Arif Rəhimzadə: Ulu Öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir

0

“Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız  çox ciddi problemlərlə üz-üzə qalmışdı. O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma bu sahə inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və bu qərarlar nəticəsində Sovet İttifaqından Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr inkişaf etdi. O vaxt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onlar bu iddialardan bir müddət əl çəkdilər”. Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

Millixəbər.az ın məlumatına görə, A.Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev güclü, iradəli şəxsiyyət və müdrik siyasətçi idi: “Lakin Onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları Onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl O, müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da, Heydər Əliyevin rəyi həlledici amil olurdu. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı. Ulu Öndər Heydər Əliyev Özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Heydər Əliyev Öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi, düzgün saymadığı və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkəti etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, Onun qərarlarını və hərəkətlərini hamı üçün anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi.
Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan 1990-cı illərdə əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıtmasının zəruriliyini anlayır, ölkənin qurtuluşunu Onun şəxsiyyəti ilə bağlayırdı. Ulu Öndər Heydər Əliyev nəhəng, uca və müdrik şəxsiyyət idi. Lakin O, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, insanların qəlbinə yol tapırdı, xalqımız Ona böyük hörmət və məhəbbət bəsləyirdi”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen − fifteen =