadı. Bilirsiniz, ədəbi təfəkkürdə qırıqlıq yarandıqda onu bərpa və ya kompensasiya etmək olmur. İndi bunun ağrısını yaşayırıq. Mən “Yarımçıq əlyazma”dansa “Unutmağa kimsə yox” romanına üstünlük verərdim. Anacq sənin  sualın: filan şeylər meydana çıxdığı halda belə yazıçılarmız niyə tarixə original münasibət ortaya qoymurlar.. –  bu cür yanaşma düzgün deyil. Yaradıcılıq, o dediyin münasibət də fərdi məsələdir, bunu ümumi kontekstdən ayırıb yazıçı özü etməlidir. “Yarımçıq əlyazma” bir münasibətdir, digərləri yoxdursa, demək söhbət yenə qayıtmalıdır o qırıqlığın üstünə. Ümumiyyətlə, hər hansı əsərin sənətkarlıq xüsusiyyətlərində boşluqlar olduqda bunu epoxa və dövrün gizlinləri, daha doğrusu öhdəsindən gələ bilmədiyimiz işlərlə də əlaqələndirmək lazımdır. Ümumiyyətlə, düz deyirsən, bizdə “ədəbiyyat”, “nəsr”, “tarixi roman” və sair anlayışları birtərəflidir. Kimsə bir roman yazır, güman edir ki, burda belə deyək hökuməti tənqid edib və yenə güman edir ki, bu səbəbdən əsəri gələcəyin malıdır, amma o gələcək bir qayda olaraq gəlmir, dövr bitir, o məziyyətlər ölür və əsər çılpaq qalır, yaxşı əsərlər isə, yuxarıda dediyim kimi, “dəruni strukturu” ilə yaşayır o üzdə olan atmacalarla yox.

 

Bir vaxtlar, yəni sovet dövründə ədəbiyyatşünaslıq dövriyyəsinə “realizm” termini daxil edildikdə klassiklərdən üzü bəri hamını realist elan etmişdilər. Yaxud ümumsovet məkanında “intibah” məsələsi qalxanda bizdə də bunu ciddi cəhdlə axtarmağa başladılar. Ancaq məzmun və ideya planında. Ancaq filologiyanın o səviyyədə olduğu dönəmlərdə yaxşı nəsr əsərləri də yaradılırdı. Yəni, izmlər ədəbiyyata çox az təsir edir. Şekspirin bir sözü var: yazıçı zamana müqavimət göstərən bir fiqurdur, elə izmlərə də.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twelve + eight =