Şəhid ailələrinə çörək pulsuzdur-HACI

0

Dəyərli dostlar, mən hər zaman millətimin xeyirxah, vicdanlı, qədirbilən olduğu ilə fəxr etmişəm. Çünki, hər gün, hər addımda bunun şahidi oluram. Bu gün isə Nizami rayonu, Nəsimi 42 ünvanında yerləşən “Hacı çörəyi” çörək bişirmə müəssisəsinin qarşısında bir elan diqqətimizi çəkdi. “şəhid ailələrinə çörək pulsuzdur”.

Həqiqətən də bu həm kövrəlməyə səbəb, həm də çox qürurverici haldır. Obyektə yaxınlaşıb sahibi ilə görüşmək istədik. Hacı adı ilə tanınan nurani, sözün əsl mənasında ağsaqqal bir kişi bizi qarşıladı, iş otağına dəvət etdi. Biraz həmsöhbət olduq. Olduqca maraqlı və nurlu insanı siz də tanıyın.

– Hacı, özünüzü qısa da olsa izləyicilərimizə tanıdın zəhmət olmasa…

– Mən Mirzəyev Hacı Zeyqəmağa Qələmmirzə oğlu. Əslən Lerik rayonundanam. Mənim 69 yaşım var. 50 ildir ki, çörəkbişirmə müəssisəsi işlədirəm. 2016-cı il aprel hadisələrindən sonra düşündüm ki, o qədər vətən oğulları bizim üçün, bizi qorumaq üçün canlarından keçdilər. Onların ailələrinə, övladlarına sahib çıxmaq, onlara gücümüz çatan qədər dəstək olmaq da bizim vətəndaş borcumuzdur. Ona görə də belə qərara gəldim ki, şəhid ailələrinə çörəyi pulsuz edim. O zamandan etibarən şəhid ailələrinə çörəyi pulsuz etmişəm. Mən çox istərdim ki, mənim kimi, digər sahibkarlar, yaxud imkanı olan şəxslər də hər kəs imkan daxilində şəhid ailələrinə kömək etsinlər. Onlar bizə Şəhidlərimizin, Vətənin igid oğullarının əmanətidir. Sizdən də çox xahiş edirəm bu məlumatı hər yerdə, hər kəsə paylaşın ki, şəhid ailələri bilsinlər və onlar da bizim onlara etdiyimiz yardımda, bizə köməkçi olsunlar.

– Hacı, bəs gələn şəxsin şəhid ailəsi olduğunu nədən bilirsiniz?

– Onlar bizə şəhid ailəsi olduğunu təsdiq edən sənəd göstərirlər. – Hər gün təqribən neçə ailəni pulsuz çörək ilə təmin edirsiniz?

– Təqribən, orta hesabla 15-20 şəhid ailəsi müraciət edir. Yaxında yaşayanlardır onlar.

– Müəssisənizdə çalışanlar arasında da şəhid ailələri varmı?

– Xeyr, işçilər arasında şəhid ailəsi yoxdur, amma məcburi köçkün ailəsi var. Bəli, dəyərli izləyicilər. Bu cür böyük ürəkli, nur üzlü, xeyirxah insanlar indi də var. Şükürlər olsun ki, var. Necə deyərlər, Ulu öndər Heydər Əliyevin də dediyi kimi:

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!!!

Millixəbər.az

Müəllif: Jalə Asiman

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − six =